Dünən Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. çempionatda öncə xanım pəhləvanlar mübarizəyə qoşulublar. İlk yarış günündə Azərbaycan yığmasının iki üzvü - Fatma Əhmədova (48 kq) və Günay İsmayılova (55 kq) qüvvələrini sınayıblar.
Təəssüf ki, debüt yığmamız üçün uğursuz alınıb. Belə ki, Fatma Əhmədova 1/8 finalda Türkiyə təmsilçisi Sümeyya Sezərə məğlub olub. İlk hissə 1:1 hesabı ilə nəticələnsə də, növbəti hissədə Sezər 4 xal qazanıb. Yekunda 17 yaşlı Əhmədova rəqibinə 1:5 hesabı ilə uduzub.
Həmyerlimizin təsəlliverici mərhələyə qatılması üçün Sümeyyanın finala yüksəlməsi lazım idi. Amma türk güləşçi yarımfinalda uğursuzluqla üzləşib. Buna görə də, Fatma yox, Sümeyya özü təsəlliverici mərhələdə iştirak hüququna yiyələnib. Eyni aqibəti Günay İsmayılova da yaşayıb. 19 yaşlı pəhləvan ilk mərhələdə Sabrina Axenbekə (Almaniya) uduzub. Alman güləşçi isə 1/4 finalda latviyalı Anastasiya Qriqoryevaya məğlub olub. Bununla da, Günay İsmayılova bürünc medal qazanmaq şansını itirib.