SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyu tikintisini uğurla başa vurub

SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyu tikintisini uğurla başa vurub

SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyu tikintisini uğurla başa vurub. Belə ki, şirkət 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2850 m olan 317 saylı quyunun tikinti işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırib. Bu barədə şirkətdən verilən məlumatda deyilir. Bildirilir ki, müəssisə 7 saylı stasionar dəniz özülündə eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir: “SOCAR-AQŞ Hong Hua ZJ 70/4500 DZ qazma qurğusu vasitəsilə özüldən 316, 318 və 317 nömrəli quyuları keyfiyyətlə qazaraq sifarişçiyə təhvil vermiş və hal-hazırda eyni özüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan Bentec 3000 HP vasitəsilə ilk quyunun, 29 saylı quyunun qazılmasını uğurla davam etdirir”.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, SOCAR-AQŞ Qərbi Abşeron yatağında da daha bir (31 saylı) quyuda qazma işlərini başa vurub. 20 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 756 m olan 31 saylı quyunun tikinti işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırıb.