Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Milli həmrəylik nümunəsi

Milli həmrəylik nümunəsi

18.09.2012 [17:14]

İqtidar və müxalifət partiyaları milli maraqlar ətrafında vahid mövqedən çıxış etdilər
Məlum olduğu kimi, Avropa Parlamentinin Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxması ilə əlaqədar qəbul etdiyi qeyri-obyektiv sənəd cəmiyyətimizdə ciddi narazılıqla qarşılanıb. Öz növbəsində hakim Yeni Azərbaycan Partiyası (YAP) bu hadisəyə dərhal reaksiya verib. Belə ki, YAP ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalara müraciət edərək, onları məsələyə münasibət bildirməyə, qəbul olunmuş qərarla əlaqədar Avropa Parlamentinə birgə etiraz müraciəti ünvanlamağa çağırıb. İqtidaryönümlü və müxalifət mövqeyindən asılı olmayaraq bir çox partiyalar bu çağırışa səs verərək onu dəstəkləyiblər. Beləliklə, bu həmrəyliyi nümayiş etdirmək üçün sentyabrın 14-də iqtidaryönümlü və müxalifət partiyalarının nümayəndələri Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında toplaşaraq, Avropa Parlamentinə etiraz müraciəti imzalayıblar. Bu fakt isə ümummilli məsələlərdə birlik və həmrəyliyin nə qədər zəruri olduğunu bir daha təsdiqləyib.
Azərbaycanda demokratik əsaslarla ciddi siyasi sistem formalaşıb
Ümumiyyətlə, hər hansı cəmiyyətin sistemi o vaxt güclü olur ki, həmin cəmiyyət kənardan və sistemin içərisindən daxil olan dağıdıcı impulslara qarşı dayanıqlı olsun. Uzun illər ərzində hər nə qədər müxtəlif aspektlərdən şərh olsa da, son hadisələr göstərdi ki, ölkəmizdə milli məsələlərdə iqtidarla müxalifət partiyaları birləşməyi bacarır. Heç şübhəsiz, bu Azərbaycan siyasi sisteminin müasir səviyyədə təşkilatlanmasının sübutu olmaqla bərabər həm də, cəmiyyətdaxili demokratik institutlaşmanın da keyfiyyətinin göstəricisidir. Və sevindirici haldır ki, bu keyfiyyət ilkin mərhələdə qaneedicidir. Əslində, Avropa Parlamentinin Ramil Səfərovun işi ilə bağlı qəbul etdiyi qətnaməyə qarşı bu cür güclü milli birliyin iradəsi ilə diqtə olunan etiraz müraciətinin göndərilməsi ümumilikdə Azərbaycan xalqının qələbəsidir. Bu eyni zamanda, Avropa Parlamentinə ciddi mesajdır. Yəni Avropa bilməlidir ki, sabitləşmiş siyasi sistemi olan bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da milli maraqları qoruyacaq vahid siyasi sistem mövcuddur.
Beləliklə, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alıb. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin inkişafını təmin edən başlıca amil isə mütəmadi surətdə islahatlarının həyata keçirilməsidir. Ölkəmizdə daxili ictimai-siyasi proseslərə müxtəlif yanaşmaların olması bu baxımdan məntiqlidir. Əlbəttə ki, ölkə daxilində ictimai-siyasi proseslərlə bağlı fərqli fikirlərin və mövqelərin olması təbiidir. Bu amil hər bir ölkədə olduğu kimi, demokratiyanın, fikir plüralizminin aydın göstəricisidir. Daxili siyasətlə bağlı ən müxtəlif məsələlərdə fərqli mövqe ortaya qoyula bilər, amma ümummilli maraqların müdafiəsi məqamında isə bu mövqelər birləşir.
Bu hadisə Ermənistana və ermənipərəst dairələrə mesajdır
Bu gün Azərbaycanın sürətlə inkişaf etməsi, müstəqil siyasət yürütməsi bütün beynəlxalq aləmin də qəbul etdiyi reallıqdır. Təbii ki, bu inkişafımıza sevinən dostlarımız çox olsa da, bunu həzm edə bilməyən xarici qüvvələr də az deyil. Bu qüvvələr başda işğalçı Ermənistan olmaqla, dünyadakı erməni lobbisi və bölgədə maraqları olan bəzi beynəlxalq güclərdən ibarətdir. Həmin qüvvələr hər zaman ölkəmizdə problemlərin yaranmasında maraqlıdır. Eyni zamanda, onlar dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar, hər vəchlə inkişafımızın qarşısını almağa cəhd göstərirlər. Əsas məqsəd isə, Dağlıq Qarabağ probleminin həllindən diqqəti yayındırmaq və bu münaqişəni uzun müddət həll edilməmiş şəkildə saxlamaqdır. Çünki dünya erməniliyi Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvonu saxlamaq istəyir ki, bununla da heç cür razılaşmaq mümkün deyil.
Ona görə də, bu qüvvələr imkan olan kimi Azərbaycana arxadan zərbə vurmuğa çalışırlar. Ramil Səfərovun azadlığa çıxması ilə əlaqədar onların təşkil etdiyi “şou” buna misaldır. Amma bu məsələdə bütün xalqımız həmrəylik nümayiş etdirir. Görünən odur ki, ümummilli məsələlərdə həmin dairələr cəmiyyətimizdə parçalanma yaratmaq iqtidarında ola bilməz. Heç kəs fikirləşməsin ki, milli məsələlərdə bu və digər vasitələrlə, o cümlədən, ayrı-ayrı marginal qruplar vasitəsilə Azərbaycan xalqının siyasi iradəsinə təzyiq etmək olar. Bu, əsla mümkün deyil və son hadisə də bunu bir daha təsdiqlədi. Hakim Yeni Azərbaycan Partiyasının çağırışı ilə iqtidaryönlü və müxalifət partiyaları bir araya gələrək böyük həmrəylik nümayiş etdirdilər. Bu, bütün dünyanın gözü qarşısında baş verib və təbii ki, bədnam xarici qüvvələr bundan çox məyus olmaqdadır. Təbii ki, onların məyusluğu davamlı olacaq.
Təəssüf ki, bəzi hallarda məsələ ayrı-ayrı şəxslər tərəfindən düzgün qarşılanmır
Yəni, sentyabrın 14-də YAP-ın çağırışı ilə bir sıra partiyaların bir araya gəlməsinin mahiyyəti bundan ibarətdir ki, iqtidarla müxalifət milli məsələlər ətrafında birləşməyi bacarır. Çünki Ramil Səfərovun adı Dağlıq Qarabağ problemilə assosiasiya olunur. Belə münasibət Dağlıq Qarabağ probleminə münasibət kriteriyası kimi qəbul edilir. Bu barədə cəmiyyətimizdə dəfələrlə fikirlər səslənib və Macarıstanda baş verən hadisənin kökündə də ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qalması dayanır.
Amma təəssüflər olsun ki, ayrı-ayrı insanlar bu məsələyə münasibətdə həddindən artıq emosionallıq nümayiş etdirir və vətəndaşlıq mövqeyindən çıxış etmirlər. Həmin insanlar məsələnin mahiyyətini bir kənara qoyaraq onun texniki tərəflərinə daha çox diqqət ayırırlar. Hesab edirik ki, bu o qədər yaxşı hal deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, milli maraqlarımızı müdafiə etmək üçün artıq Azərbaycan cəmiyyətində heç də az təsadüf olmayan belə hallardan biri baş verdi. Çünki 2009-cu ildə anoloji hal baş vermişdi və iqtidar və müxalifət partiyaları bir araya gəlmişdilər. Bunun cəmiyyətdə ənənə halına gəlməsi isə Azərbaycanın düşmənlərinə, xarici qüvvələrə, antiAzərbaycançı mərkəzlərə güclü bir mesajdır. Amma bir daha qeyd edək ki, burada məsələnin texniki tərəflərini qabardaraq bu prosesə kölgə salmaq doğru deyil. Yəni bunun məsələnin mahiyyətinə dəxli yoxdur və belə görüşlərin əhəmiyyətinə ziyan gətirə bilməz.
Diqqət yetirək, sentyabrın 14-də YAP-ın mərkəzi qərargahında partiyaların bir araya gəlməsini tənqid edənlərin arqumentləri əsasən aşağıdakılardan ibarətdir: Bu toplantı neytral bir yerdə keçirilsə yaxşı olardı; niyə YAP təmsilçiləri dəyirmi masa ətrafında yox, yuxarıda əyləşmişdi və s.
Düzü bu arqumentlərə heç bir halda haqq qazandırmaq mümkün deyil. Çünki burada ümummilli məsələlərin müzakirəsi gedir. Belə görüşlər əlbəttə ki, bu gün iqtidar partiyasının ofisində keçirilə bilər, sabah isə başqa siyasi təşkilatların qərargahında. Bu toplantıda kimin harda oturmasının da heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, əslində, həmin toplantıda vəziyyət heç də iddia edildiyi kimi olmayıb. Belə ki, tədbir iştirakçıları iclas zalına yığışdıqdan sonra YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov onların hər biri ilə görüşüb və toplantı işirakçıları ilə üzbə-üz oturmaq istəyini ifadə edib. Amma məhz tədbirə toplaşanlar Əli Əhmədovun harada əyləşməsinin fərqi olmadığını deyərək ev sahibi kimi onun masanın yuxarı hissəsində əyləşib, bu görüşün məqsədləri ilə bağlı fikirlərini bildirməyi zəruri hesab ediblər. YAP Sədrinin müavini belə bir həmrəyliyin zəruriliyindən bəhs edib. Yəni toplantı iştirakçıları da bildiriblər ki, söhbət ümummilli məsələdən gedir. Belə olan halda kimin harada oturmasını və tədbirin harada keçirilməsini qabartmaq normal yanaşma deyil. Çünki bu reaksiya ümummilli məsələlərlə uzlaşmır. Əminik ki, bundan sonra da Azərbaycan cəmiyyətində, o cümlədən, müxalif siyasi partiyalarda da həmin toplantıda ifadə olunan həmrəyliyin əhəmiyyəti yüksək qiymətləndiriləcək. Məsələyə yanaşma məhz bu cür olacaq və texniki məsələlər şişirdilməyəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1246 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30