Yenə də varlı ölkələr...
20.09.2022 [10:34]
Taxılın bölüşdürülməsində ədalətsizlik
Mübariz FEYİZLİ
2022-ci il 22 iyul tarixində Ukraynanın Qara dəniz limanlarından taxılın təhlükəsiz şəkildə daşınması ilə bağlı BMT-nin və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsi olaraq İstanbulda tarixi razılaşma imzalandı. Sənədi Rusiyanın, Ukraynanın, Türkiyənin və BMT-nin rəsmiləri imzalayıblar. Sənəd özündə müharibə səbəbindən Ukraynada yığılıb qalan milyonlarla ton taxılın qlobal ərzaq bazarlarına çıxardılması ilə bağlı şərtləri ehtiva edir. Müharibə tərəfi olan Ukraynadan taxılın daşınması qlobal ərzaq bazarında yaranan gərginliyi azalda bilərdi. Ancaq belə görünür ki, qlobal ərzaq bazarında təlatümlər hələ uzun müddət davam edəcək. Xüsusilə taxıl pozisiyası üzrə təchizatda yeni narahatlıqlar baş qaldırıb.
Taxıl pozisiyası üzrə gərginlik
Dünya üzrə taxıla olan tələbat artmaqdadır. Belə ki, əgər 2019/2020 marketinq ilində dünya üzrə buğda istehlakı 745 milyon ton olmuşdusa, bu 2020/2021 marketinq ilində 3,5 faiz artaraq 771 milyon ton olub. Gələcəklə bağlı proqnozlar da buğda istehlakının dünya üzrə kəskin artacağını qeyd edir. Belə ki, 2021/2022 marketinq ilində qlobal buğda istehlakının 782 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 1,5 faizlik artım deməkdir.
Qlobal ərzaq bazarında Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan qıtlıq da daha çox taxıl pozisiyası üzrə hiss olunur. Verilən məlumatlara görə, dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır. Müharibədən əvvəlki dövrdə dünya üzrə taxıl ixracının təxminən 30 faizi Rusiya və Ukraynanın payına düşürdü. Müharibə başlayandan sonra vəziyyət dəyişdi. Artan qiymətlər və ərzaq bazarına yaranan təhdidlər fonunda taxıl istehsalçısı olan ayrı-ayrı ölkələr ixraca məhdudiyyətlər tətbiq etməyə başladılar. Afrika və Asiyanın çoxlu sayda kasıb ölkəsi taxıla olan tələbatlarını müharibənin digər tərəfi olan Ukraynadan idxal hesabına ödəyirdi. Müharibə səbəbindən bu ölkədən 7 milyon ton buğda, 14 milyon ton qarğıdalı dəni, 3 milyon ton günəbaxan yağı, 3 milyon ton günəbaxan şrotu dünya bazarına çatdırılmayıb. Dünya taxıl həsrətində qaldığı bir dövrdə Ukraynadakı anbarlarda yığılıb qalan taxılın daşınması müşkülə çevrilmişdi. Qara dənizin Ukrayna sahillərindəki limanlarından yük gəmilərinin hərəkəti təhlükəsizlik nöqteyi-nəzərindən mümkün deyildi.
Tarixi taxıl sazişi
Tarixi taxıl sazişi müqavilədə göstərilən liman obyektlərinə hücumlardan imtinanı özündə ehtiva edir. Sazişdə deyilir ki, tərəflər sənədin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər. Sənədə əsasən, ilk növbədə, Birgə Koordinasiya Mərkəzi formalaşdırılıb, yoxlamalar aparmaq üçün qruplar yaradılıb.
BMT-nin nümayəndəsi İstanbulda imzalanan taxıl müqaviləsinin müddətinin uzadılma ehtimalı ilə 120 gün olduğunu diqqətə çatdırıb. Razılaşmaya əsasən, Ukraynanın 3 limanından təhlükəsiz dəhlizlər vasitəsilə ayda təxminən 5 milyon ton taxıl ixrac etmək nəzərdə tutulub. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində taxıl ixracını həyata keçirən gəmilərin monitorinqində iştirak edirlər.
Harada aş, orada baş
İyulun son ongünlüyündə İstanbulda tarixi taxıl sazişi imzalandıqdan sonra daş yerindən tərpəndi. Belə ki, taxıl yüklənmiş gəmilər Ukrayna limanlarından hərəkətə başladılar. Dünya ümidlənmişdi. Bu da səbəbsiz deyil. Ukraynanın anbarlarında böyük həcmlərdə taxıl ehtiyatları var. Ukraynanın aqrar siyasət naziri Nikolay Solskinin KİV-ə verdiyi məlumata əsasən ölkənin ixrac potensialını reallaşdırması üçün taxıl dəhlizinin ən azı bir il fasiləsiz işləməsi lazımdır. Nazir bildirib ki, bu müddətdə bombardman və digər səbəblərdən dəhlizin işi pozulmasa, Ukraynanın keçən mövsümdən qalan, həmçinin builki mövsümdə toplanan kənd təsərrüfatı məhsullarının ixracını tam reallaşdırmaq mümkün olacaq: “1 iyul vəziyyətinə bizim ixrac olunası 22 milyon ton taxılımız vardı. Sonra yeni məhsulun yığımı başlandı. Bugünkü günə qədər (6 sentyabr-red.) biz proqnozlaşdırdığımız 67 milyon ton taxılın 26 milyon tonunu yığmışıq. Bu həcmi ixrac etmək üçün razılaşmada iştirak edən bütün tərəflərin dəstəyi ilə hər hansı mühasirə, limanların bombalanması olmadan bir il ərzində yüklənmə həyata keçirilməlidir”.
Ukraynalı nazirin açıqlamasından da bəlli olduğu kimi, bu ölkədəki taxıl həcmlərini ərzaq bazarlarına çıxartmaqla qlobal miqyasda taxıl ajiotajını səngitmək mümkündür. Ancaq məsələ burasındadır ki, Ukraynadan daşınan taxılın bölüşdürülməsində ədalətsizliyə yol verilir. Belə ki, taxıl bu qiymətli ərzaq məhsuluna daha kəskin ehtiyac duyulan məkanlara deyil, daha çox ehtiyatlar toplamaq qayğısına qalan varlı ölkələrə ünvanlanır. Ukraynadan daşınan taxılın bölüşdürülməsində qeyri-bərabərliyə yol verildiyi BMT-nin məlumatından da bəlli olur. Birləşmiş Millətlər Təşkilatından CNN-ə verilən açıqlamada məlum taxıl sazişi çərçivəsində taxıl və digər ərzaq məhsullarının təxminən 30%-nin aşağı və aşağı orta gəlirli ölkələrə daşındığı məlum olur. Belə ki, ixracın 10%-i Misirin, 5%-i İranın, 4%-i Hindistanın, 3%-i Sudanın, 2%-i Yəmənin, 2%-i Keniyanın, 1%-i Somalinin, 1%-i Cibutinin və 1% -dən azı Livanın payına düşüb. Bunlar Dünya Bankının aşağı və ya aşağı orta gəlirli ölkələr kimi təsnif etdiyi ölkələrdir. Dünya Bankının yuxarı-orta və ya yüksək gəlirli ölkələr kimi təsnif etdiyi ölkələrə isə Ukraynadan taxıl ixracı faizi belədir: Türkiyə 20%, İspaniya 15%, Çin 7%, İtaliya 7%, Cənubi Koreya 6%, Hollandiya 5%, Rumıniya 4%, Almaniya 3%, İsrail 2%, İrlandiya 1%, Fransa 1%, Yunanıstan və Bolqarıstan 1% -dən az.
Fərq, ədalətsizlik göz önündədir. Varlı ölkələr bu dəfə də, Azərbaycanın məşhur zərb-məsəlində deyildiyi kimi, harada aş, orada başdırlar.
Tarixi taxıl sazişi təhlükə qarşısında
Beləliklə, tarixi taxıl sazişi təhlükə qarşısındadır. Rusiya Prezidenti V.Putin bu günlərdə baş tutan Şərq İqtisadi Forumunda sazişin pozulma ehtimallarından danışıb. O bildirib ki, indiyədək Ukraynadan dəhlizlə çıxarılan aqrar məhsulların yalnız 3 faizi kasıb ölkələrə göndərilib. Buna görə də Rusiya Prezidenti dəhlizlə hərəkət edən yüklü gəmilərin marşrutuna məhdudiyyət tətbiq olunmasını mümkün sayır: “Ehtiyaclı ölkələrə kömək edən BMT Ərzaq Proqramının məlumatına əsasən, indiyədək Ukraynadan məhsul daşıyan 87 gəmidən yalnız ikisi kasıb ölkələrə gedib. Onlarda indiyədək dəhlizlə daşınan 2 milyon ton ərzaq məhsulunun yalnız 3 faizi - 60 min tonu olub”.
Fikirlərinə davam edən Rusiya Prezidenti tarixi İstanbul sazişinin imzalanmasında vasitəçi olan Türkiyənin dövlət başçısı ilə məsləhətləşmələrə ehtiyac yarandığını diqqətə çatdırıb. “Təəssüf ki, bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyası daha da artacaq. Bu, görünməmiş humanitar fəlakətə səbəb ola bilər. Bəlkə, bu marşrutla taxıl və ərzaq ixracını məhdudlaşdırmaq barədə düşünməyə dəyər? Bu barədə mütləq Türkiyə Prezidenti cənab Ərdoğanla məsləhətləşəcəyəm”, - deyə V.Putin vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısının ifadə etdiyi fikirlərə razılığını bildirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Ərdoğanın sözlərinə görə, Afrika ölkələrinə taxıl nəzərdə tutulduğu qədər çatdırılmır: “Cənab Putin düz deyir ki, taxıl dəhliz vasitəsilə kasıb ölkələrə yox, əsasən inkişaf etmiş ölkələrə çatdırılır”.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da taxıl sazişi ilə bağlı narahatlığını bildirib. “İndi yox, lakin noyabrda, razılaşmanın başa çatdığı vaxtda biz Rusiyanın ondan imtina etmək və onu pozmaq səylərini görəcəyik. Bu məqsədlə biz artıq bu razılaşmanın vasitəçiləri kimi BMT, həmçinin Türkiyə kimi əsas oyunçularla, bizim kənd təsərrüfatı məhsullarımızı qəbul edən ölkələrlə işləyirik ki, bu gecikmə baş verməsin”, - deyə Kuleba bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

