“Android” sistemi ilə işləyən qurğular təhlükə altındadır

Mütəxəssislər "Android" əməliyyat sistemlərinin kodunda "Bluetooth" ilə bağlı təhlükəli boşluq aşkar ediblər. Məlumata görə, haker "CVE-2020-0022" səhvinin köməyi ilə "Android"in idarəetməsi altında işləyən istənilən smartfona qoşula bilər. Bunun üçün cinayətkarlara konkret qurğunun "Bluetooth" MAC ünvanını öyrənmək lazımdır.
"ERNW" agentliyinin nümayəndəsi deyib ki, 2019-cu ilin noyabrında aşkar edilmiş boşluq haqqında dərhal "Google" şirkətinə məlumat verilib. Fevralda ABŞ şirkəti "Android"in aktual versiyaları üçün tövsiyə edilmiş təhlükəsizlik paketini çıxarıb. Mütəxəssislər bildiriblər ki, "Android 9", "8" və daha əvvəlki sistemlərin istifadəçiləri təcili olaraq sistemi yeniləməlidirlər, "Android 10" versiyasının kodunda isə "CVE-2020-0022" boşluğu artıq aradan qaldırılıb.