Haitinin şimalında yanacaq daşıyan yük maşınının partlaması nəticəsində onlarla insan faciəvi şəkildə ölüb. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, yük maşınının partlaması nəticəsində azı 50 nəfər həlak olub.
Partlayışın ölkənin şimal sahilindəki Cap-Haitien şəhərində baş verdiyi bildirilib. Bələdiyyə sədrinin müavini Patrik Almonor vəziyyətin ağır olduğunu bildirərək, “Hadisə yerində 50-54 nəfərin diri-diri yandığını gördüm. Onların kimliyini müəyyən etmək mümkün deyil”, - deyib.
Almonor, həmçinin bölgədə 20-yə yaxın evin partlayışdan zərər çəkdiyini və bu evlərin alov içində qaldığını açıqlayıb. Həmin evlərdə neçə nəfərin yaşadığı barədə dəqiq məlumat yoxdur. Partlayışdan sonra yanğın söndürülüb.
Ölkədə matəm elan olunub. Hakimiyyət orqanları ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.