Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Sizin sözünüzü gözləyir

Azərbaycan Sizin sözünüzü gözləyir

21.11.2012 [17:48]

(Azərbaycan ziyalılarının Ulu öndər Heydər Əliyevə müraciəti)
Möhtərəm Heydər bəy!
Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir.
Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribəsi bundadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir.
Dünənə kimi küçə, meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar görünür, demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra şərq ölkələrindən qovulmuş Qərb inhisarları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir.
Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı, yüksək ixtisaslı kadrlar tərk edir. Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır.
Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi, respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir.
Xalqımıza qarşı törədilən ən böyük dəhşətli cinayətləri- 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlər hələ cəzalarına çatmayıblar. Axırı görünməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında, sözün əsl mənasında, geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur.
Möhtərəm Heydər bəy!
İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar.
Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.
Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq, hələ Baltik respublikalarında belə qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz.
Heydər bəy!
Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.
Hörmət və ehtiramla:
Azərbaycan Respublikası EA-nın akademikləri – Ziya Bünyadov, Fərəməz Maqsudov,
Heykəltəraşlıq Akademiyasının akademiki – Ömər Eldarov,
Azərbaycan EA-nın müxbir üzvləri – İqrar Əliyev, Kərim Kərimov, Məmmədtağı Cəfərov, Sabir Hacıyev,
Xəlil Rza Ulutürk – xalq şairi,
Sirus Təbrizli – yazıçı-publisist,
Azərbaycan Respublikasının xalq deputatları – Zeynəb Xanlarova (xalq artisti), Əli Ömərov, Eldar İbrahimov, Mixail Zabelin, Əlfəddin Abdullayev,
professorlar – Murtuz Ələsgərov (əməkdar hüquqşünas), Əkbər Bayramov (əməkdar elm xadimi), Zahid Qaralov (əməkdar müəllim), Həsən Quliyev, Adil Qasımov, Əjdər İsmayılov, Fikrət İsmayılov (respublika dövlət mükafatı laureatı), Şahlar Əsgərov, Mübariz Əhmədov, Əli Nuriyev, Ədalət Fərəcov, Həsən Mirzəyev, Zahid Xəlilov, Vilayət Əliyev, Abbas Səmədov, Ağababa Mahmudov, Şəmistan Mikayılov, Səfyar Musayev, Əsədulla Qurbanov, Musa İlyasov, Tələt Qayıbov, Məmməd Məmmədov, Rafiq Əmənzadə, Lalə Hacıyeva, Eldar Abbasov, Əli İnsanov, Fuad İsmayılov, Əlişir Musayev, Hüsü Kərimov, Rafiq Məmmədhəsənov, Məmməd Nəsirov, İbrahim İsayev, Faiq Cəfərov, Sudeif İmamverdiyev, Liliya Luqovaya (dosent, əməkdar həkim),
elmlər doktorları – Hacıbala Abutalıbov, Novruz Quliyev, Əmir Mərdanov,
dosentlər – Sabir Xəlilov, Pənah Mahmudov, İsgəndər Quliyev, Zakir Sərdarov, Əli Əhmədov, Əli Nağıyev, Maqsud Nəcəfov, Heydər Hüseynov, Nəbi Əsgərov, Allahverdi Hacıyev, Tofiq Hüseynov, Məmməd Məmmədov, Musa Heydərov, Hacı Hacıyev (elmlər namizədi, “Qaraçöp” xeyriyyə cəmiyyətinin sədri),
elmlər namizədləri – Nəzir Əhmədov, Allahyar Hüseynov, İbrahim Əzizov, Aydın Əhmədzadə, Vidadi Acalov, Səbirə Dünyamalıyeva, Georgi Savoskin (“Sodrujestvo” cəmiyyətinin üzvü), Lyudviq Muradov (“Azərbaycan-Rusiya” cəmiyyətinin məsul katibi), Rəfael Allahverdiyev (“Azərbaycan-Rusiya” cəmiyyətinin vitse-prezidenti), Asif Cahangirov (BXTŞ-nin müdiri), Rafiq Qasımov (“Azərelektroterm”in baş direktor müavini), Kərim Kərimov (Bakı Kondisioner zavodunun şöbə müdiri), Munis Bayramov (Azərbaycan “Əlillər” cəmiyyəti sədrinin köməkçisi), Möhsün Möhsünov (yazıçı, jurnalist), Ağabəy Əsgərov (“Səs” qəzetinin baş redaktoru), Vüqar Rəhimzadə (“İki sahil” qəzetinin baş redaktoru), Rizvan Cəbiyev (“Naxçıvan” qəzetinin baş redaktoru), Ariz Abduləliyev (“Axtarış” qəzetinin baş redaktoru), Əziz Axundov (“Gənc müəllim” qəzetinin redaktoru), Mirzə Əsgərov (“Real” agentliyinin direktoru), Xeyrəddin Qoca (“Açıq söz” qəzetinin redaktor müavini),
jurnalistlər – Səlahəddin Quliyev, Ziya Paşa, Vüqar İsmayılov, Tahir Məmmədov.
16 oktyabr 1992-ci il
“Səs” qəzeti
***
Yeni, müstəqil Azərbaycan uğrunda
Ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı
Hörmətli ziyalılar,
16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir.
Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir.
Bununla bağlı Sizin müraciətinizə cavab olaraq bəzi fikirlərimi və arzularımı açıqlamaq istəyirəm.
Hər şeydən öncə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən səksəninci illərin əvvəllərindən başlanmış, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsidir. Bu tarixi-obyektiv proseslər Sovet İttifaqının dağıdılmasına, Kommunist Partiyasının tarix səhnəsindən getməsinə və 15 müttəfiq respublikanın hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bundan sonrakı hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən, Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir haldır və beynəlxalq, dövlətlərarası hüquq normalarının qanunauyğun təzahürüdür.
Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin, o cümlədən də Xalq Cəbhəsinin xidməti saymaq olmaz. Təkrar edirəm, bu, tarixi obyektiv proseslərin nəticəsidir, taleyin və zamanın Azərbaycan xalqına, eləcə də keçmiş müttəfiq respublikaların xalqlarına əvəzsiz töhfəsidir.
Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai- siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə, ən böyük məmləkət qədər güclü olur.
Güman edirəm ki, bu yolda əsas vəzifələr aşağıdakılardan ibarətdir:
Birinci. Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll olunması. Artıq beş ildir ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir, ərazimizin bir hissəsini itirmişik, Ermənistanla həmsərhəd bölgələrin bir çox yaşayış məntəqələri dağılmış, minlərlə insan həlak olmuş, yaralanmış, şikəst və əlil olmuşlar. Respublikada yüz minlərlə yurdlarından didərgin düşmüş, ağır vəziyyətdə yaşayan qaçqınlar var. Respublikaya misli görünməmiş hədsiz maddi və mənəvi ziyan dəyib. Ən dəhşətlisi budur ki, bütün bu faciələrin hələ də sonu görünmür. Bir il bundan əvvəl olduğu kimi, bu gün də Azərbaycanın rəhbər dövlət orqanlarının Qarabağ problemi haqqında dəqiq, aydın konsepsiyası və lazımi hərbi-siyasi strategiyası yoxdur. Belə təsəvvür yaranır ki, Qarabağda və başqa sərhəd zonalarında hərbi əməliyyatlar özbaşına gedir.
İkinci. Azərbaycanda sosial-iqtisadi böhranın dərinləşməsi, xalqın güzəranının gündən-günə ağırlaşması böyük həyəcan doğurur. Respublika iqtisadiyyatının cari ilin doqquz ayındakı vəziyyəti barədə statistik məlumatlar insanı dəhşətə gətirir. Milli gəlirin istehsalı 25 faiz, sənaye məhsullarının istehsalı 25 faiz aşağı düşmüşdür. Kənd təsərrüfatında və əsaslı tikintidə vəziyyət daha da ağırdır. Əgər Azərbaycan iqtisadiyyatının səviyyəsinin son 5-6 il ərzində dayanmadan aşağı düşməsini nəzərə alsaq, o zaman respublikanın necə böyük fəlakətlə üzləşdiyini təsəvvür etmək çətin deyil.
Azərbaycan tükənməz təbii sərvətlərə, zəngin sənaye, aqrar və sosial ehtiyatlara, lazımi intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər işçi qüvvəsinə malikdir. Bütün bunlardan respublikanın müstəqilliyini möhkəmlətmək və insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır. Aqrar sahədə təkcə bir il ərzində istehsalı yüksəltməklə kənd təsərrüfatı məhsullarını xeyli artırmaq mümkündür. Təəssüf ki, respublikanın belə zəngin daxili imkanlarından lazımi səviyyədə istifadə olunmur.
Belə qənaətə gəlmək olar ki, dövlət və hökumət orqanlarının respublikanı ağır vəziyyətdən çıxarmağa yönəldilən aydın iqtisadi proqramı, strategiyası, əhalinin həyat səviyyəsini günü-gündən yaxşılaşdırmaq üçün konkret tədbirləri yoxdur. Müşahidələr göstərir ki, bu sahədə də çox işlər kortəbii aparılır.
Üçüncü. Bu gün respublikada aparılan kadr siyasəti çox haqlı olaraq geniş xalq kütləsinin etiraz və narazılığına səbəb olur. Rəhbər vəzifələrə iş qabiliyyəti, biliyi, bacarığı, təsərrüfat və idarəetmə işlərindəki təcrübəsi nəzərə alınmadan, yalnız Xalq Cəhbəsinə mənsubiyyətinin əsas götürülməsi hüquq normalarına uyğun deyil, ağır nəticələr verə bilər. Xalq, Xalq Cəbhəsinə heç bir zaman belə müstəsna hüquq və səlahiyyət verməmişdir. Ötən illər və onilliklər ərzində respublikada dövlət idarəetmə, iqtisadiyyat, elm, mədəniyyət və sosial sahədə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yüksək mədəniyyətə malik kadrlar hazırlanmışdır. Onların hamısı ictimai-siyasi təşkilatlara, partiyalara mənsubiyyətindən asılı olmayaraq fəal quruculuğa cəlb edilməlidirlər.
Azərbaycandan kənarda, Rusiyada, Ukraynada və başqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz vətənlərində müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilər.
Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.
Dördüncü. Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, hər şeydən əvvəl, respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.
Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir.
Fikrimizcə, yeni, müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni, müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəs məhdudiyyət qoymamalıdır.
Beşinci. Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin təzahürü böyük təhlükə yaradır. Belə meyillərin qarşısı qətiyyətlə alınmalıdır.
Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir.
Azərbaycan onilliklərlə, yüzilliklərlə, onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.
Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.
Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur.
Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Əgər belə partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.
Dərin hörmətlə:
Heydər Əliyev,
24 oktyabr 1992-ci il,
Naxçıvan şəhəri.
***
Yeni Azərbaycan Partiyası yaradılmışdır
1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından təəssübkeş qrupların 550-dən artıq nümayəndəsi iştirak etmişdir.
Konfransı giriş sözü ilə YAP təşkilat komitəsinin sədri Heydər Əliyev açdı.
Konfrans nümayəndələri şəhidlərin xatirəsini və 20 noyabr Qarabağda vertolyot qəzası zamanı həlak olanların ildönümünü bir dəqiqəlik sükutla yad etdilər.
Konfrans Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul etmişdir.
YAP-ın Proqram və Nizamnamə layihələri konfrans nümayəndələrinin müzakirəsinə verilmiş, müəyyən düzəliş və əlavələr olunduqdan sonra qəbul edilmişdir.
Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.
Sonra partiyanın rəhbər orqanları - Siyasi Şura və təftiş komissiyası seçilmişdir.
YAP-ın sədri Heydər Əliyev konfransın işinə yekun vurmuşdur.
Elə həmin gün Siyasi Şuranın birinci iclasında İdarə Heyəti yaradılmışdır.
Konfrans qurtardıqdan sonra konfrans iştirakçıları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına getmiş və məzarların üstünə əklil qoymuşlar.

Paylaş:
Baxılıb: 1330 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30