Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı: Şərq istiqamətində yeni əməkdaşlıq imkanları

Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı: Şərq istiqamətində yeni əməkdaşlıq imkanları

 

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və dövlətlər arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir şəraitdə Azərbaycan özünün çoxşaxəli və müstəqil xarici siyasət strategiyasına uyğun olaraq Şərq ölkələri ilə münasibətlərini ardıcıl şəkildə genişləndirir. Siyasi dialoq, enerji təhlükəsizliyi, investisiya, nəqliyyat-logistika, texnologiya və beynəlxalq platformalarda əməkdaşlıq bu siyasətin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin 20–21 noyabr 2026-cı il tarixlərində Vyetnama rəsmi səfəri də məhz bu strateji yanaşmanın mühüm tərkib hissəsi olmaqla, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur.

Bakı ilə Hanoy arasında münasibətlərin 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə keçdiyini göstərir. Bu qərar yalnız diplomatik münasibətlərin inkişafı baxımından deyil, həm də qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması, yeni investisiya imkanlarının yaradılması və regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əslində, bu tərəfdaşlığın təməlində uzun illər ərzində formalaşmış dostluq və siyasi etimad dayanır.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 24 il keçsə də, Azərbaycan və Vyetnam xalqları arasındakı dostluq əlaqələrinin tarixi daha qədimdir. 1959-cu ildə Vyetnamın tarixi lideri Ho Şi Minin Azərbaycana səfəri, 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnamda olması ikitərəfli münasibətlərin formalaşmasında xüsusi yer tutur. Həmin tarixi təmaslar qarşılıqlı hörmətə, dostluğa və xalqlar arasında həmrəyliyə əsaslanan münasibətlərin möhkəm təməlini yaradıb. Prezident İlham Əliyevin 2014-cü ildən sonra yenidən Vyetnama səfəri isə bu əlaqələrin davamlı siyasi dialoq və qarşılıqlı maraqlar əsasında inkişafına əlavə təkan verib.

Noyabr səfərinin siyasi əhəmiyyəti, ilk növbədə, yüksək səviyyəli görüşlərin əhatə dairəsində və müzakirə olunan məsələlərin strateji məzmununda özünü göstərir. Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və ölkə Prezidenti To Lam, Baş nazir, eləcə də Milli Assambleyanın sədri ilə keçirdiyi görüşlər iki ölkənin münasibətlərə verdiyi önəmin bariz ifadəsidir. Təmaslar zamanı siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyevin səfər zamanı vurğuladığı kimi, “ötən il biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı”. Vyetnam dövlət başçısının Azərbaycanı regionda mühüm strateji tərəfdaş kimi dəyərləndirməsi də qarşılıqlı siyasi iradənin və etimadın göstəricisidir. Bu yanaşma onu deməyə əsas verir ki, Bakı–Hanoy münasibətləri yalnız mövcud əməkdaşlıq çərçivəsində məhdudlaşmır, gələcək üçün daha geniş və uzunmüddətli hədəfləri ehtiva edir.

Səfərin mühüm nəticələrindən biri qəbul edilən Birgə Bəyanatdır. Mahiyyət etibarilə bu sənəd Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən siyasi və praktiki yol xəritəsi kimi qiymətləndirilə bilər. Tərəflərin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə sadiqliklərini bir daha təsdiqləməsi münasibətlərin fundamental siyasi əsaslarını möhkəmləndirir. Bu prinsiplər Azərbaycanın xarici siyasət konsepsiyasının da mühüm dayaqlarındandır.

İkitərəfli əməkdaşlığın iqtisadi və enerji istiqaməti isə xüsusi diqqət çəkir. Azərbaycan zəngin enerji resursları, formalaşmış neft-qaz infrastrukturu və beynəlxalq enerji bazarlarında qazandığı təcrübə ilə seçilir. Vyetnam isə dinamik inkişaf edən iqtisadiyyatı, sənaye potensialı və Cənub-Şərqi Asiyada artan iqtisadi mövqeyi ilə Azərbaycan üçün mühüm tərəfdaşdır. Bu baxımdan xam neft və mayeləşdirilmiş təbii qazın təchizatı, neft-qaz hasilatı, eləcə də bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı fayda və uzunmüddətli iqtisadi maraqlara əsaslanır.

Xüsusilə Vyetnamın Azərbaycanda günəş və külək elektrik stansiyaları layihələrində iştirakına dair icra müqaviləsinin mübadilə olunan sənədlər sırasında yer alması mühüm hadisədir. Bu addım Azərbaycanın yaşıl enerji strategiyasının beynəlxalq investisiyalar üçün yaratdığı imkanları nümayiş etdirir. Eyni zamanda, xarici tərəfdaşların bərpaolunan enerji sektoruna cəlb edilməsi ölkənin enerji balansının şaxələndirilməsinə, müasir texnologiyaların tətbiqinə və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Beləliklə, əməkdaşlıq ənənəvi enerji sahəsi ilə yanaşı, gələcəyin iqtisadiyyatının əsas istiqamətlərindən biri olan yaşıl enerji sahəsini də əhatə edir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi də strateji tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycanın Şərqlə Qərb arasında etibarlı tranzit və logistika mərkəzinə çevrilməsi, Orta Dəhlizin inkişafı və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi Vyetnamın Avropa bazarlarına çıxış imkanları baxımından da əhəmiyyətlidir. Bu əməkdaşlıq yalnız yükdaşımaların həcminin artırılmasına deyil, həm də ticarət marşrutlarının şaxələndirilməsinə, tranzit müddətlərinin optimallaşdırılmasına və yeni iqtisadi əlaqələrin qurulmasına şərait yaradır. Birbaşa aviareyslərin təşkili perspektivi isə biznes dairələri arasında təmasların, turizm əlaqələrinin və insanlararası münasibətlərin inkişafına əlavə imkanlar açır.

Azərbaycan–Vyetnam münasibətlərinin mühüm siyasi tərəflərindən biri də qarşılıqlı dəstək və həmrəylik ənənəsidir. Prezident İlham Əliyevin 2020-ci il Vətən müharibəsi zamanı Vyetnamın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı nəzərdə tutulan məhdudiyyətlərin tətbiqinə qarşı nümayiş etdirdiyi mövqeyi xüsusi qeyd etməsi və “bu dəstək heç vaxt unudulmayacaq” fikrini səsləndirməsi bunun bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə dostluğa, prinsipial mövqeyə və qarşılıqlı dəstəyə verdiyi önəmi ifadə edir. Eyni zamanda, Azərbaycan xalqının Vyetnamın müstəqillik və azadlıq uğrunda mübarizəsinə tarixi dəstəyi də iki xalq arasında münasibətlərin mənəvi-siyasi əsaslarını gücləndirən amillərdəndir.

Birgə Bəyanatda müdafiə və təhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, minatəmizləmə, təhsil, elm və mədəniyyət sahələrinə də geniş yer ayrılması tərəfdaşlığın çoxşaxəli xarakterini təsdiqləyir. Xüsusilə mina problemi ilə üzləşən hər iki ölkənin bu sahədə təcrübə mübadiləsi aparması praktiki baxımdan əhəmiyyətlidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə fəaliyyəti, bu sahədə formalaşan texniki və institusional təcrübə Vyetnamla əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Kibertəhlükəsizlik və müasir texnologiyalar sahəsində qarşılıqlı təcrübənin bölüşdürülməsi isə yeni təhlükəsizlik çağırışlarına birgə cavab verilməsi baxımından vacibdir.

Humanitar sahədə əməkdaşlığın genişləndirilməsi də münasibətlərin davamlılığına xidmət edən amillərdəndir. Təhsil və elm sahələrində mübadilə proqramları, universitetlərarası əlaqələr, mədəni tədbirlər və turizm təşəbbüsləri xalqlar arasında qarşılıqlı anlaşmanı daha da gücləndirə bilər. Çünki dövlətlərarası tərəfdaşlığın möhkəmliyi yalnız siyasi və iqtisadi razılaşmalarla deyil, həm də cəmiyyətlər arasında qurulan etimad və dostluq münasibətləri ilə ölçülür.

Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığının genişləndirilməsi, eləcə də Azərbaycan–ASEAN əlaqələrinin inkişafına dəstək verilməsi ölkəmizin Asiya istiqamətində xarici siyasət imkanlarını daha da artırır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı onun müstəqil xarici siyasət kursunun əsas xüsusiyyətlərindəndir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə inteqrasiya proseslərinin dərinləşdirilməsi və Vyetnamla strateji tərəfdaşlığın möhkəmləndirilməsi vahid geosiyasi yanaşmanın ayrı-ayrı istiqamətləri kimi çıxış edir.

Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər də Azərbaycanın beynəlxalq siyasətinin mahiyyətini aydın ifadə edir: “Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir”. Həqiqətən də, Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən biri müxtəlif regionlarla və beynəlxalq güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan münasibətlər qurmasıdır. Bu siyasət ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, yeni iqtisadi və siyasi imkanların əldə olunmasına da şərait yaradır.

    Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan diplomatiyasının Asiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətinin mühüm göstəricisidir. Səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər və müəyyənləşdirilən əməkdaşlıq perspektivləri Bakı ilə Hanoy arasında strateji tərəfdaşlığın real məzmunla zənginləşdirilməsinə xidmət edir. Bu münasibətlər enerji, investisiya, nəqliyyat, texnologiya və humanitar sahələrdə yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyasını da genişləndirir. Ən əsası, Azərbaycan–Vyetnam tərəfdaşlığı göstərir ki, müasir dövrdə uğurlu xarici siyasət tarixi dostluq ənənələrini yeni iqtisadi reallıqlarla uzlaşdırmaq, milli maraqları qorumaq və qarşılıqlı faydaya əsaslanan uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı ilə müəyyən olunur.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı