Rusiya-Ukrayna müharibəsini dayandırmaq mümkün olacaqmı?

ABŞ, Aİ və NATO qış fəslinə qədər yeni yollar axtarışındadır 

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Komissiyası, Ukrayna və NATO nümayəndələri Mayamidə qış mövsümü ərəfəsində Rusiya-Ukrayna müharibəsində gərginliyinin azaldılması və başa çatdırılması yollarını müzakirə ediblər. Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff açıqlama yayıb. Onun sözlərinə görə, görüşdə Ukraynada davamlı və uzunmüddətli sülhün təmin olunması istiqamətində konstruktiv müzakirələr aparılıb. Danışıqlar zamanı qış mövsümünə hazırlıq, enerji sisteminin dayanıqlılığının gücləndirilməsi, taxıl ixracı, təhlükəsizlik zəmanətləri, eləcə də gələcək münaqişələrin qarşısının alınması məqsədilə Ukrayna və Avropanın uzunmüddətli təhlükəsizlik mexanizmləri nəzərdən keçirilib.

Elan edilən enerji atəşkəsi...

Tərəflər, həmçinin Ukraynanın müharibədən sonrakı bərpası, iqtisadi inkişafı və Avropa İttifaqına üzvlük perspektivlərini müzakirə ediblər. “Görüş məhsuldar keçib və ABŞ-ın Rusiya ilə növbəti təmasları ərəfəsində əlavə müzakirə tələb edən istiqamətləri müəyyənləşdirməyə imkan yaradıb”, - deyə Uitkoff bildirib. Onun sözlərinə görə, iştirakçılar təhlükəsizliyin möhkəmləndirilməsinə, uzunmüddətli sabitliyin və iqtisadi rifahın təmin olunmasına xidmət edən davamlı sülhə nail olmaq üçün diplomatik səyləri davam etdirmək barədə ortaq mövqelərini bir daha təsdiqləyiblər.

Görüşdə Rusiya və Ukrayna arasında enerji atəşkəsi də müzakirə olunub. ABŞ Prezidenti Donald Tramp sosial media hesabında oktyabrın 11-dən Ukrayna ilə Rusiya arasında enerji atəşkəsinə dair razılıq əldə olunduğunu bildirib.

Nəzərə alaq ki, görüş ABŞ-ın Rusiyadan dizel yanacağının alınacağı barədə qərarı fonunda baş tutub. Bu razılaşma Trampın  rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışığı zamanı əldə edilib. ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb ki, Rusiyanın ABŞ və dünya bazarına ilkin mərhələdə 300 min tondan çox dizel yanacağı tədarük edəcəyinə dair razılığa gəlinib. Onun sözlərinə görə, tərəflər noyabrda daha 500 min ton, ardınca isə 1 milyon ton dizel tədarükü barədə razılığa gəliblər. Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa müddətdə əlavə 3 milyon ton yanacağın bazara çıxarılması da nəzərdə tutulur.

“Rusiya enerjisi ilə bağlı bu mühüm açıqlama nəticəsində amerikalılar və bütün dünya üçün dizelin qiyməti sürətlə və rekord səviyyədə aşağı düşəcək”, - deyə ABŞ Prezidenti vurğulayıb. O, xüsusilə fermerlər, heyvandarlar və yük maşını sürücüləri üçün qiymətlərin azaldılmasını əsas prioritetlərindən biri adlandırıb.

ABŞ Rusiyanı dizellə bağlı sanksiyalardan azad edib

ABŞ Maliyyə Nazirliyi isə Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib. Bu barədə nazirliyin “X” sosial şəbəkəsində qeyd olunub. Məlumatda ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünə icazə verən müvəqqəti ümumi lisenziyanın təqdim edildiyi bildirilib. Maliyyə Nazirliyinin dərc olunmuş ümumi lisenziyasında həmçinin qeyd olunur ki, Rusiya Federasiyasında istehsal olunan dizel yanacağının satışı, çatdırılması, boşaldılması və idxalı, o cümlədən ABŞ-a idxalı ilə bağlı əməliyyatlara icazə verilir.

Bu hadisə isə rəsmi Kiyevin narazılığına səbəb olub. Ukrayna Prezidenti Zelenski hesab edir ki, bu razılaşma Rusiyanın müharibəni davam etdirməsinə, Ukraynanın məğlum edilməsinə xidmət edir.  Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin bu mövqeyini cavabsız qoymayıb. Jurnalistlər Trampdan Zelenskinin bu razılaşmanı zəif addım kimi qiymətləndirməsinə münasibətini soruşarkən “Biz güclü tərəfdaşıq. Dünyanın neftə ehtiyacı var. Buna görə də dizel yanacağı əldə etməkdən çox məmnunuq”, - deyə cavab verib. O, razılaşmaya görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib. “Rusiya ilə bağlanmış neft sazişi çox əhəmiyyətlidir. Bu, ölkəmizə külli miqdarda neftin daxil olması deməkdir”,- deyə Tramp vurğulayıb.

Tramp: Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb

Bundan əlavə, Tramp bəyan edib ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb: “Mən razılaşma əldə edə biləcək yeni liderin gəlməsini təklif edirəm. Çünki Zelenskinin razılaşma əldə etmək üçün çoxlu imkanları olub, amma nədənsə o, heç vaxt bunu etmir. Düşünürəm ki, Ukraynanın yeni prezidentə ehtiyacı var”. ABŞ Prezidenti Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri də tənqid edib. “Biz Zelenskiyə dedik ki, Rusiyaya qarşı istədiyini edə bilərsən, amma neft emalı zavodlarını vurma, çünki bu, bütün dünya üçün problemdir. Bəs o nə edir? Gedib dizel yanacağına zərbə endirir. O, buna mütləq son qoymalıdır”, - deyə Tramp bildirib.

Bütün bunların fonunda rəsmi Kiyev ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsi təşəbbüsünü dəstəklədiyini bəyan edib. Bununla belə qeyd edilib ki, Rusiyanın da atəşkəsə qoşulması vacibdir. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib ki, Kiyev ABŞ-dan təşəbbüsün detalları ilə bağlı məlumat gözləyir: “Biz Ukrayna olaraq həmişə gərginliyin azaldılmasına yönələn addımları, insanların həyatının qorunmasını, müharibəyə son qoyulması və davamlı sülhün təmin edilməsi üçün zəruri həlləri tam dəstəkləmişik”.

Zelenski bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Kiyev də Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır. O, Avropadakı müharibənin əsl səbəbkarının Rusiya olduğunu vurğulayıb. Ukrayna Prezidentinin sözlərinə görə, enerji infrastrukturuna hücumların dayandırılması mümkündür, lakin Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil. Zelenski vurğulayıb ki, gərginliyin azaldılmasına yönələn istənilən addım qarşılıqlı olmalı və real təminatlarla müşayiət edilməlidir.

Trampın seçki barədə fikirlərinə gəlincə, Zelenski deyib ki, Rusiya Prezidenti Vladimir Putin 60 günlük atəşkəsə razılaşacağı təqdirdə, Ukrayna prezident seçkiləri keçirməyə hazırdır: “Əgər Prezident Tramp həqiqətən seçkilərin keçirilməsini istəyirsə, Putinə desin ki, bizə iki aylıq tam atəşkəs təmin etsin və biz seçkiləri keçirək. Əlbəttə, Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”.

Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silah tədarükü və kəşfiyyat məlumatlarının ötürülməsi proqramlarını dayandırmaqla hədələyib. Bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ rəsmiləri oktyabrın 10-11-də Kiyev və Avropa paytaxtları ilə əlaqə saxlayaraq, Avropa vəsaitləri hesabına ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramının, eləcə də kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıla biləcəyini bildiriblər. Qəzetin yazdığına görə, Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Uitkoff və Kuşnerin Moskva səfəri niyə təxirə salınıb?

Belə bir şəraitdə, Avropa İttifaqı bu həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq. Bu haqda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen açıqlama verib. O, oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib. Lyayen “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib. “Ukrayna bu həftə Avropa İttifaqı Şurasının gündəliyində əsas məsələlərdən biri olacaq. Biz gələn il üçün maliyyə ehtiyaclarını və Kiyevə beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəyik. Həmçinin bu həftə Aİ Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib. O əlavə edib ki, Aİ tezliklə Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı danışıqların iki yeni istiqaməti üzrə məsləhətləşmələrə başlayacaq.

Zelenski isə deyib ki, Avropa İttifaqının ölkəsinə budəfəki hərbi dəstəyinin həcmi təxminən 3 milyard avro dəyərində olacaq. “Mən Rusiyanın son hücumları barədə xanım Lyayenə məlumat verdim. Xarkov bölgəsindəki enerji obyektlərinə zərbələr endirilib. Bu, ABŞ Prezidentinin enerji atəşkəsi elan etməsindən sonra baş verib. Bu şəraitdə tərəfdaşlarımızın etibarlı dəstəyi əsl xilaskardır və rusların Ukraynanı parçalaya bilməyəcəyinə zəmanətdir”, - deyə dövlət başçısı vurğulayıb.

Bu arada ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Avropanın mövqeyini dəqiqləşdirmək üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar. Bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, amerikalı nümayəndələr Ukrayna və Avropa ölkələrinin Rusiya tərəfinə təqdim ediləcək yeni birgə təkliflə bağlı razılığa gəlib-gəlmədiyini müəyyənləşdirmək istəyirlər.

N.BAYRAMLI