Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin parlaq ideyalarını böyük sədaqət və uğurla həyata keçirir

Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin parlaq ideyalarını böyük sədaqət və uğurla həyata keçirir

24.11.2015 [10:19]

YAP Xəzər rayon təşkilatı partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə geniş tədbir keçirib
Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibətilə partiyanın Xəzər rayon təşkilatı tərəfindən tədbir keçirilib. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun, İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, deputat Rauf Əliyevin, rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbiri YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov açaraq əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Partiyanın yaranma tarixinə, keçdiyi şərəfli yola qısa nəzər salan N.Əhmədov ötən 23 ildə ölkəmizdə ümumxalq partiyasına çevrilən YAP-ın əvvəlcə Ümummilli lider Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atdığını vurğulayıb. “1992-ci il noyabrın 21-də təsis konfransı keçirilən YAP tez bir zamanda respublikanın bütün bölgələrində, o cümlədən də Xəzər rayonunda təşkilatlanıb. Bu gün partiyanın sıralarında 660 mindən çox üzvün birləşməsi insanların xalqımızın Ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqətinin, həmçinin ölkədə YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin gələcəyinə böyük inamlarının təsdiqidir”, - deyə qeyd edən N.Əhmədov bildirib ki, YAP-ın tarixi böyük uğurlara imza atan müstəqil Azərbaycanın tarixidir.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Sərxan Rəfixanov partiyanın yaradıcısı Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini vurğulayıb. Ölkədə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib və bu proqram çərçivəsində gənclərin yüksək təhsil almalarına, hərtərəfli inkişaf etmələrinə hədəflənən çoxsaylı tədbirlər reallaşdırılıb. Belə uğurlu siyasətin nəticəsidir ki, hazırda ölkə gənclərinin böyük əksəriyyəti məhz YAP-da birləşib.
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Vüsalə Əlizadə çıxışında 23 yaşın, əslində, gənclik yaşı olduğunu bildirib. “Lakin hələ gənclik dövrünü yaşayan YAP Azərbaycanın inkişafı, dünyada qüdrətli dövlətə çevrilməsi naminə çox böyük işlər görüb. Bunun nəticəsidir ki, YAP qısa müddətdə ümumxalq partiyasına çevrilib, ölkə vətəndaşlarının, o cümlədən də gənclərin inamını qazanıb”, - deyə V.Əlizadə qeyd edib.
Tədbirdə söz alan Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Təvəkkül Səlimov diqqəti Ümummilli lider Heydər Əliyevin qurduğu YAP-ın müstəqil Azərbaycanın tarixində yerinə yetirdiyi xilaskarlıq missiyasına yönəldib: “Bütün siyasi partiyalar yarananda qarşılarına hakimiyyətə gəlmək məqsədi qoyurlar. Yeni Azərbaycan Partiyası isə siyasi iddialardan yox, zərurətdən, xalqın istəyindən yarandı. YAP-ın yarandığı dövrdə Azərbaycanda vəziyyət çox acınacaqlı idi, ölkəni xaos bürümüşdü, müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə vəziyyətdə ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin müraciəti ilə partiyanın əsasını qoyan Ümummilli lider Heydər Əliyev və Onun silahdaşları əsl fədakarlıq nümunəsi göstərərək çətinlikləri öz üzərlərinə götürdülər. YAP-ın qurucusu Heydər Əliyev xalqı Öz ətrafında birləşdirərək Azərbaycanı xilas etdi”.
Partiyanın yaranmasının 23 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov xatırladıb ki, Azərbaycanın bölgələrində partiyanın ilk təşəbbüs qrupu məhz Xəzər rayonunda yaradılıb. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə zərurətdən yarandığına diqqət çəkən S.Novruzov deyib: “O dövrdə Azərbaycanda çoxpartiyalı sistem hələ təzə-təzə formalaşırdı. Kimlər isə din adından sui-istifadə edərək partiya yaradırdılar. Bir başqaları özlərini “millətçilər” adlandırırdılar. Ancaq xalq yaxşı başa düşürdü ki, onlardan heç biri Azərbaycanı üzləşdiyi çətinliklərdən qurtarmaq iqtidarında deyil. Xalqımız problemlərdən çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Doğrudur, partiya yaradılanda güclü təzyiqlər olurdu, amma buna baxmayaraq, biz geri çəkilmədik. 91 ziyalının partiya yaradılması ilə bağlı müraciətinə Ulu öndərimiz müsbət cavab verdi. Bu gün həmin “91-lər” partiyamızın qızıl fondu hesab olunurlar”.
Ümummilli lider Heydər Əliyevin “YAP – dünənin, bu günün, gələcəyin partiyasıdır” fikrini xatırladan S.Novruzov vurğulayıb ki, YAP mövcud olduğu 23 il ərzində düşünülmüş siyasətə, ağlın, idrakın gücünə və mənəviyyata əsaslanaraq ölkəmizi üzləşdiyi çətinliklərdən, məhv olmaq təhlükəsindən, xaosdan, dövlət çevrilişi cəhdlərindən qoruyub. Bu gün müstəqil Azərbaycan dünyada böyük nüfuza malik ölkə kimi tanınır. Eyni zamanda, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində ölkəmizin etibarlı gələcəyinin möhkəm, sarsılmaz əsasları yaradılır.
S.Novruzov diqqəti hazırda dünyada müşahidə edilən gərgin proseslərə yönəldərək ölkəmizdə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasının müstəsna əhəmiyyət daşıdığını bildirib: “İndiki dövrdə dünyada sabitlik ölkələr üçün bir nömrəli məsələyə çevrilib. Belə bir narahat durumda Azərbaycan sabitlik, inkişaf və rifah adası kimi fərqlənir. Əlbəttə, xaricdəki müəyyən qüvvələr tərəfindən ölkəmizə də təzyiq cəhdləri olur. Ancaq YAP Sədri, Prezident İlham Əliyevin yürütdüyü müstəqil, milli mənafeyə və xalqın iradəsinə əsaslanan siyasəti sayəsində bu təzyiqlərin qarşısı alınaraq ölkənin dinamik sosial-iqtisadi inkişafı təmin edilir”.
YAP-ın Azərbaycanın müstəqilliyi tarixində keçirilən bütün seçkilərdə qalib gəldiyini qeyd edən S.Novruzov bu baxımdan son parlament seçkilərinin də istisna təşkil etmədiyini bildirib. S.Novruzov Xəzər rayonunda YAP-ın namizədi Mehriban xanım Əliyevanın parlaq qələbəsinə diqqət çəkib. O, bunu seçicilərin ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya böyük rəğbətlərinin ifadəsi kimi səciyyələndirib.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, belə əlamətdar tarixlər ərəfəsində hər bir qurum keçilmiş yola nəzər salaraq hesabat verir. Bu baxımdan iqtidar partiyası olan YAP-ın böyük uğurlara imza atdığını deyən M.Qurbanlı vurğulayıb ki, müstəqil Azərbaycanın uğurları partiyanın uğurlarıdır. M.Qurbanlı bildirib: “YAP Heydər Əliyev şəxsiyyəti ətrafında təşəkkül tapıb. Bu gün isə yüz minlərlə insan məhz Ulu öndərin ideyaları ətrafında partiyamızda birləşərək Azərbaycanın inkişafına öz töhfəsini verir”.
M.Qurbanlı çıxışında YAP-ın və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin aşıladığı prinsipləri xatırladıb: “Ulu öndər Heydər Əliyevin ideyaları, prinsipləri Azərbaycanda əbədidir. Ulu öndərin dövlətçilik ideologiyası azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət, qanunçuluq kimi prinsiplərə əsaslanırdı. Ümummilli liderimizin aşıladığı prinsiplərin dövlət siyasətində əsas götürülməsi sayəsində ölkəmizdə sabitlik yüksək səviyyədə təmin olunub, respublikamız uğurla inkişaf edir və insanların rifah halı getdikcə yaxşılaşır”.
M.Qurbanlı müstəqil Azərbaycanın uğurlarında Heydər Əliyevin siyasi varislik prinsipinin gözlənilməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Dünyanın bir sıra ölkələrində yaşanan xaosun, qarşıdurmaların məhz siyasi varisliyin pozulmasının nəticəsi olduğunu bildirən M.Qurbanlı vurğulayıb ki, Azərbaycanın xoşbəxtliyi Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən böyük sədaqətlə və uğurla davam etdirilməsindədir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1040 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30