Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası ötən 23 ildə ümumxalq partiyasına çevrilib

Yeni Azərbaycan Partiyası ötən 23 ildə ümumxalq partiyasına çevrilib

21.11.2015 [10:22]

Ötən illər ərzində partiyamız böyük inkişaf yolu keçib
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 ili tamam olur. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya ötən dövr ərzində böyük inkişaf yolu keçib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib ki, Yeni Azərbaycan Partiyası ötən 23 ildə ümumxalq partiyasına çevrilib, bu müddətdə Azərbaycanın inkişafı naminə çalışıb. E.İbrahimov bildirib ki, partiya Azərbaycanın ağır durumunda yaranıb. Onun sözlərinə görə, həmin dövrlərdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalı “Səs” qəzetində Ulu öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması üçün müraciət edib. “Bundan sonra Naxçıvanda 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası ümummilli partiyadır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır. YAP Azərbaycanda siyasi palitraya siyasi mədəniyyət gətirdi. Təsadüfi deyil ki, bu gün partiya üzvlərinin sayı 660 mindən çoxdur. Bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir”, - deyə E.İbrahimov vurğulayıb.
“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 min nəfərdən çox üzvü olan partiyamız ötən 23 ildə çətin və şərəfli yol keçib. Mən deyərdim ki, Azərbaycanın yeni tarixində YAP qədər böyük, güclü partiya olmayıb”. Bu fikirləri isə Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.
A.Rəhimzadə bildirib ki, müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdü. A.Rəhimzadə qeyd edib ki, Ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün 21 noyabr 1992-ci ildə yaranan partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. “Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 23 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır”, - deyə A.Rəhimzadə vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov da partiyanın yaranma tarixindən danışıb. YAP-ın yaranmasını şərtləndirən o dövrün mühüm ictimai-siyasi mənzərəsini təhlil edən Kərim Kərimov deyib ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə xalqın sağlam qüvvələri, həmçinin ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi: “Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə, qurtuluş və tərəqqinin, inkişafın simvoluna çevrilib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın siyasi həyatında öz mütərəqqi missiyasına sadiq qalaraq, dövlətimizin və xalqımızın inkişafı naminə vəzifələrini şərəflə yerinə yetirəcək”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən siyasi təşkilatdır. Onun sözlərinə görə, partiyamız ötən 23 il ərzində şərəfli yol keçib: “Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir”.
M.Quliyev bildirib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Onun sözlərinə görə, partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. “Partiyamız öz prinsiplərində Heydər Əliyev ideyalarına əsaslanır. Məhz bu amil uğurlarımızı təmin edən başlıca şərtdir. Bu gün ölkədə YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Prezident, parlament, bələdiyyə seçkilərində mütəşəkkillik göstərən xalqımız daim Ulu öndərimizin ideyalarına sədaqətini nümayiş etdirir. Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız bu gün çox böyük uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, partiyamız Cənubi Qafqaz regionunda ən güclü siyasi təşkilatdır”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının tarix səhnəsinə gəlməsi ictimai ehtiyacların obyektiv tələbatından yarandı: “Böyük dövlət adamı, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan bu böyük siyasi təşkilat qısa müddətdə Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial simasını dəyişərək ona yeni və ən müasir inkişaf tendensiyası gətirdi. Digər tərəfdən, bu partiyanın ən böyük xidmətlərindən biri xalqın mənəvi gücünü səfərbər etmək oldu. Əsl müstəqil dövlət kimi inkişaf etməyimiz və dövlət kimi qüdrətlənməyimiz də bunun məntiqi nəticəsi kimi bərqərar olub. Ulu öndərin azərbaycançılıq ideologiyası, milli təfəkkürün formalaşması, demokratiya prinsiplərinə sadiqlik, siyasətdə liberalizm YAP-ın əsas fəaliyyət istiqamətlərindəndir. YAP yarandığı ilk gündən mürəkkəb ictimai-siyasi prosesləri dəqiq qiymətləndirən, onlara elmi və dəqiq münasibət bildirən, siyasi hadisələri elmi-siyasi proqnozlarla dəyərləndirən bir siyasi təşkilat kimi fəaliyyətə başladı. Xüsusən bu aparıcı siyasi qüvvənin yaranması ilə demokratiya, azadlıq, müstəqillik kimi çox önəmli amillər ölkəmizdə öz təcəssümünü tapdı. Onun timsalında xalqımız siyasi mübarizənin sivil, demokratik yollarını və vəzifələrini aydın şəkildə müəyyənləşdirmək imkanı qazandı. Məhz YAP müstəqillik cığırını getdikcə genişləndirən və onu daimi edən, xalqa düzgün yol göstərən milyonların partiyasıdır. Ona görə də partiyamız xalqımızla daim birgə olacaq. Onun etimadını davamlı olaraq qazanmaqda davam edəcək”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bir-birindən əhəmiyyətli uğurları ilə 23 ili zənginləşdirən Yeni Azərbaycan Partiyası əbəs yerə ümumxalq partiyası kimi dəyərləndirilmir. YAP-ın yarandığı vaxtdan bu günə qədər tutduğu siyasi xəttə, mövqeyə sadiqlik nümayiş etdirməsi onun gələcəyinə olan inamı günbəgün artırır. V.Rəhimzadə qeyd edib ki, Azərbaycan artıq dövlət müstəqilliyinin bərpasının 24, Yeni Azərbaycan Partiyasının yaranmasının 23 ilini arxada qoyur.
V.Rəhimzadənin sözlərinə görə, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək, atdığı addımları ilə cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanın bu gün sıralarında 660 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, bu xətti uğurla davam etdirən möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə inamın göstəricisidir: “Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının 23 illik tarixi yolda əldə etdiyi uğurlara qısa baxış Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin böyük əsaslara söykəndiyini təsdiqləyir. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Heydər Əliyev siyasəti Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır, hədəflər müəyyənləşdirir. Partiyanın üzvləri Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək bu hədəflərə çatmaq üçün öz töhfəsini verir”.
“1992-ci ildə Azərbaycanın siyasi sistemində lokomotiv gücə, aparıcı siyasi təşkilata böyük ehtiyac duyulurdu. Çünki milli gücümüzü təşkil edən ayrı-ayrı siyasi aktiv qruplar pərakəndə şəkildə fəaliyyət göstərirdilər. Belə olan təqdirdə onların fəaliyyətini məqsədyönlü şəkildə milli maraqlara yönləndirəcək liderə, gücə ehtiyac var idi. Şübhəsiz ki, belə bir lider dövlət idarəçiliyində kifayət qədər böyük təcrübəyə malik olan, ölkəmizə rəhbərlik etdiyi 1969-82-ci illərdə gördüyü işlərlə xalqımızın böyük etimadını və inamını qazanmış Ulu öndər Heydər Əliyev idi”. Bunu isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Baş redaktorun sözlərinə görə, həmin dövrdə cəmiyyətin siyasi təşkilatlanması üçün yeni dövrün tələblərinə uyğun siyasi sistemi formalaşdıracaq və onu daşıyacaq, sütunu olacaq bir siyasi partiyanın yaranması zərurətə çevrilmişdi: “Məhz bununla əlaqədar “91-lər” kimi tanıdığımız ziyalılar Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyev isə vəziyyəti düzgün qiymətləndirərək, Azərbaycanı düşdüyü ağır durumdan xilas etmək məqsədilə bu müraciətə müsbət cavab verdi. Ona görə də, bu gün tam əminliklə deyirik ki, YAP zamanın təxirəsalınmaz tələbindən yaranan siyasi partiyadır”.
Hikmət Babaoğlu həmçinin deyib ki, Yeni Azərbaycan Partiyası ötən 23 ildə Azərbaycanın dövlət quruculuğu prosesində müstəsna xidmətlər göstərib, ölkəmizin müstəqilliyinə böyük töhfələr verib və milli gücü səfərbər edərək, dövlət maraqlarımızın qorunmasına yönləndirib: “Eyni zamanda, biz hakim partiyanı qələbələr partiyası kimi də səciyyələndirə bilərik. YAP yaranması ilə Azərbaycanın siyasi siteminə yeni ruh, siyasi mədəniyyət, əxlaq və keyfiyyət dəyişiklikləri gətirdi. Məhz Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu olmaqla bərabər, eyni zamanda, siyasi sistemimizi təşkil edən digər partiyalara da örnək oldu. Sözün həqiqi mənasında YAP milli maraqları qoruyan və dövlətçiliyə xidmət edən ümumxalq partiyasına çevrildi. Çünki bu partiyanı yaradan şəxsiyyət də məhz Azərbaycan xalqının Ümummilli lideridir. İllər ərzində YAP Azərbaycan siyasi sisteminin lokomotivi olaraq dünyada və regionda baş verən proseslərə adekvat reaksiya göstərməklə öz fəaliyyətini təkmilləşdirdi”.
Daha sonra Hikmət Babaoğlu vurğulayıb ki, 1999-cu ildə YAP-ın həyatında əhəmiyyətli bir hadisə baş verdi: “Belə ki, həmin dövrdə cənab Prezident İlham Əliyev YAP-ın Sədr müavini seçildi. Bu dövrdən etibarən isə YAP-ın tarixində yeni gəncləşmə erası başladı. Və bu gün də Yeni Azərbaycan Partiyası gənclərin, ziyalıların, qadınların, alimlərin, incəsənət xadimlərinin və bütövlükdə isə Azərbaycan xalqının partiyasıdır”.
“SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər artıq bir ənənə şəklini alıb və həmin nailiyyətlərin hər biri mühüm tarixi-siyasi aspektlərlə əsaslandırılır. Belə ki, YAP Heydər Əliyevin müəllifi olduğu, ümummilli maraqlara söykənən siyasi xətlə irəliləyərək hazırkı yüksək mərhələyə çatıb: “İlk növbədə, Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini, ziyalı kəsimi öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Bu səbəbdən, ölkəmizin və Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan YAP geniş fəaliyyəti ilə beynəlxalq əlaqələrə də malikdir. Əbəs yerə deyil ki, YAP Avropanın və Asiyanın nəhəng siyasi partiyaları ilə birgə dünyada baş verən qlobal siyasi və iqtisadi məsələlərə öz rəyini bildirir. Bu, YAP-ın olduqca böyük əhəmiyyətə malik olmasının göstəricisidir. O cümlədən, partiyamızın tanınmış siyasi təmsilçiləri dünyanın bir çox nüfuzlu siyasi qurumlarında ölkəmizi təmsil edir, dövlətçilik mövqeyimizin qorunmasında və s. bu kimi məsələlər çərçivəsində uğurlu fəaliyyət göstərirlər”.
“SƏS” Media Qrupunun rəhbəri daha bir önəmli məsələyə də toxunaraq deyib ki, hazırda YAP-ın əsas qüvvələrindən birinə çevrilmiş gənc nəslin nümayəndələri də fəaliyyətlərini ölkəyə, dövlətə, xalqa sadiqlikləri ilə qururlar: “Azərbaycan gənclərinin partiya sıralarına axını isə bu siyasi təşkilatın perspektivdə daha böyük nailiyyətlər qazanacağına əminliyi artırır. Bu gün Azərbaycan gənci uğurlu gələcəyini məhz Yeni Azərbaycan Partiyasında, bu təşkilat sıralarında təmsil olunmaqda görür”.
Bəhruz Quliyev partiyanın seçki uğurlarına da toxunaraq deyib ki, YAP yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanmaqla öz qüdrətini, gücünü nümayiş etdirib. B.Quliyev həmçinin ötən dövrdə YAP-ın sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə çıxış etdiyini də xatırladıb. “Azərbaycan xalqı tam əmindir ki, o, düzgün seçim edib. Çünki bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ulu öndərin müəyyənləşdirdiyi yol isə aydındır, işıqlıdır. Xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir və dərk edir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Cənab İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Mən də fürsətdən istifadə edərək, hər bir partiyadaşımı siyasi təşkilatımızın 23-cü ildönümü münasibəti ilə təbrik edir, siyasi və ictimai fəaliyyətlərində davamlı uğurlar, müvəffəqiyyətlər arzulayıram”, - deyə B.Quliyev vurğulayıb.
YAP Mətbuat Xidmətinin əməkdaşı Xatirə Əliyeva isə bildirib ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün 23 illik yubileyi böyük sevinc, fərəh hissi ilə qeyd etməsi təbii ki, bugünkü uğurlarımızdan qaynaqlanır. Onun sözlərinə görə, bu günün reallıqları bir daha bizləri müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb, bu faktı təsdiqləməyə sövq edir ki, əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqımızın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, ölkəmizin inkişafı tamam başqa istiqamətə yönələrdi: “Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxaran Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasıdır. 23 il zaman baxımından o qədər böyük dövr olmasa da, qazanılan uğurların miqyası, əhəmiyyəti, keçilən yolun zənginliyi sanki 100 illik bir mərhələnin keçildiyi barədə təsəvvür yaradır. Partiyanın adı özündə qarşıya qoyduğu məqsəd və məramı tam şəkildə açıqlayır. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, YAP-a xidmət dövlətə, xalqa xidmət deməkdir. Partiyanın hər bir üzvü üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfələrini verməyə səy göstərir. Azərbaycanın hər bir uğuruna öz töhfəsini verən Yeni Azərbaycan Partiyası xalqın dəstəyi əsasında gələcəyə daha böyük inamla irəliləyir”.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, partiyamızın yaranması Azərbaycan xalqının istəyinin reallaşması idi. Onun sözlərinə görə, 1992-ci ilin noyabr ayında Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanaraq, ən mütərəqqi Azərbaycan ziyalılarını ətrafına toplamağı bacardı: “Partiyamız tez bir zamanda ölkəmizin rayonlarında öz qərargahlarını yaradaraq, bölgə əhalisinin taleyüklü problemlərinin həllində əsas rol oynamağa başladı. Artıq Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına ümid yeri kimi baxırdılar. Partiya liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparma bacarığı, qayğıkeşliyinin nəticəsi kimi xalqımız öz liderinin ətrafında sıx toplaşmağa başladı. Azərbaycan xalqı gerçək liderin hansı xüsusiyyətlərə malik olmalı olduğunu anladı. Və xalqımızın təkidli tələbi nəticəsində Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu. Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını daha da gücləndirir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30