Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP üzvü olan bir qrup fəal qadın Beyləqan və Füzuli rayonunda olub

YAP üzvü olan bir qrup fəal qadın Beyləqan və Füzuli rayonunda olub

28.04.2012 [09:35]

Qonaqlar regionda aparılan quruculuq işləri ilə tanış olub, N saylı hərbi hissədə əsgərlərlə görüşüb, cəbhə xəttindəki məntəqədən düşmən tərəfini müşahidə ediblər
ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olur. Bu ərəfədə Yeni Azərbaycan Partiyası (YAP) bir sıra tədbirlərə start verib. Partiyanın Qadınlar Şurası da dahi liderin anım mərasimlərinin təşkilində fəallıq göstərir. YAP-çı qadınların planlaşdırdığı tədbirlərdən biri YAP Qadınlar Şurasının təşəbbüsü ilə reallaşıb. Belə ki, Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və YAP üzvü olan bir qrup fəal qadınlar Beyləqan və Füzuli rayonunda olublar. Səfər zamanı xanımlar yenicə ordu sıralarına qoşulan və düşmənin bir neçə metrliyində, səngərdə təhlükə ilə üz-üzə olan döyüşçülərlə, həmçinin, YAP Füzuli rayon təşkilatının qadınları ilə görüşlər keçirib, Horadizdəki Heydər Əliyev parkında Ulu öndərin abidəsi önünə çiçəklər qoyublar.
BAKIDAN FüZULİYƏ UZANAN YOL
Aprelin 26-sı səhər saat 6-da 10 fəal qadın Füzuli istiqamətində yola çıxanda bu yolun bir səngərdə bitəcəyini ağlına da gətirmirdilər. Nəzərdə tutulan plana görə, hərbi hissədə əsgərlərimizi görəcək, onların düşüncələrini bölüşəcək, problemlərini öyrənəcək, əlimizdən gələn mənəvi dəstəyi əsirgəməyəcəkdik. Sonra vətənə döyüşçü yetişdirən analarla görüşəcək, cəbhə bölgəsində yaşayan qadınların problemləri ilə tanış olacaqdıq. Ancaq orada məlum oldu ki, YAP Qadınlar Şurasının fəallarını - partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisə Füzuli rayonundan seçilən millət vəkili Bahar Muradovanı, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanı, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanı səngərdə də gözləyirlər...
İLK DAYANACAQ
Qadınların ilk dayanacağı Beyləqandakı N saylı hərbi hissə oldular. Burada xanımlar hərbi hissənin texniki imkanları, əsgər və zabitlər üçün yaradılan şəraitlə tanış oldu. Qonaqlara hərbi hissənin yetişdirdiyi döyüşçülərin bacarıqlarını, texniki təchizatını nümayiş etdirən videorolik təqdim olundu. “Qonaq kitabı”na ürək sözlərini yazan YAP fəalları Azərbaycan Ordusunun gücünə heyran qaldıqlarını söylədilər.
Hərbi hissədə əsgərlərlə görüşdən əvvəl səngərə getmək təklifi isə xanımları daha çox sevindirdi.
MüŞAHİDƏ MƏNTƏQƏSİ
Beləliklə, YAP Qadınlar Şurasının fəalları cəbhə xəttindəki müşahidə məntəqələrinə baş çəkdilər. Burada düşməni izləmək üçün quraşdırılan texnologiya ilə tanış olan YAP fəalları hərbçilərin köməyi ilə düşmən mövqelərini izlədilər. O tayda olan Azərbaycan kəndlərinə ürək ağrısı ilə baxdılar. Məntəqələrə hərəkətin düşmən tərəfindən müşahidə olunduğu hissədən keçməklə gedən YAP-çı qadınlar oradakı əsgərlərlə də görüşərək onların qəhrəmanlıqlarını yüksək qiymətləndirdilər. Əsgər Şəmsi Əfəndizadə qonaqları əmin etdi ki, dövlətçiliyimizin, təhlükəsizliyimizin keşiyində möhkəm dayanıblar: “Nə qədər ki, biz burdayıq, siz rahat yaşaya, işləyə bilərsiniz”.
Əsgərin sözlərindən təsirləndiyini bildirən Milli Məclisin vitse-spikeri Bahar Muradova güclü maddi-texniki bazaya malik Azərbaycan ordusunun qəhrəman əsgərləri ilə bir arada olduğundan qürur duyduğunu söylədi: “Burada əsgər təhlükə ilə qarşı-qarşıya dayanıb. Biz bu gün bir daha bunun şahidi olduq ki, Azərbaycan əsgəri təhlükəyə gözünü qırpmadan baxır. Əsgərlərimizə Ali Baş Komandanın döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyi arzu edirəm”.
Gözünü nəzarət cihazından ayırmayan, silahını əlindən yerə qoymayan Azərbaycan əsgərinin Qarabağ ətirli qızılgüllərdən hazırladıqları dəstələri Qadınlar Şurasının üzvlərinə təqdim etməsi isə bu görüşün ən yaddaqalan anlarından oldu.
Yeni çağırışçılar
Sonra Füzulidəki hərbi hissəyə gələn YAP fəalları bir neçə gün öncə mülki geyimini əsgər mundirinə dəyişən hərbçilərlə görüşdü. 3 aylıq hazırlıqdan sonra səngərdə mövqe tutacaq əsgərlər qarşısında çıxış edən B.Muradova bildirdi ki, Prezident İlham Əliyev bir əsgərinin belə burnu qanamadan ölkəmizin ərazi bütövlüyünə nail olmağa çalışır. Lakin Azərbaycan Ordusunun güclü bir orduya çevrilməsi üçün də lazım olan bütün tədbirləri həyata keçirir. Lakin ictimaiyyətin də öz məsuliyyəti var: “Əsgərlərimizin döyüş ruhunu görmək, bu barədə ictimaiyyətə məlumat vermək, səngərdə gecə-gündüz növbə çəkən döyüşçülərimizi qələbəyə həvəsləndirmək, ürəyimizin onlarla bir yerdə olduğunu göstərmək baxımından səfər çox əhəmiyyətlidir. Gördüklərimiz bizi çox sevindirdi. Ordumuzun güclü maddi-texniki bazasının olduğunu, əsgərlərimizdə yüksək döyüş ruhunu görmək çox qürurvericidir. Səngərdə, ümumiyyətlə, cəbhə bölgəsində bir daha şahid olduq ki, Azərbaycanın nəinki güclü ordusu, həm də hərbi sənayesi var. Hərbçilərimiz indi ayrı-ayrı ölkələrin istehsalı olan silahlardan deyil, həm də Azərbaycan istehsalı olan silahlardan istifadə edirlər. Ordu öz üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də öz üzərimizə düşən işləri vaxtında icra etməliyik. YAP üzvləri tez-tez cəbhə bölgəsində olur, əsgərlərimizin problemləri ilə maraqlanır. Biz cəmiyyəti də buna çağırırıq”.
Nurlana Əliyeva da əsgərlərə, onların hərbi bacarıqlarına, Azərbaycan ordusuna böyük ümidlə baxdığını, qələbənin yaxın olduğuna əminliyini ifadə etdi: “Azərbaycan dövləti torpaqlarını sülh yolu ilə geri qaytarmağa çalışır. Lakin Ermənistan nəinki danışıqlarda əldə olunan razılaşmalara əməl edir, üstəlik əldə olunan atəşkəsi pozmağa çalışır. Onlar istər diplomatik, istərsə də hərbi müstəvidə bütün cəhdlərinin boşa çıxacağını bilirlər. çünki onun qarşısında Azərbaycan dövləti, Azərbaycan əsgəri var”.
Qadınlar Şurasının rəhbəri belə görüşlərin onun üçün olduğu qədər cəmiyyət üçün də vacibliyini bildirdi: “Düşmənlə göz-gözə dayanan əsgərlərin döyüş ruhunu görmək, onlara dəstək olduğumuzu göstərmək səfərin qarşısına qoyduğu məqsədə çatması deməkdir. Bu, indiki məqamda hər birimizin üzərinə düşən əsas vəzifələrdəndir. Cəbhə bölgəsində düşmənlə qarşı-qarşıya dayanan döyüşçülərimiz hər an onların yanında olduğumuzu hiss etməlidirlər. Onlar bunu hiss etməlidirlər ki, biz öz torpaqlarımızda gəzə bilək. Bura gələndə təsəvvür etmirdim ki, düşmən mövqelərinə binoklla baxa biləcəm. Əslində “düşmən mövqeləri” dediyimiz həmin mövqelər Azərbaycan torpaqları üzərində qurulub. Bir gün o torpaqlara hər hansı cihazın köməyi ilə baxmağımıza ehtiyac qalmayacaq”.
Görüşdən sonra əsgərlərə YAP Qadınlar Şurasının hədiyyələri təqdim olundu. Sonra qonaqlar “Muğam Evi”nə yollandılar.
Qadınlarla görüş
Horadiz qəsəbəsindəki “Muğam Evi” gələn qonaqlar məmnun görünürdülər. YAP Qadınlar Şurası üzvlərinin partiyanın Füzuli rayon şöbəsinin qadın üzvləri ilə görüşünün ruhu əsgərlərlə görüşdə müşahidə olunan ab-havadan fərqlənmirdi.
Tədbiri YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova açaraq partiya üzvləri ilə bağlı məlumat verdi. Bildirdi ki, təşkilatın 5000-dən artıq üzvü var və onların 1830-u qadınlardır. Təşkilatda təmsil olunan qadınların sayının ildən-ilə artdığını vurğulayan təşkilat rəhbəri rayonda partiyaya böyük etimaddan bəhs etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ərazisinin böyük bir hissəsi işğal altında olan Füzuli rayonunun əhalisinin ölkənin 58 rayonunda məskunlaşdığını bildirdi. Artıq 60 mindən artıq Füzuli sakininin öz torpaqlarına qayıtdığını vurğulayan icra başçısı işğaldan azad olunan kəndlərdə həyata keçirilən genişmiqyaslı işlərdən danışdı.
Nurlana Əliyeva əsgərlərlə görüşlərdən aldığı təəssüratı qadınlarla bölüşdü: “Azərbaycan Ordusunun gücünə, dövlətinin gələcəyinə olan ümidlərin bünövrəsi ümummilli liderimiz Heydər Əliyev sayəsində möhkəmlənib. Dahi şəxsiyyətin istər dövlətçiliyimizin, istər iqtisadiyyatımızın güclənməsi istiqamətində başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, ölkəmiz durmadan inkişaf edir. Odur ki, mən hər kəsi Heydər Əliyevin yaratdığı bu partiyanın sıralarında birləşməyə çağırıram”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova yalnız Füzulinin deyil, bütün dünyanın qaçqın probleminə toxundu: “Dünyada 30 milyondan artıq qaçqın və məcburi köçkün var və onun bir milyonu Azərbaycanın payına düşüb. II Dünya müharibəsindən 5 il sonra yaranan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bir neçə il sonra fəaliyyətini dayandıracağını düşünürdülər. Lakin 60 il keçib və hələ də bu qurumun fəaliyyətinə ehtiyac var”.
Millət vəkili deyib: “Azərbaycan Ordusunun gücü və Azərbaycan diplomatiyasının uğurları Füzuli rayonu əhalisinin əsas problemi olan qaçqın həyatının tezliklə bitəcəyinə inamı artırır”.
Füzuli sakini, “Zobucuq 3” qəsəbəsindəki 33 saylı orta məktəbin direktoru ülkər Hüseynova yaşadıqları torpağa qayıda bildiklərinə, daha yaxşı şəraitdə yaşadıqlarına görə Prezident İlham Əliyevə qəsəbə sakinlərinin minnətdarlığını ifadə etdi.
Vitse-spiker B.Muradova qeyd etdi ki, YAP-a yarandığı ilk gündən etimad var və bunun səbəbi Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Qadına münasibətin düzgün müəyyənləşdirildiyi, balansın gözlənildiyi yerdə müvəffəqiyyət olur. YAP-da bu tarazlıq həmişə qorunub. Bu siyasətin əsasını da məhz ümummilli liderimiz qoyub. Ulu öndər Heydər Əliyev qadına, ailəyə böyük önəm verib. Odur ki, Azərbaycan qadını partiyamız yarandığı gündən özünü məhz bu təşkilatın sıralarında görüb. Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan bu etimadı Prezident İlham Əliyev doğruldub. Odur ki, qadınlarımızın təmsil olunduğu əsas partiyanın bundan sonra da Yeni Azərbaycan Partiyası olacağına əminəm”.
TORPAÄžI ƏKİB BECƏRMƏSƏN QORUMAÄžA DƏYMƏZ
Müşahidə məntəqələrini gəzdikcə insanın ürəyindən ilk keçən fikir məhz budur. Füzuli əhalisi torpaqdan ikiəlli yapışıb. Bir yandan müdafiə olunur, digər yandan əkib-becərirlər. Yol boyu bərəkətli sünbül tarlaları tezliklə burada qızğın biçinin başlayacağından xəbər verirdi. Yetər ki, may ayında təbiət yağıntılı olsun və dəmyə torpaqları sayılan Hərəmi düzünü nəmləndirsin və taxılı zay etsin. Torpağın bərəkətinə böyük ümidlər bəsləyən füzulililər, hətta ermənilərin biçməyə imkan vermədiyi ərazilərə də toxum səpməyə fürsət tapıblar. Elə biçməyə də bu qədər niyyətlidirlər. Nə olursa-olsun, əkəcək, əkdiklərini biçəcək, biçdiklərini isə burada oturub yeyəcəklər. çünki onlar əmindirlər ki, füzulilərin itirəcəyi yox, qazanacağı, geri qaytaracağı torpaqlar var. Gözlərini o torpaqlardan hələ çəkməyiblər və belə bir niyyətləri də yoxdur. Torpaqlarının böyük hissəsinin işğal altında, daha münbit torpağı, daha gözəl təbiəti olan kəndlərin düşmən tapdağında olduğunu deyən füzulililər ərazisinin qalanınını da qaytarmadan silahı yerə qoyan deyil. Vitse-spiker B.Muradova da qadınlar qarşısında çıxışı zamanı bu məqamı qeyd etdi: “Qoruyacağımıza inanmasaq, bir toxum belə səpə bilməzdik”.
Nə əkə bilərdik, nə də bir binanın təməlini qoyardıq. Füzulidə gedən böyük inkişaf isə göstərir ki, Azərbaycan ərazisində müşahidə olunan böyük tərəqqidən Füzuliyə də pay düşüb. Yenilənən, yenidən tikilən infrastruktur, ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar özünü ilk baxışdan göstərir.
YENİDƏN QAYIDANADƏK
 Azərbaycanın Ermənistanla müvəqqəti sərhədinin yerləşdiyi rayondan - Füzulidən ayrılırıq. Bakıdan təqribən 6 saatlıq məsafədə olan bu “sərhəd”dən sonra da Azərbaycan torpaqları gəlir. ölkəmizin beynəlxalq sənədlərdə əksini tapan rəsmi sərhədlərinə çatmaq üçün əlavə vaxt tələb olunur. Həmin məsafəni aşmağımız üçün bundan sonra neçə il gözləməli olduğumuzu bilməsək də, bir şeydən əminik: Azərbaycan əsgəri öz torpaqlarını qaytarmağa qadirdir!
Ruhiyyə DAŞSALAHLI
Bakı-Beyləqan-Füzuli-Bakı
Paylaş:
Baxılıb: 1225 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30