Azərbaycan və Çin yeni dəhliz quruculuğunda əməkdaşlığı genişləndirir
Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında Azərbaycanın regionda strateji nəqliyyat və enerji layihələrinin inkişafına verdiyi töhfələrə diqqət çəkib. Bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü Azərbaycan ilk dəstəkləyən ölkələrdən biri olub. Təşəbbüs çərçivəsində layihə üzrə infrastrukturların yaradılması və modernləşdirilməsi işlərinə həm ölkə daxilində və xaricdə ən çox sərmayə yatıran ölkə də Çindən sonra Azərbaycandır. Ölkəmiz Orta Dəhlizin Çinlə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirilməsi, Zəngəzur dəhlizinin isə Şərqlə Qərb arasında yeni marşrutun açılması istiqamətində davamlı səylərini davam etdirməklə öz qətiyyətli mövqeyini nümayiş etdirməkdədir.
Yeni logistika modeli Azərbaycanı sürətli tranzit marşrutlarından birinə çevirir
Energetika nazirlərinin IV konfransında Çin ilə Mərkəzi və Şərqi Avropa arasında avtomobil yükdaşımalarının sürətlə genişlənməsinə və Avrasiya logistikasında yeni marşrutların əhəmiyyətinin artmasına da toxunulub. Vurğulanıb ki, yeni TIR xətləri yük sahiblərinə ənənəvi dəniz və dəmir yolu daşımalarını tamamlayan daha çevik alternativ təqdim etməklə yanaşı, Azərbaycan və bütövlükdə Cənubi Qafqazın Çin-Avropa ticarətində tranzit mövqeyini gücləndirmək üçün əlavə imkanlar yaradır. Hazırda Çin ilə Mərkəzi və Şərqi Avropa arasında 120-dən çox marşrut üzrə TIR sistemində qeydiyyatdan keçmiş 3700-dən çox nəqliyyat vasitəsi fəaliyyət göstərir. Marşrutlar Mərkəzi Asiya, Qafqaz və Türkiyədən keçməklə geniş coğrafiyanı əhatə edir. Bu göstərici Azərbaycanın yalnız tranzit ölkə deyil, eyni zamanda, Çin mallarının Qafqaz, Türkiyə və daha sonra Avropa bazarlarına yönləndirilməsi üçün logistika qovşağı kimi imkanlarını da ön plana çıxarır.
Çin-Avropa ticarətində alternativ marşrutlara marağın artması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin də əhəmiyyətini artırır. Bu dəhliz Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və Avropaya daşınmasına imkan verir. Çin-Azərbaycan istiqamətində təxminən 15 günlük çatdırılma müddəti kommersiya baxımından mühüm göstəricidir. Dəniz nəqliyyatı böyük həcmli yüklərdə maya dəyəri baxımından üstünlüyünü qorusa da, avtomobil daşımaları sürət və “qapıdan-qapıya” çatdırılma imkanları ilə fərqlənir. Bu isə elektronika, avtomobil ehtiyat hissələri, sənaye komponentləri, elektron ticarət məhsulları və digər vaxt həssas yüklər üçün TIR marşrutlarının cəlbediciliyini artıra bilər.
“Yaşıl enerji” dəhlizində birgə həmrəylik
P.Şahbazov Azərbaycan və Çinin “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi və təmiz enerji sahəsində birgə layihələrin inkişafında ortaya qoyduğu birgə iradənin qarşılıqlı faydalar verdiyini xatırladıb. Çin şirkətləri quruda Günəş və dənizdə külək enerjisi, enerji saxlancı və elektrik şəbəkəsi infrastrukturu üzrə çoxsaylı müqavilələrin imzalanması, “China Energy” ilə hərtərəfli strateji tərəfdaşlığın qurulması, bir müddət əvvəl Günəş elektrik stansiyasının və “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) istifadəyə verilməsi “yaşıl enerji” quruculuğunda birgə həmrəyliyin nümunəsidir.
“Kəmər və Yol” təşəbbüsündə yeni xətt olan “yaşıl enerji” dəhlizləri həm Çin, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən bu dəhlizlər müasir İpək Yolu boyunca “yaşıl enerji” qurşağı formalaşdırmaqla Çinlə çoxşaxəli enerji tərəfdaşlığına da yol açır. “China Datang Corporation Limited” şirkətinin “yaşıl kabelin”in çəkilişində iştirakı nəzərdə tutulur. Hər iki ölkənin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında yaxın müttəfiqliyi isə Çinin qlobal tranzit gücünü, Azərbaycanın isə “yaşıl ixracatçı”ya çevrilmək statusunu möhkəmləndirir.
“China Energy”dən günəş və külək enerjisi layihələrinə dəstək
Səfər çərçivəsində P.Şahbazov Azərbaycan və Çinin “China Energy Engineering Corporation Limited” şirkətinin sədri Ni Zhenlə görüşub, günəş və dənizdə külək enerjisi layihələri, enerji planlaşdırılması və elektrik şəbəkəsi üzrə tədqiqatlara dair müzakirələr aparıb. Çin şirkətinin rəhbəri Hacıqabulda 160 MVt gücündə günəş və Xəzər dənizində 200 MVt gücündə pilot külək elektrikstansiyası layihələrinin icrasının uğurla davam etdirildiyini vurğualyıb. Yeni istehsal güclərinin elektrik şəbəkəsinə inteqrasiyası və şəbəkə tədqiqatları üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəstəkləyib.
Azərbaycan və Çinin “TBEA Co., Ltd” şirkəti arasında da əməkdaşlığın yeni istiqamətləri barədə anlaşma əldə olunub. “TBEA” ölkəmizin sənaye parklarında və azad iqtisadi zonalarında yüksək gərginlikli sabit cərəyan ötürücü kabellərinin və digər zəruri avadanlığın istehsalı üçün müəssisələrin yaradılması yaxın zamanlarda regionda yeni nəhəng enerji saxlama mərkəzinin fəaliyyətini təmin edəcək.
Birgə Nazirlər Bəyanatı - enerji təhlükəsizliyinə töhvə
Çinin “yaşıl texnologiyalar” üzrə tanınmış korporosiyalarından olan “China Energy International Group Co.,Ltd.” də yeni sərmayə niyyətlərini açıqlayıb. Hazırda azad edilmiş ərazilərdə təmsil olunan şirkət (Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq günəş elektrik stansiyalarının tikintisində iştirak) “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə dəstək verəcəyini bəyan edib.
Ümumilikdə, “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında imzalanan Birgə Nazirlər Bəyanatı enerji təhlükəsizliyi və enerji keçidinin paralel irəlilədilməsi, transsərhəd infrastruktura investisiyaların artırılması və təmiz enerji texnologiyalarına çıxışın genişləndirilməsi baxımından Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.
E.CƏFƏRLİ