Azərbaycan boksçusu Dünya Kubokunun qalibi olub

Azərbaycan boksçusu Dünya Kubokunun qalibi olub

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komandamız yarışı 2 medalla başa vurub.

Yığmamızın heyətində Zidan Hümbətov Dünya Kubokuna yiyələnib. 51 kiloqramda mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqramda) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığmamızın üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.