Yeni mərhələnin astanasında: Prezident İlham Əliyevin Vyetnama səfəri və strateji tərəfdaşlığın perspektivləri

Yeni mərhələnin astanasında: Prezident İlham Əliyevin Vyetnama səfəri və strateji tərəfdaşlığın perspektivləri

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə dövlət başçısının Vyetnama qarşıdakı rəsmi səfəri ərəfəsində Azərbaycan-Vyetnam əlaqələrinin hərtərəfli mənzərəsini təqdim edir. Müsahibədə siyasi dialoq, iqtisadi-ticari münasibətlər, humanitar əlaqələr və səfərdən gözləntilər kimi dörd əsas mövzu əhatə olunub. Bu yazıda müsahibənin əsas mesajlarını ümumiləşdirərək səfərin hansı perspektivlər vəd etdiyinə nəzər salırıq.

“Dost Vyetnam”

Müsahibənin son hissəsində dövlət başçısı qarşıdakı səfərlə bağlı gözləntilərini bölüşüb: “Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq.” Bu sözlərdə istifadə olunan “dost Vyetnam” ifadəsi təsadüfi deyil – o, iki ölkə arasında münasibətlərin xarakterini bir neçə sözlə ifadə edir.

İki dinamik tərəfdaş

Prezident İlham Əliyev iki ölkənin bugünkü mövqeyini qısa və dəqiq formulla səciyyələndirib: Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Bu formul tərəfdaşlığın məntiqini açır. Bir tərəfdə sürətlə böyüyən iqtisadiyyat, digər tərəfdə Avrasiyanın mərkəzində yerləşən enerji və nəqliyyat imkanları – bu iki amil bir-birini uğurla tamamlayır.

Dövlət başçısının sözlərinə görə, qüvvələri birləşdirməklə ölkələrimiz yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilər. Prezident əminliklə bildirib ki, əməkdaşlığın ölkələrə və xalqlara nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialı var.

Möhkəm təməl

Gələcəyə baxış üçün möhkəm zəmin artıq mövcuddur. Müsahibədə xatırladılıb ki, münasibətlərin təxminən yetmişillik tarixi 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə başlayıb, 1983-cü ildə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ilə sıçrayış edib. Müstəqillik dövründə 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın cavab səfəri, 2025-ci ildə isə Baş katib To Lamın Azərbaycana ilk dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbulu əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.

Əməkdaşlığın prioritet istiqamətləri

Müsahibədə səsləndirilən mesajlar əsasında tərəfdaşlığın bir neçə prioritet istiqaməti üzərində dayanmaq olar.

Birincisi, ticarət dövriyyəsinin artırılması. 2025-ci ildə 150 milyon dolları ötən dövriyyə, dövlət başçısının sözləri ilə desək, real imkanları hələ əks etdirmir. Hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.

İkincisi, enerji əməkdaşlığı. SOCAR ilə PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu kəşfiyyat, işlənmə, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrini əhatə edir. Bərpa olunan enerji istiqamətində isə “ROX Group” şirkətinin Azərbaycanda Günəş və külək enerjisi layihələrinə marağı yeni imkanlar açır.

Üçüncüsü, nəqliyyat-logistika. Tranzit daşımalarının 2026-cı ilin doqquz ayında təxminən altı dəfə artaraq 8 min tonu ötməsi Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin Vyetnam üçün cəlbediciliyini təsdiqləyir.

Dördüncüsü, humanitar əlaqələr. Heydər Əliyev Fondunun layihələri, universitetlərarası əməkdaşlıq, Qoşulmama Hərəkatı ölkələri üçün təhsil qrantları, Vyetnam Günləri və ədəbi-mədəni mübadilə xalqlar arasında yaxınlığı daha da artırır.

Beynəlxalq əməkdaşlıq

Bu səfər həmçinin iki ölkənin çoxtərəfli platformalarda əməkdaşlığının gücləndirilməsi baxımından da önəmlidir. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx qarşılıqlı əlaqə saxlayır. Bu həmrəylik qlobal gündəlikdə hər iki ölkənin mövqeyini daha da gücləndirir.

Çoxsəviyyəli dialoq

Səfərin uğurunu təmin edən amillərdən biri də iki ölkə arasında formalaşmış çoxsəviyyəli dialoq mexanizmləridir. Dövlət başçısının qeyd etdiyi kimi, ali səviyyəli siyasi təmaslarla paralel olaraq hökumətlərarası komissiyalar, müvafiq idarələr və parlamentlərarası dostluq qrupları xətti ilə səmərəli dialoq aparılır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq da bu dialoqun mühüm tərkib hissəsidir. Bu mexanizmlər ali səviyyədə əldə olunan razılaşmaların ardıcıl və vaxtında icrasını təmin edir, tərəfdaşlığa davamlılıq qazandırır. Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi əminlik – planauyğun birgə işin ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr verəcəyi – məhz bu institusional bazaya əsaslanır.

 Prezident İlham Əliyevin VNA-ya müsahibəsi bir mühüm həqiqəti bir daha təsdiqləyir: Azərbaycan-Vyetnam dostluğu keçmişin xatirəsi deyil, gələcəyə yönəlmiş canlı tərəfdaşlıqdır. Tarixi irsə hörmət, bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması prinsipləri üzərində qurulan bu münasibətlər qarşıdakı səfərlə yeni mərhələyə qədəm qoyacaq. Dövlət başçısının ifadə etdiyi əminlik – əməkdaşlığın böyük quruculuq potensialına malik olması – iki xalqın ortaq gələcəyinin etibarlı təminatıdır.

 

Coşqun Dadaşov

Rəşid Behbudov küçəsi,134 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 
Azərbaycan Dillər Universitetində rektorun müşaviri