Kəlbəcər şəhəri günü: xarabalıqdan cənnətə çevrilən əzəli yurd yerimiz

Kəlbəcər şəhəri günü: xarabalıqdan cənnətə çevrilən əzəli yurd yerimiz

 

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi tarixi Qələbə günlərini əbədiləşdirdi. Həmin Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub. Artıq 4-cü ildir ki, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu gün, həmçinin Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. Kəlbəcərin işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və yenilməz Ordumuzun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Kəlbəcərin işğalı nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşmüş, 55 hərbçi, 511 mülki sakin öldürülmüş, 321 nəfər əsir götürülmüşdü, itkin düşmüş və minlərlə sakin yaralanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Məlum olduğu kimi, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasətindən əl çəkməyərək BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlamışdı. Ona görə də Kəlbəcərin boşaldılması üçün əlavə vaxt verildi. Bununla da Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

Bu ərazidəki strateji yüksəkliklər götürülərək erməni silahlı qüvvələrinin hərəkətləri məhdudlaşdırıldı və faktiki olaraq işğalçılar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Yenilməz Ordumuz bəzi istiqamətlərdə strateji nöqtələrdə nəzarəti ələ keçirərək Ermənistan ordusunun hərəkətlərini, demək olar ki, iflic vəziyyətə saldı. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması zamanı törədilən vəhşiliklər işğalçıların barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri tərk edən qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Ermənistan bu cinayəti də törədərək beynəlxalq hüquq normalarına hörmətsizliyini açıq şəkildə nümayiş etdirdi.

Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağı yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdan ibarətdir. İstisuyu yerin təkindən 58,8 dərəcə C istiliyində qaynayır. Mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Ərazidəki bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

“İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottec də tikilir.

Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidə var. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəng kompleksi Ağdərə-Kəlbəcər avtomobil yolunun üzərində inşa edilib. Laçın kəndində “Laçınqaya” qalası, Lev kəndində “Lev” kilsəsi, Qaraçanlı kəndində “Uluxan” qalası, Başlıbel kəndində “Aşağı qalaça” və “Yuxarı qalaça”, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə “Lök” qalası, Qalaboynu və Comərd qalaları da digər qədim alban abidələri sırasına daxildir.

Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.

Bütün bunlar artıq arxada qalıb. Bu gün Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfərindən sonra burada əsaslı yenidənqurma işlərinə start verildi. Bu müddət ərzində dövlətimizin başçısı 7 dəfə Kəlbəcərə səfər edib. Hər dəfə yeni müəssisələrin açılışı digərlərinin isə təməli qoyulub. Hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Bütün işlər planlaşdırılmış şəkildə davam etdirilir. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” yarımstansiyasının, “Zar” KSES-in açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir. Artıq “İstisu” mineral suyunu rəsmi qəbullarda və görüşlərdə görmək olur. Bu, 44 günlük müharibədə qazanılan Qələbəni tərənnüm edən rəmzlərdən biridir.