Ata vəsiyyətinə necə əməl olundu?
Azərbaycan dövləti və xalqı üçün 8 noyabr xüsusi bir gündür. Tarixin bu günündə - 2020-ci il noyabrın 8-də Şuşa təxminən otuz illik işğaldan sonra azadlığına qovuşub.
Uca dağlar başında qərar tutan Şuşa bizim üçün yalnız bir şəhər, yaşayış məskəni kimi əhəmiyyət daşımır. Hər bir azərbaycanlı onu həm də mənəviyyat simvolu kimi qəbul edərək qəlbində yaşadır. Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa Qarabağın tacıdır. Lakin bu şəhərin əvəzsiz dəyəri yalnız onun coğrafi yerləşməsində, təbii gözəlliyində deyil. Şuşa tarixən Azərbaycan şəhəri kimi inkişaf edib və burada onilliklər boyunca zəngin mədəniyyətimizin çox gözəl nümunələri yaranıb. Ölkəmizi bütün dünyada tanıdan muğam ustadlarının, xanəndələrin sıraları kifayət qədər geniş olan pleyadası məhz Şuşanın yetirməsidir. Buna görə də 1992-ci il mayın 8-də işğal altina düşən əziz Şuşanın 6 il bundan əvvəl igid hərbçilərimizin şücaəti ilə geri qaytarılması tariximizdə milli qürur hadisəsi kimi əbədi qalacaq.
Ulu Öndərin ən böyük arzusu - O, “Şuşa Azərbaycanın gözüdür” deyirdi
Qarabağın, bura imperialist güc mərkəzlərinin məkrli siyasətlərinin nəticəsi olaraq ermənilərin köçürülməsinin taixini yaxşı bilən Ulu Öndər Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycanda məsul vəzifələrdə çalışdığı, həmçinin respublikaya rəhbərlik etdiyi illərdə bu bölgəyə xüsusi həssaslıqla yanaşırdı. Ermənilərin Dağlıq Qarabağa iddiaları həmişə olub, onlar bu məsələni daim müxtəlif yollarla ittifaq dövlətinin gündəliyinə daşımağa çalışıblar. Ancaq Heydər Əliyev fenomeni onların bəd niyyətlərini gözlərində qoyurdu. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Heydər Əliyev ermənilərin qarşısında bir sipər kimi dayanırdı. Ulu Öndər ötən əsrin altmışıncı illərində Azərbaycan SSR DTK-da müxtəlif vəzifələrdə çalışarkən və sonradan qurumun sədri olarkən erməni millətçilərinin Ermənistanda və Xankəndidə Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı fəaliyyətlərinin izinə düşmüşdü. Erməni millətçiləri tərəfindən hazırlanan bu ssenarilər müxtəlif istiqamətləri əhatə edirdi. Bu ssenarilərə həmçinin Xankəndidə və digər ərazilərdə erməni əhalisinin Azərbaycan hakimiyyətindən narazılığını ifadə edən aksiyaların təşkil olunması, milli zəmində cinayətlərin törədilməsi, hətta erməni gənclərinin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi, Dağlıq Qarabağın respublikamızla iqtisadi bağlılığının olmaması ilə əlaqədar təbliğatlar aparılması və s. daxil idi. Respublika DTK-nın sədri Heydər Əliyev bütün bu kimi faktlar barədə müfəssəl hesabatlar hazırlayaraq respublikanın o vaxtkı rəhbərliyinə təqdim etdi və qeyd olunan ssenarilərin hamısının qarşısını aldı. O, erməni millətçilərinin planlarının pozulması əməliyyatlarında şəxsən iştirak edir və tez-tez Xankəndiyə, Şuşaya gedirdi.
Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanla iqtisadi inteqrasiyasının olmadığını əsaslandırmağa çalışırdılar. Ancaq Heydər Əliyevin keçmiş ittifaq dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə məqsədyönlü fəaliyyəti sayəsində ermənilərin bu əsaslandırmalarının da qarşısı alındı. Onun səyləri sayəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi, Dağlıq Qarabağda da genişmiqyaslı infrastruktur quruculuğu işləri görüldü, burada bir sıra istehsalatların filialları yaradıldı, aran və dağlıq Qarabağı birləşdirən Ağdam-Xankəndi dəmiryolu çəkildi. Ulu Öndər 1979-cu il yanvarın 12-də həmin yolun açılışında şəxsən iştirak etdi.
Heydər Əliyev Dağlıq Qarabağda yaşayan azərbaycanlılar arasında milli ruhun gücləndirilməsinə böyük səy göstərirdi. Şuşanı Azərbaycanın rəmzi kimi dəyərləndirən Heydər Əliyev burada mədəni mühitin canlandırılması üçün müxtəlif layihələrin, poeziya və musiqi bayramlarının keçirilməsinə nail olurdu. 1982-ci il yanvarın 14-də qarlı havada Heydər Əliyevin və ailə üzvlərinin iştirakı ilə Şuşada M.P.Vaqifin əzəmətli məqbərəsinin böyük təntənə ilə açılışı baş tutdu. Bütün bu kimi layihələrlə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanla iqtisadi, mədəni və milli bağlılığını gücləndirirdi.
Sonrakı mərhələdə - Ulu Öndər Moskvada keçmiş ittifaq rəhbərliyində çalışdığı dövrdə də ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının gündəmə gəlməsinə imkan vermədi. Heydər Əliyevin Özü ermənilərin fitnəkarlıqlarını belə xatırlayırdı: “60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Keçmiş ittifaq rəhbərliyinin siyasətinə etiraz edən Heydər Əliyev 1987-ci il oktyabr plenumunda tutduğu vəzifələrdən istefa verdi. Bununla da ermənilərin qarşısındakı sipər aradan qalxdı və onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda açıq fəaliyyətə başladılar. Belə ki, Heydər Əliyev bütün vəzifələrdən gedəndən heç iki həftə keçməmiş erməni separatçılar məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin.
Havadarlarının dəstəyinə arxalanan Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycandakı AXC-”Müsavat” iqtidarının diletant siyasətindən bəhrələnməklə keçmiş Dağlıq Qarabağın və daha beş rayonun işğalına nail oldu. İş elə gətirdi ki, torpaqlarımızın işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünün təmin olunması siyasətinin əsasını da Ulu Öndər Heydər Əliyev qoydu. Prezident Ilham Əliyevin bidirdiyi kimi, Torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Heydər Əliyevin Özü qəlbindən keçən hisslərini, torpaqlarımıza qayıdacağımıza bəslədiyi böyük ümidlərini ifadə edərək deyirdi: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”.
Əziz Şuşa, biz qayıtmışıq!
Xalqımızın mental dəyərlərində ata vəsiyyəti, oğul qeyrəti kimi anlayışlar xüsusi yer tutur. Tarixdən gələn ənənədir: Oğul atanın vəsiyyətini yerinə yetirməyi özünə borc bilir, buna nail olduqda isə özünü dünyanın ən xoşbəxt insanı sanır. Bu mənada Prezident İlham Əliyev xoşbəxt insandır. O, 44 günlük müharibəsində atasının Şuşanın, digər ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı vəsiyyətini yerinə yetirməyə nail oldu.
1992-ci il mayın 8-də Şuşa şəhərinin xəyanət nəticəsində işğal altına düşməsi hər bir azərbaycanlı üçün son dərəcə kədərli idi. Otuz ilə yaxın bir dövrü əhatə edən işğal gecə-gündüz qəlbimizi göynədirdi. Biz daxilən Şuşanın işğalını heç vaxt qəbul etmirdik, bununla barışmırdıq. Hər birimizin qəlbində baş vermiş mənfur işğala qarşı bir etiraz, müqavimət var idi. Elə Prezident, Ali Baş Komandan İlham Əliyev də Şuşanın düşmən əlində qalmasına qətiyyən razı deyildi. Məlumdur ki, uzun sürən danışıqlar prosesində və elə Vətən müharibəsi günlərində dövlətimizin başçısına ermənilərin havadarlarından müxtəlif təzyiq cəhdləri göstərilirdi. Bizdən yarımçıq sülh istənilirdi. Prezident İlham Əliyev qətiyyət və diplomatik məharət göstərdi, müharibənin dayandırlması üçün Ermənistanın ərazilərimizdən tamam geri çəkilməsini, bununla bağlı cədvəl təqdim etməsini istədi. Həm də bütün dünyaya birmənalı şəkildə bəyan etdi ki, Şuşasız bizim işimiz, missiyamız yarımçıq qalar, tamamlanmaz. Beləliklə, ana torpaq, doğma ərazilər, o cümlədən də Şuşanın azad edilməsi məsələsində xalqın istəyi ilə dövlət başçısının siyasi iradəsi bir-birini tamamlayırdı.
Bu vədət, həmrəylik, Şuşanı azad etmək əzmi igid əsgər və zabitlərimizə də sirayət etmişdi. Onların Şuşanı azad etmələri, sözün əsl mənasında bir qəhrəmanlıq nümunəsidir. Meşənin içindəki cığırdan keçib Şuşaya çatan hərbçilərimiz misilsiz şücaətlər göstərdilər. Vətən müharibəsi günlərində KİV-də bir foto manşetlərdə təqdim olundu. Həmin fotoda əlində silah, çiyinlərində yaralı səngər yoldaşını daşıyaraq həmin o cığırla Şuşaya doğru irəliləyən Azərbaycan əsgəri təsvir olunmuşdu. Budur, bizim hərbçilərin sərhəd tanımayan Vətən, torpaq və Şuşa sevgisi! Noyabrın 8-i, 2020-ci il. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azadlığa qovuşduğu barədə xoş müjdəni Azərbaycan xalqına çatdırdı. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Prezident İlham Əliyevin həmin gün xalqa müraciətində səsləndirdiyi bu sözlər indi də qulaqlarda əks-səda verir. 2020-ci il noyabrın 8-i şanlı Qələbəmiz Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin Sərəncamı ilə “Zəfər günü” elan edildi.
Müharibədən sonra azad Şuşanın həyatında yeni dönəm başlayıb. Şəhər sürətlə dirçəldilir. Burada müasir infrastruktur qurulur, yaşayış evləri tikilir. Artıq şəhər mərhələli şəkildə məskunlaşdırılır. Eyni zamanda. Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşanın qaynar mədəni həyatı geri qayıdır, tarixi abidələr bir-birinin ardıca bərpa olunur. Bir sözlə, azad Şuşa doğma əllərdədir və yeni növrağını yaşayır.
Mübariz ABDULLAYEV