Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezident - xalq birliyi bizi böyük uğurlara, qələbələrə aparacaq

Prezident - xalq birliyi bizi böyük uğurlara, qələbələrə aparacaq

02.10.2013 [10:17]

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş dünən Xətaidə keçirilib
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş dünən Xətaidə keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov xatırladıb ki, 1 oktyabr tarixi Azərbaycan xalqı üçün əlamətdar bir gündür. 2003-cü ilin 1 oktyabr tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqımıza müraciət edərək seçkilərdə cənab İlham Əliyevi dəstəkləməyə çağırıb. O demişdir ki, “Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Azərbaycan xalqı da öz liderinin bu çağırışına müsbət cavab verdi və oktyabrın 15-də keçirilən seçkilərdə cənab İlham Əliyevə səs verdi: “Zaman Ulu öndərimizi haqlı çıxardı. Çünki ötən 10 ildə Azərbaycan çox yüksək sürətlə inkişaf edib, vətəndaşlarımızın güzəranı əsaslı şəkildə yaxşılaşıb, şəhərlərimiz qəsəbələr tanınmayacaq dərəcədə gözəlləşib, paytaxtımız dünyanın ən gözəl, müasir şəhərlərindən birinə çevrilib. 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə artıb, ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatıb ki, bu da 8 dəfəyə yaxın artım deməkdir. Eyni zamanda, 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat idisə, 2012-ci ilin yekununda 5885 manat təşkil edib. Başqa sözlə, adambaşına düşən ÜDM 7 dəfəyə yaxın artıb. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq, 48 milyard dolları ötüb. 10 il ərzində Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artaraq, 77 manatdan 398 manata çatıb. Əgər 2003-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği 24 manata yaxın idisə, ölkədə həyata keçirilmiş pensiya islahatları nəticəsində bu göstərici 153 manata çatıb. Bunlar, sadəcə bir statistika deyil. Bunlar Azərbaycan dövlətinin 10 il ərzində inkişafının rəqəmlərlə ifadəsidir. Əlbəttə ki, qarşıdakı illərdə bu rəqəmlər daha da böyüyəcək, Azərbaycanın inkişafı daha da geniş vüsət alacaq. Ona görə də, şübhə yoxdur ki, Azərbaycan xalqı 9 oktyabrda YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcək”.
“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib ki, 9 oktyabr prezident seçkiləri Azərbaycan dövlətinin, xalqının gələcəyini müəyyənləşdirəcək. Ona görə də, hər bir vətəndaşımızın verdiyi qərar olduqca müstəsna əhəmiyyətlidir. Baş redaktor daha sonra son 10 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlu nəticələrindən danışaraq bildirib ki, dövlətimizin başçısı ötən 10 ildə Azərbaycan xalqının gözü önündə şəffaf fəaliyyət göstərib: “Bu gün Azərbaycan siyasi palitrasında Prezident İlham Əliyevə rəqib ola biləcək güc, lider yoxdur. Ona görə də oktyabrın 9-da Azərbaycan xalqının kimə səs verəcəyi ilə bağlı heç bir tərəddüdü yoxdur. Cənab Prezident 10 il öncə bir sıra məqsədləri qarşıya qoymuşdu və ötən illər ərzində xalqımızın və dövlətimizin mənafeyi naminə bu məqsədləri uğurla həyata keçirmişdir. Məhz bunun da nəticəsində ötən 10 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycanda qeyri-ənənəvi sahələr - sənayenin ən modern istiqamətləri, hərbi sənaye inkişaf etməyə başlayıb. Əlbəttə ki, bu, müharibə şəraitində yaşayan bir ölkə üçün olduqca vacib məsələdir. İkinci bir mühüm məsələ əlbəttə ki, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu istiqamətdə də cənab Prezidentimiz tərəfindən proqramlar qəbul olunub. Bununla bərabər, XXI əsrin siyasi mənzərəsini formalaşdıracaq yeni bir mübarizə mənbəyi sudur. XIX əsrin sonu - XX əsrdə dünyada neft uğrunda mübarizə gedirdisə XXI əsrdə su uğrunda mübarizə gedəcək. Cənab Prezident bir neçə gün öncə Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı zamanı qeyd etdi ki, XXI əsrdə xarici siyasət strategiyasının əsasında duran başlıca faktor su faktorudur. Ona görə də Azərbaycanın özünün su təhlükəsizliyini təmin etməsi mühüm əhəmiyyət kəsb edir və son 10 ildə bu sahədə nə qədər böyük işlər görülüb, bunun hamısı vətəndaşlarımıza bəllidir”.
Hikmət Babaoğlu ümumiyyətlə son 10 ildə Azərbaycan dövlətinin bütün strateji məqsədlərə çatmaq üçün böyük işlər gördüyünü diqqətə çatdıraraq qeyd edib ki, bu işlər yalnız bir məqsədə xidmət edir ki, Azərbaycan vətəndaşları daha təhlükəsiz, daha təminatlı, daha güclü dövlətdə yaşasınlar.
Milli Məclisin üzvü Sevinc Hüseynova çıxış edərək deyib ki, seçkilər öncəsi kifayət qədər vətəndaş fəallığı hiss olunmaqdadır: “Prezident seçkiləri ilə bağlı ölkənin ictimai həyatında canlanma müşahidə olunur. Bunu da mən müsbət qiymətləndirirəm. Çünki hər bir inkişaf etmiş dövlətdə olduğu kimi, Azərbaycanda da insanlar öz taleyinə, dövlətinin taleyinə biganə yanaşmırlar və bu mənada prezident seçkilərinin əhəmiyyətini dərindən dərk edirlər”.
Eyni zamanda, S.Hüseynova deyib ki, son 10 ildə Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olub: “Bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Ona görə də, Prezidentimizin həyata keçirdiyi siyasət dəstəklənir, vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. 2003-cü ildə, 2008-ci ildə olduğu kimi, bu il oktyabrın 9-da da cənab İlham Əliyevin vətəndaşlarımızın mütləq əksəriyyətinin səsini qazanaraq seçkilərdə qalib gələcəyinə heç bir şübhə yoxdur”.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov isə əvvəlcə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, bu gün ölkəmizdə gənclərin potensialının artırılması, gənc nəslin kreativ bir təbəqə kimi formalaşması, dövlət idarəçiliyində gənclərin potensialından istifadə olunması istiqamətində çox mühüm işlər görülür. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda kifayət qədər savadlı, vətənpərvər, idarəçilikdə uğurla təmsil olunan gənclər ordusu formalaşıbdır. Daha sonra Azərbaycan dövlətinin xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən də danışan Ramin Məmmədovun sözlərinə görə, Azərbaycan cəmi 22 il öncə öz müstəqilliyini əldə edib: “Bu gün Azərbaycan bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. İki il əvvəl 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi cəmi 21-22 illik müstəqillik tarixi olan bir dövlət üçün nə qədər böyük əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, Azərbaycan artıq dünyada etibar görür, bizi tanıyırlar, bizi dəstəkləyirlər. I Avropa Oyunlarına ev sahibliyi etmək haqqı Azərbaycana verilib, “Eurovision” kimi möhtəşəm bir tədbir Bakıda keçirilib, paytaxtımız çox mühüm əhəmiyyətli beynəlxalq forumlara, tədbirlərə ev sahibliyi edir. Bütün bunlar da təbii ki, İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, 9 oktyabr Azərbaycan dövlətinin və xalqının tarixində çox mühüm rol oynayır. Ona görə də hər bir vətəndaşımız bu seçkilərdə fəal iştirak etməli, öz vətəndaşlıq borcunu yerinə yetirərək müstəqil iradəsini ortaya qoymalıdır. Musa Quliyev daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından danışaraq deyib ki, Prezident İlham Əliyevin təbliğatı Onun gördüyü işlərdir: “Hər bir dövlətin başlıca vəzifəsi onun vətəndaşlarının təhlükəsizliyini, sabitliyi təmin etməkdən ibarətdir. 1992-93-cü illər də yadımızdadır. O dövrdə baş verən anarxiya, xaos heç kəsin yadından çıxmayıb. Amma bu gün Azərbaycan vətəndaşlarının təhlükəsizliyi tam təmin olunubdur. Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada liderdir. Bu gün Azərbaycan Kosmos klubunun üzvü olan 11 dövlətdən biridir. Bu, həm strateji hədəflərə xidmət edir, həm də dövlətimizə iqtisadi gəlir gətirir. Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilib və bu quruma sədrlik edib. 5 mindən artıq azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində qabaqcıl universitetlərdə təhsil alır. Ölkənin hər yerində quruculuq, abadlıq işləri aparılıb, yollar çəkilib, körpülər tiklib, kəndlər, qəsəbələr işıqla, qazla, su ilə təmin olunub. Əslində, belə uğurların sayı kifayət qədər çoxdur və onları sadalamaqla bitməz. İndi önümüzə, gələcəyə baxmaq lazımdır və cənab Prezident qarşıdakı illərdə Azərbaycanı hansı möhtəşəm uğurlar gözləyir, bununla bağlı öz fikirlərini bildirib. Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevriləcək. Cənab Prezidentin qarşıya qoyduğu məqsəd bundan ibarətdir ki, 2023-cü ildə Azərbaycan vətəndaşı dünyanın ən yaxşı yaşayan 13 dövlətinin vətəndaşları səviyyəsində həyat şəraiti ilə təmin olunacaq. Ümumdaxili məhsul bundan sonra daha 2 dəfə artacaq. Ən əsası odur ki, Azərbaycan Prezidenti Azərbaycan xalqı ilə bir yerdədir, Azərbaycan xalqının maraqlarını daim ən yüksək səviyyədə müdafiə edir, Azərbaycanın müstəqilliyini qoruyur, Azərbaycan xalqı Azərbaycan Prezidentini sevir, ürəkdən dəstəkləyir və bu istək, bu sevgi, Prezident-xalq birliyi bizi böyük uğurlara, qələbələrə aparacaq”.
Daha sonra çıxış edən seçicilər Narxanım Səmədova, Məmməd Əliyev, Lətifə Kərimova, Gülab Bünyatov və digərləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin xalqımız tərəfindən dəstəkləndiyini, bu siyasətin ölkəmizə böyük uğurlar qazandırdığını vurğulayaraq bir daha əmin ediblər ki, 9 oktyabrda yalnız və yalnız Prezident İlham Əliyevə səs verəcəklər.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1169 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30