“Zəfər yolu” tarixi qələbəmizin simvollarından biridir
8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan müqəddəs gündür. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
İlk layihə...
Şanlı zəfərimizin simvollarından biri də “Zəfər yolu”dur. 44 günlük müharibədə qəhrəman döyüşçülərimizin Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolu salınıb. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər yolu” adlandırıb. Belə ki, Vətən müharibəsinin başa çatmasından dərhal sonra ölkə rəhbərliyinin azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün verdiyi tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi oldu. Təməli qoyulan ilk layihə isə bu yol idi.
2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq bu avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. Bundan dərhal sonra isə layihənin icrasına start verilib. Həmin gün bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdi: “Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Dövlət başçısı tərəfindən 2020-ci il noyabrın 17-də isə Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.
“Zəfər yolu” 1 ildən də tez inşa edilib
7 noyabr 2021-ci ildə isə yolun rəsmi açılışı olub. Belə ki, Azərbaycan Prezidenti və birinci xanım “Zəfər yolu”nun açılışını reallaşdırıblar. “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-ci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürən bu yol Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
Şuşanın və ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla çəkilən “Zəfər yolu” yüksək səviyyədə inşa olunub və mənzilbaşına heç bir çətinliklə üzləşmədən rahat yetişmək mümkündür. Bu baxımdan təəssürat ondan ibarətdir ki, ilk gündən yol boyunca tikinti işləri sürətlə həyata keçirilib. Xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə əvvəlcə ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Cəmi 2 ay ərzində ərazi genişləndirilib, yeni torpaq yatağı inşa edilib və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb. Çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə yolun eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilib. Yolda 4 yeni avtomobil körpüsü də inşa edilib. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla, yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü kilometrlik hissələrini əhatə edir. Eyni zamanda, bu yolda 7 tunel inşa olunub. Ərazinin dağlıq olduğunu nəzərə alaraq suların ötürülməsini təmin etmək məqsədilə 82 drenaj quyusu qazılıb, 5.6 km uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3.2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib. Həmçinin 120 km-ə yaxın beton küvetlər tikilib.
“Zəfər yolu”- şanlı tarixin şahidi
Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Bir sözlə, “Zəfər yolu” şəhidlərimizin qanı ilə yazdıqları şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi dəyəri, xüsusi önəmi var. Ona görə Prezident İlham Əliyevin Şuşaya çəkilən magistral yolu “Zəfər yolu” adlandırması təsadüfi deyil. Bu yol boyunca torpaqların hər qarışına şəhidlərimizin və qazilərimizin qanı qarışıb. Başqa sözlə, rəşadətli Azərbaycan Ordusu bu yolla irəliləyərək döyüşüb, bu yolda şəhidlər verərək Şuşanı və ətraf yaşayış məntəqələrini düşməndən azad edib, zəfər qazanıb. Odur ki, bu yol Azərbaycanın müasir tarixində ordumuzu şanlı qələbəyə aparan müqəddəs yol kimi qalacaq!
Nardar BAYRAMLI