“ING” proqnozunu yenilədi

“ING” proqnozunu yenilədi

2027-ci ildə ölkəmizdə inflyasiya sabit qalacaq

Niderlandın ən böyük maliyyə-bank təsisatlarından olan “ING Group” region ölkələri ilə bağlı yenilənmiş inflyasiya proqnozunu açıqlayıb. Təşkilatın hesabatında Azərbaycanda 2026-cı il üzrə orta illik inflyasiyanın 4,8-5 faiz civarında olacağı proqnozlaşdırılır. “ING” qrupunun Qafqaz, Mərkəzi Asiya və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib ki, Azərbaycanın hökumətinin iqtisadi bloku xarici inflyasiya təzyiqlərini neytrallaşdırmaq üçün nəzarət mexanizmini diqqətdə saxlamaqla, çox yaxşı sabitləşdirici nəticələr əldə etməyə nail olmaqdadır. Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın digər ölkələrinə nisbətən Aİ və ya Çin kimi ticarət tərəfdaşları ilə mübadilələrdə inflyasiya təsirlərinə daha çox məruz qalsa da, qiymət indeksinin müəyyən olunmuş hədəf çərçivəsində saxlanması mümkündür.

Geosiyasi və geoiqtisadi risklər inflyasiya təzyiqi yaradır

D.Dolqin növbəti ildə də qiymət bazarı ilə bağlı xarici amillərin təsiredici rolunun qalacağını istisna etməyib. İqtisadçının fikrincə, qlobal bazar gərginlikləri bütün region ölkələrinin inflyasiya portfellərinə təzyiq edəcək, ancaq riskli qiymət təhdidlərini düşünmək olmaz. Dolqin müxtəlif regionlarda inflyasiyanın Mərkəzi bankların uçot siyasətinə dəyişiklik edəcəyi ssenarililərinin mümkünlüyünü istisna etməyib. İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq.

Uçot dərəcəsinin sabit qalacağı fərz edilir

Azərbaycana gəlincə, Mərkəzi Bankın (MB) qiymət indeksi ilə bağlı yenilənmiş proqnozlarına görə, 2027-ci ildə inflyasiya 5,9 faiz olacaq. Yəni, ehtimal olunan faiz həddi hədəf diapazonunun saxlanılması fonunda uçot siyasətinə hansısa dəyişiklikləri labüd etmir. Mərkəzi Bankın uçot dərəcəsini artırması o halda mümkün ola bilər ki, qiymət indeksi qeyd edilən yuxarı hədd diapozonunu ötsün. Əks halda faiz dərəcəsinin artırılmasına ehtiyac yaranmayacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda uçot dərəcəsi 6,5 faiz, dəhlizin aşağı həddi 5 faiz və yuxarı həddi isə 7,5 faiz səviyyəsində sabit saxlanılıb. MB faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alır. Hazırda illik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. Bu baxımdan uçot dəhlizinin 2027-ci də dayanıqlı olacağı fərz edilir.

2026-2028-ci illərdə ÜDM-in orta artımı 2,4 faiz olacaq

“ING Group” Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını da dəyişməz saxlayıb. Təşkilat 2026-cı ildə qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnozunda Azərbaycan iqtisadiyyatını sabit və inkişaf edən və iqtisadi artımın ümidverici olduğunu əks etdirən göstəriclər əsasında xarakterizə edib. Təşkilatın ehtimallarına görə, dünya bazarlarında neft qiymətlərinin yüksək olması fonunda Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 9-10 faizini təşkil edə bilər. Xammal mallarının qiymətinin artması və portfel investisiyalarının əhəmiyyətli dərəcədə axını MDB regionu ölkələrində karbohidrogen ixracatçılarının xarici mövqelərini gücləndirir və regional valyutaların məzənnələrini dəstəkləyir.

Yüksək enerji qiymətləri tədiyyə balansı göstəricilərini yaxşılaşdırsa da, Azərbaycanda iqtisadi artıma əsas təsir edəcək amil qeyri-neft sektorunda dinamikadır. Bu baxımdan ÜDM-in artım neft qiymətlərindən daha çox, qeyri-neft sektorundakı dayanıqlılığa söykənir. “İNG” hesab edir ki, ölkəmizdə 2026-cı ildə iqtisadi artım 2 faiz, 2027-ci ildə 3 faiz, 2028-ci ildə 2,3 faiz səviyyəsində proqnozlaşdırlır. Beləliklə, ölkəmizdə ÜDM-nin 2026-2028-ci illərdə orta illik artımı 2,43 faiz səviyyəsində fərz edilir.

E.CƏFƏRLİ