Bakı Türk Liseyində Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatı təsis edilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, giriş 65 ünvanında yerləşən Bakı Türk Liseyində (TDV Bakı Türk Liseyi) yeni ərazi partiya təşkilatının təsis iclası keçirilib.

İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Təsis iclasına YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov sədrlik edib. İclasda Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ideoloji prinsipləri, cəmiyyətin müxtəlif təbəqələrinin siyasi və ictimai proseslərdə iştirakının təmin olunmasında partiyanın rolu, eləcə də ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən Bakı Türk Liseyinin direktor müavini Rəşad İbrahimov və digər iştirakçılar Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, partiyanın ideoloji xəttinin, dövlətçilik prinsiplərinin və milli maraqların qorunmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ərazi partiya təşkilatlarının yaradılması partiyanın fəaliyyətinin genişləndirilməsi, üzvlər arasında həmrəyliyin gücləndirilməsi, ideoloji maarifləndirmənin və təşkilati işin daha səmərəli qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Təsis iclasında təşkilati məsələlərə baxılıb. Nüşabə Hümmətova yekdilliklə Bakı Türk Liseyi üzrə ərazi partiya təşkilatının sədri, Ayşən Bayramlı isə sədr müavini seçilib.

Yeni seçilmiş sədr və sədr müavini göstərilən etimada görə təşəkkür edərək, ərazi partiya təşkilatının fəaliyyətinin səmərəli təşkili, partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlər arasında birlik və fəallığın artırılması istiqamətində səylərini əsirgəməyəcəklərini bildiriblər.

İclas Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.