“Abşeron” blokuna dair Hasilatın Pay Bölgüsü Sazişi təsdiq edilib
Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişi təsdiq edib. Sənədə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın “TotalEnergies EP Absheron B.V”, “SOCAR Absheron” və Birləşmiş Ərəb Əmirliklərinin “ADNOC İnternational ProjectCo 1RSC Limited” şirkətləri arasında imzalanmış saziş dəyişdirilib və yeni redaksiyada tərtib olunub.
Qeyd edək ki, “Abşeron” yatağı üzrə ilkin Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu ildə imzalanıb və yataqda kəşfiyyat işləri aparılıb. Kəşfiyyat işləri uğurla nəticələndikdən sonra blokda işlənmə və hasilat proqramı 2017-ci ildə qəbul edilib. 2023-cü ildə yataqda hasilata başlanılıb və həmin il quyudan illik qaz hasilatı 1.5 milyard kubmetr təşkil edib. 2024-2025-ci ildə isə hasilat 2 milyard kubmetrə bərabər olub.
Beləliklə, “Abşeron” blokunda yeni hasilat - tammiqyaslı emal-nəql işlərinin başlanması üçün beynəlxalq konsorsiumlar tərəfindən birgə sərmayə planına start verilmiş olur.
Cənub Qaz Dəhlizinin etibarlı bloku
“Abşeron” yatağı Azərbaycanın enerji strategiyasında mühüm yer tutan əsas karbohidrogen mənbələrindən biridir. Bu yataq Cənub Qaz Dəhlizinin və onun mühüm tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) ən perspektivli bloklarından sayılır. Ehtiyatların həcminə görə, “Şahdəniz”dən sonra Azərbaycanın ikinci böyük yatağıdır. Hazırda “Abşeron” qaz-kondensat yatağından hasil edilən qaz dənizdəki 140 kilometrlik boru kəməri vasitəsilə Səngəçal terminalına nəql olunur, ordan isə həm Azərbaycanın daxili bazarına, həm də mövcud qaz nəqli infrastrukturu ilə Türkiyə və Avropa bazarlarına yönləndirilir. Yataqda 350-360 milyard kub.metr qaz ehtiyatları ehtimal olunur. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kub.metrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron” yatağının ehtiyatları hesabına Avropa İttifaqı ölkələrinə ən azı 20-25 il ərzində dayanqılı qaz nəqlinin mümkünlüyünü təsdiqləyir.
2029-cu ildə 6 milyard kubmetr qaz hasilatı
“Abşeron” yatağının resurslarının maksimal işlənməsini təmin etmək və qaz istehsalını artırmaq üçün Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 2026-cı ilin sentyabrında qəbul edilib və tərəfdaşlar arasında Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Yataqda tammiqyaslı işlənmə planı 2029-cu ildə mümkün olacaq. Bu mərhələ həm də Azərbaycanda qaz bumunun ikinci fazasının başlanması deməkdir. Belə ki, “Abşeron” blokunda ümumi qaz hasilatının illik 6 milyard kubmetrə çatdırılması planlaşdırılır ki, nəticədə Azərbaycanın il ərzində dünya bazarlarına qaz nəqlinin təxminən 4-5 milyard kubmetr artacağı mümkün olacaq.
Azərbaycan hazırda Avropaya təxminən illik 12-13 milyard kubmetr qaz ixrac edir. 2028-2030-cu illərdə ölkəmzin Avropa regionuna ixracının 15-16 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır. Qaz tədarükündə əsas mənbə “Şahdəniz” layihəsidir və təkcə “Şahdəniz-2” blokundan illik 16-17 milyard kubmetr qaz istehsal olunur. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa, “Azəri-Çıraq-Günəşli” (ACG) blokunda hasilatın həcmi yüksəlir. Perspektiv yataqlar kimi “Abşeron” və “Ümid” blokları da xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu iqtisadi institutlarından biri olan “Fitch Ratings” bir müddət əvvək açıqladığı hesabatda “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğunu bildirib. Ümumilikdə, “Abşeron” və digər yataqlar da daxil olmaqla, Azərbaycanın təsdiqlənən qaz ehtiyatlarıı 2,6 trilyon kubmetr fərz edilir.
Beləliklə, 2029-cu ildə “Abşeron”dan illik 6 milyard kubmetr qaz hasilatının təmin edilməsi sayəsində Azərbaycanın Aİ-yə ixracının həcmi də 16 milyard kubmetri ötmüş olacaq. Eyni zamanda, həmin mənbə hesabına Türkiyəyə 15 illik müddət ərzində 33 milyard kubmetr təbii qaz nəqli nəzərdə tutulur.
TAP kəmərinin ötürücülük potensialı genişləndiriləcək
“Abşeron” yatağının və Xəzərdəki digər bloklarda hasilat və nəql imkanlarının böyüməsi Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsini labüdləşdirir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində konsorsuium üzvləri və layihə tərəfdaşları arasında yeni təkilflər hazırlanıb. Belə ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün tələb olunan irihəcmli maliyyə vəsaitinin ayrılmasında Avropa Komissiyasının təşəbbüsü ilə Avropa maliyyə institutlarının sərmayə ayırması tələb olunur. Yaxın vaxtlarda maliyyə təşkilatları ilə birgə yekun investisiya qərarının verilməsi nəzərdə tutulur.
Beləliklə, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsinin başlanması ilə Azərbaycan neft-qaz strategiyasında da mühüm hadisəyə imza atır. Bu qaz yatağı ölkəmizin enerji potensialının güclənməsinə və qazın beynəlxalq bazarlara nəqlinin artmasına, respublikamızın iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək.
E.CƏFƏRLİ