25 Noyabr – Qələbədən quruculuğa uzanan yol

24 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Poylu kənd”, “Qıraq Kəsəmən kənd”, “Aşağı Kəsəmən kənd” və “Zəlimxan kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 25 noyabr “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, 25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın tarixi torpaqlarına qovuşmasının, milli birliyinin və dövlətimizin gücünün təcəssümüdür. Kəlbəcər Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi-mədəni irsi və qədim yaşayış məskənləri ilə seçilən diyarlarından biridir.

Tədbirdə çıxış edən digər natiqlər – “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev, Poylu kənd 2 saylı Körpələr evi-uşaq bağçasının müdiri Nigar Sadıqzadə,  “Aşağı Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının sədri Vüqar Qasımov və Poylu kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Elsevər Rzayev bildiriblər ki, 25 Noyabr – Kəlbəcər şəhəri günü bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın sarsılmaz Vətən sevgisini bir daha xatırladır. Bu gün Kəlbəcər azaddır, yenidən qurulur və gələcəyə inamla addımlayır.