Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağdaş rayon təşkilatı partiyanın ideyalarına əsaslanaraq fəaliyyətini gücləndirir

YAP Ağdaş rayon təşkilatı partiyanın ideyalarına əsaslanaraq fəaliyyətini gücləndirir

16.11.2012 [00:09]

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Ağdaş rayon təşkilatıdır
Təsis olunma tarixi - 29 yanvar 1995-ci il
Təşkilatın sədri - Cavid Osmanov
İlk partiya təşkilatlarının sayı - 77
İdarə Heyəti - 17 nəfər
Şura üzvləri - 35 nəfər
Nəzarət-Təftiş Qrupu - 5 nəfər
Partiya üzvlərinin sayı - 15 min 27 nəfər
Qadınların sayı - 7702 nəfər
Gənclərin sayı - 6462 nəfər
2012-ci ilin 10 ayı ərzində partiya sıralarına qəbul olunub - 2200 nəfər
Aparatın işçiləri - 11 nəfər
Yeni Azərbaycan Partiyasının ən böyük yerli strukturlarından biri də Ağdaş rayon təşkilatıdır. Rayon təşkilatının yaradılmasına 1992-93-cü illərdə müəyyən cəhdlər göstərilsə də, rəsmən 1995-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. 17 il əvvəl 61 nəfərlə təsis konfransına yığışan rayon təşkilatı bu gün 15 min 27 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların da 7702 nəfərini (51,3 faiz) qadınlar, 6462 nəfərini isə (43 faiz) gənclər təşkil edir. Hazırda rayon təşkilatının ətrafında 77 ərazi ilk partiya təşkilatı yaradılıb.
YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov bildirir ki, 20 il öncə partiyamızın yaranması tarixi hadisədir. Onun sözlərinə görə, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soy-kökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer verib. Təsadüfi deyil ki, Azərbaycanın siyasi səhnəsinə qədəm qoyarkən Yeni Azərbaycan Partiyasının ən başlıca şüarı “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı olub. “Məmnunluq hissi ilə qeyd edə bilərəm ki, bu şüarda səslənən müddəalar faktiki olaraq həyata keçirilib. Bazar iqtisadiyyatına aparan köklü iqtisadi islahatlar, hüquqi dövlətin yaranmasına xidmət edən hüquqi islahatlar, demokratik cəmiyyətə rəvac verən siyasi islahatlar aparılıb, qüdrətli ordu yaradılıb. Bir sözlə, yeni, müstəqil Azərbaycan dövləti qurulub, onun istiqlalının dönməzliyi təmin edilib. Qədirbilən xalqımız şah əsəri müstəqil Azərbaycan dövləti olan Ümummilli liderimiz Heydər Əliyevin bu xidmətlərini heç vaxt unutmayacaq” - deyə, təşkilat sədri bildirir.
Təşkilat ideya-təbliğat işlərini daim diqqətdə saxlayır
C.Osmanov deyir ki, YAP Ağdaş rayon təşkilatı öz işini partiyanın ideya və prinsipləri əsasında qurub. Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş rayon təşkilatı aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılır. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında birləşən partiya üzvlərinin hər birinin partiyanın və iqtidarın həyata keçirdiyi tədbirlərin əsl təbliğatçıları olmaları üçün rayon təşkilatı aparatında tədbirlər müəyyənləşdirilib, ərazi ilk partiya təşkilatlarında həmin ərazidə yaşayan ziyalılardan ibarət təbliğat qrupları yaradılıb.
C.Osmanov bildirib ki, respublikanın digər rayonlarında geniş vüsət alan inkişaf Ağdaşdan da yan keçməyib. Son bir neçə il ərzində rayonda müxtəlif obyekt və müəssisələr tikilərək istifadəyə verilib. Habil Əliyev adına Musiqi məktəbi, Olimpiya İdman Kompleksi, əzəmətli və müasir üslubda tikilərək istifadəyə verilən Mərkəzi Rayon Xəstəxanasının yeni binası və s. görülmüş misilsiz işlərə nümunədir. “Ən təqdirəlayiq hal isə odur ki, ölkə Prezidenti cənab İlham Əliyev bu və digər obyektlərin açılışında şəxsən iştirak edib. Ölkə başçısının son 7 ildə Ağdaşa 3 dəfə səfər etməsi rayonumuza göstərilən xüsusi diqqət-qayğının təcəssümüdür. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Ağdaş rayonuna etdiyi tarixi səfərlər rayonumuzun sakinlərində nikbin ovqat, yüksək əhval-ruhiyyə yaradıb, onların qurmaq, yaratmaq əzmini daha da artırıb. Bu gün möhtərəm Prezidentimizin tapşırığına əsasən magistral yolların qovşağında yerləşən Ağdaş yenidən böyük tikinti meydanına çevrilib. Rayon ərazisində tikintisi davam etdirilən obyektlərdən biri də YAP Ağdaş rayon təşkilatı üçün inşa olunan və müasir standartlara cavab verən inzibati binadır” - deyə, C.Osmanov qeyd edib.
Təşkilat sədri deyir ki, 20 illik yubileyini qeyd edən partiyamız təkcə bu günlə yox, həm də daha çox gələcəklə yaşayır. Onun sözlərinə görə, partiyamızın bu günü fəal quruculuq, xalqa xidmət qayğılarından və regionların sosial-iqtisadi inkişafından ibarətdir.
Təşkilatın qərargahında aparat işçiləri üçün normal şərait mövcuddur
YAP Ağdaş rayon təşkilatı hazırda ümumi sahəsi 414 kv.metr olan ikimərtəbəli binada yerləşir. Rayon təşkilatının inzibati binası əsaslı təmir edilib, müasir mebel və avadanlıqlarla təmin olunub. Eyni zamanda, rayon təşkilatının sədri, Aparat rəhbəri, təlimatçılar, arxiv, Gənclər Birliyi və Qadınlar Şurası üçün iş otaqları var. Burada Heydər Əliyev adına İdeoloji Mərkəz fəaliyyət göstərir. Heydər Əliyev adına İdeoloji Mərkəzdə Ulu öndərimiz Heydər Əliyevin və partiyamızın Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağdaş rayonuna səfərlərini əks etdirən stendlər hazırlanıb.
Təşkilatın aparatında isə 11 işçi fəaliyyət göstərir. Aparat rəhbəri İsa Eminov deyir ki, partiyanın Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək öz işlərini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qururlar. Aparat tərəfindən hər ay İdarə Heyətinin yığıncaqlarının keçirilməsi təmin olunur ki, burada ərazi ilk partiya təşkilatlarında partiya sıralarına qəbul, yaşayış yerini dəyişməsi və s. ilə əlaqədar partiya üzvlərinin yerdəyişmələri, uçot işlərinin qaydaya salınması, qarşıya çıxan problemlərin həlli ilə bağlı, eləcə də, digər cari məsələlər barədə müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilir.
Onun sözlərinə görə, hər ay ənənəvi olaraq rayon təşkilatının Aparat rəhbərinin sədrliyi ilə ərazi ilk partiya təşkilatı sədrlərinin seminar-müşavirələri təşkil edilir, ilk partiya təşkilatlarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilir. Fərqlənən ərazi ilk partiya təşkilatı sədrlərinin işi öyrənilərək keçirilən seminar-müşavirələrdə müzakirə olunur, onların iş təcrübəsinin digər ərazi ilk partiya təşkilat sədrləri tərəfindən öyrənilməsi təmin edilir.
“YAP Ağdaş rayon təşkilatının rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi tədbirlər isə ölkədə və rayonda aparılan quruculuq-abadlıq işlərinin geniş təbliğinə xidmət edir. Görülən müsbət işlərin nəticəsidir ki, rayonda Yeni Azərbaycan Partiyasına insanların, xüsusən də gənclərin axını dinamik şəkildə artıb. Belə ki, 2012-ci ilin 10 ayı ərzində partiyaya qəbul olunmaq üçün ərazi ilk partiya təşkilatlarından 2200 nəfərin sənədləri aparatda qəbul olunub, İdarə Heyətinin iclaslarında təsdiq olunduqdan sonra vəsiqə alınması üçün partiyanın Mərkəzi Aparatına təqdim edilib. Onlardan 1142 nəfərini qadınlar, 1211 nəfərini isə gənclər təşkil edir. Partiya sıralarına qəbul zamanı namizədlərin seçilməsinə ərazi ilk partiya təşkilatlarında ciddi fikir verilib, bu zaman onların fəaliyyəti ciddi təhlil olunub. Partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələrinin Ümummilli liderimizin adını daşıyan Mərkəzdə, eyni zamanda, ərazi ilk partiya təşkilatlarında təntənəli şəkildə təqdim edilməsi ilə bağlı tədbirlər keçirilib” - deyə, aparat rəhbəri bildirib.
Tənzilə Şıxıyeva: Qadınlar ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər
Qeyd edək ki, Ağdaş rayonunun əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. Elə buna görə də, YAP rayon təşkilatının Qadınlar Şurasının fəaliyyətində bu amil ciddi şəkildə nəzərə alınır. Şuranın sədri Tənzilə Şıxıyeva deyir ki, hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu mənada qadınlar istər rayonun ictimai-siyasi həyatında, istərsə də iqtisadiyyatının inkişaf etdirilməsində fəal rol oynayırlar. Harada çalışmalarından asılı olmayaraq, qadınlarımızın bir amalı var: “Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi üçün möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşmək, respublikamızın, eləcə də, rayonumuzun daha da inkişaf edib çiçəklənməsi və gözəlləşməsi üçün səylə çalışmaq!”.
T.Şıxıyeva qeyd edir ki, təşkilatın Qadınlar Şurasının iş planı ilin əvvəlindən tutulur və həyata keçirilməyə başlanır. Məqsədlərdən biri də rayon ərazisində yaşayan hər bir qadınla ünsiyyət qurmaq, onların problemləri ilə maraqlanmaq və həllinə dəstək olmaqdır. Təşkilata üzv olan qadınlar Ağdaşdakı ictimai-siyasi və sosial proseslərdə yaxından iştirak edir və ümumi işə öz töhfəsini verirlər. Qadınlar Şurasının əsas fəaliyyəti rayon qadınlarının ictimai-siyasi aktivliyinin artırılması olduğundan rayonda tez-tez görüşlər keçirilir, münasibətlər qurulur. Təşkilatın fəaliyyətində qadınların fəallığı, onların ictimai-siyasi proseslərə cəlb edilməsi xüsusi yer tutur. “Təşkilatımızın üzvü olan 7702 nəfər qadının əksəriyyəti təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin işçiləridir. Buna görə də, Qadınlar Şurasının fəaliyyətinin əsas istiqamətini bu sahələrdə çalışan qadınların problemlərinin həlli təşkil edir. Həyata keçirilən bir sıra tədbirlər nəticəsində təşkilatın Qadınlar Şurasının fəaliyyəti canlanıb, qadınlarla aparılan iş gücləndirilib, tədbirlərin sayı çoxalıb, keçirilən tədbirlərdə qadınların iştirakı nəzərə çarpacaq dərəcədə artıb. Milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən partiya üzvü olan qadınlarımız bu gün də öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar” - deyə, şura sədri vurğulayır.
Gənclər sosial şəbəkələrdə fəaldır
Qeyd olunan fəallıq təşkilatın gənclərində də özünü göstərir. YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradovun sözlərinə görə, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. “Yaranmasının 20-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz partiyamızın ən böyük yerli strukturlarından biri olan Ağdaş rayon təşkilatında bu gün 6462 nəfər gənc birləşib ki, bu da üzvlərimizin 43 faizi deməkdir. Gənclər Birliyi mütəmadi olaraq çoxsaylı tədbir və müxtəlif mövzularda dəyirmi masalar təşkil edir, gənclər, həmçinin, yeniyetmələr arasında bir sıra maarifləndirmə işləri aparır. XXI əsr internet əsri adlandırılır və istəməsək belə dövrün tələbi ilə internet və sosial şəbəkələr bizim həyatımıza sirayət edir. Bu internet resurs və sosial şəbəkələrdən isə müxtəlif məqsədlərlə istifadə etmək mümkündür. YAP Ağdaş rayon təşkilatının Gənclər Birliyi olaraq bizim məqsədimiz sıralarımızda olan gənclərin və eyni zamanda, yetişən gənc nəslin bu vasitələrdən səmərəli şəkildə istifadə etməsidir. Məhz bu məqsədlə təşkilatımız bir sıra əməli işlər həyata keçirib. Belə ki, təşkilatımız ən böyük sosial şəbəkə olan facebook-da “Ağdaş Gəncləri” qrupu və “YAP Ağdaş Gənclər Birliyi” adlı səhifə yaradaraq yüzlərlə gənci öz ətrafında cəmləşdirib, burada Yeni Azərbaycan Partiyasının uğurlarından söhbət açır, müxtəlif diskussiyalar keçirirlər. Həmin şəbəkədə yaradılmış “Azərbaycan 2013: Qələbə” qrupunda gənclərimiz mövzular ətrafında da rəy bildirirlər” - deyə, A.Şahmuradov qeyd edir.
Bundan əlavə, Gənclər Birliyi gənclər və yeniyetmələr arasında vaxtaşırı olaraq müxtəlif mövzularda inşa-yazı müsabiqələri də təşkil edir. Bitərəf gəncləri əhatə dairəsinə salmaq üçün təşkilat daim təbliğati işlər həyata keçirir. Bütün bu işlərdə yeganə məqsəd yetişən gənc nəslin torpağa, Vətənə layiqli şəxslər kimi formalaşmasına və partiyamızın ətrafında daha sıx birləşməsinə xidmət etməkdir. Həmçinin, təşkilatın sıralarında olan fəal gənclərin Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Yay məktəbi” layihəsində iştirakı da təmin edilir.
İlk təşkilatların da işi sistemli şəkildə qurulub
İlk təşkilatlar da burada aktiv fəaliyyət göstərirlər. Təhsil ilk partiya təşkilatı YAP Ağdaş rayon təşkilatının ən böyük ərazi təşkilatıdır. Bu ilk partiya təşkilatı sıralarında 1169 nəfəri cəmləşdirir ki, onların da 87 faizi ali və orta ixtisas təhsilli pedaqoji kadrlardır. İlk təşkilatın sədri Afət Ramazanova deyir ki, rəhbərlik etdiyi qurum öz işini illik iş planına uyğun qurur: “Belə ki, hər bir tarixi və əlamətdar günlər ilk partiya təşkilatında geniş şəkildə qeyd olunur. Təhsil sahəsində çalışan kadrları özündə birləşdirən bu ilk partiya təşkilatı işini hər zaman YAP Ağdaş rayon təşkilatı aparatının tövsiyələri əsasında qurur. Üzvlərimiz rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkədə keçirilən hər bir seçkidə yaxından iştirak edən üzvlərimiz yekdilliklə partiyamızı dəstəkləyib və Ulu öndər Heydər Əliyevin siyasi kursunu bəyəndiklərini dəfələrlə nümayiş etdiriblər. İlk partiya təşkilatımız rayonun ziyalı bir təbəqəsini özündə birləşdirir. Ziyalı şəxslər isə öz ömürlərini millətin, cəmiyyətin firavan gələcəyinə həsr edirlər. Azərbaycan xalqına firavanlığı, xoş günləri isə bizim də qürurla üzvü olduğumuz Yeni Azərbaycan Partiyası bəxş edib. Üzvlərimiz hər zaman olduğu kimi bundan sonra da partiyamıza, onun Sədri İlham Əliyevə yekdilliklə dəstək olacaq, bu işdə əllərindən gələni əsirgəməyəcəklər”.
Təlimatçılar öz işlərini əlaqələndirirlər
Rayon təşkilatının aparatında çalışan təlimatçılar da öz işlərinin öhdəsindən lazımi səviyyədə gəlir. Baş təlimatçı Rəhman Rəhimov söyləyir ki, aparatda çalışan hər bir təlimatçı gündəlik iş fəaliyyətini təhkim olunduğu ərazi ilk partiya təşkilatı sədrləri ilə əlaqə saxlamaqla başlayır. Onun sözlərinə görə, rayon təşkilatının aparatında ərazi ilk partiya təşkilatı sədrləri ilə iş günləri təyin olunub: “Həmin günlərdə ilk partiya təşkilatı sədrləri ilə görüşür, aparat rəhbəri tərəfindən verilən tövsiyə və tapşırıqları onlara çatdırır, partiya sıralarına yeni qəbul olunmuş yeni üzvlərin sənədlərini və digər lazımi sənədləri onlardan qəbul edirik. Mütəmadi olaraq ərazi ilk partiya təşkilatlarında olur, yerlərdə keçirilən tədbirlərdə iştirak edir və yerli partiya fəalları ilə müntəzəm əlaqə saxlayırıq”.
Təlimatçı Emil Əzizov isə deyir ki, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi maarifləndirici layihələr yüksək qiymətə layiqdir. Onun fikrincə, partiyamızın həyata keçirdiyi layihələr gənclər tərəfindən rəğbətlə qarşılanır: “Partiyamız gənclər siyasətinə böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün sosial və iqtisadi vəzifələr uğurla həyata keçirilir, respublikamız dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına çıxıb”.
Digər təlimatçı Müşfiq Əzməmmədov isə qeyd edir ki, 20 ildir xalqın xidmətində olan bir partiyaya - Yeni Azərbaycan Partiyasına üzv olmaq qürurverici bir haldır: “Partiyamız, onun Sədri cənab Prezidentimiz İlham Əliyev xalqımızın nurlu gələcəyi naminə var gücü ilə çalışır. Biz də bu müqəddəs işdə hər zaman Prezidentimizin yanındayıq”.
Pərviz Əhmədov da həmkarlarının fikirlərini dəstəkləyir. Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Yeni Azərbaycan Partiyasını - doğma partiyamızı yaradarkən onun həqiqətən də dünənin, bu günün və gələcəyin partiyası olacağına inanırdı: “Hazırda hər bir partiya üzvünün qarşısında duran ən ümdə vəzifələrdən biri də Heydər Əliyev ideyalarına, Onun adını uca tutan partiyamızın Sədri cənab İlham Əliyevə, Prezidentimizin yeritdiyi siyasətə, doğma Vətənimizə sədaqətlə xidmət etməkdir”.
Təlimatçı Elnur İmranlı isə bildirir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına dönməz müstəqillik, davamlı inkişaf bəxş edən bir siyasi təşkilatdır: “Mən də Ulu öndərimizin qurucusu olduğu bu partiyaya üzv olmağımla, rayon təşkilatının aparatında işləməyimlə fəxr edirəm”.
Ümumiyyətlə, YAP Ağdaş rayon təşkilatı özünün səmərəli fəaliyyəti ilə partiyamızın 20 illik yubileyinə töhfələr verməyə çalışır. Təşkilat fəalları hesab edirlər ki, möhkəm əqidə, dövlətə layiqli xidmət partiyanın 20 illiyinə ən böyük xidmətdir.
www.yap.org.az

Paylaş:
Baxılıb: 1234 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30