Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (MB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərini həm ayrı-ayrı maliyyə qurumları, həm də onların daxil olduğu maliyyə qrupları üzrə qiymətləndirəcək.Qanuna əsasən, 48-1-ci maddə yeni redaksiyada verilib. Əvvəlki redaksiyada MB-nin bu sahədə maliyyə institutlarına nəzarət funksiyası vardı. Yeni redaksiya həmin nəzarətin maliyyə qruplarına necə tətbiq ediləcəyini və risklərin hansı hallarda yenidən qiymətləndiriləcəyini müəyyən edir.
Maliyyə institutlarının fəaliyyəti daha dərindən araşdırılacaq
Dəyişikliyə əsasən, maliyyə qurumlarında gözlənilə bilən risklər mütəmadi olaraq qiymətləndiriləcək. Maliyyə qurumu yenidən təşkil olunarsa, son sahibi, fəaliyyət sahəsi, müştəri qrupu və ya fəaliyyət göstərdiyi coğrafiya dəyişərsə, MB risklərə yenidən baxacaq. Maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə, benefisiar mülkiyyətçilər dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu, habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 faiz və ya daha çox artım olduqda qiymətləndirmə təkrar həyata keçiriləcək. Yəni, MB qrupun fəaliyyətinə daha geniş spektrdən yanaşacaq. Bu qaydalar bankların, həyatın yığım sığortası ilə məşğul olan sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, eləcə də xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarını da əhatə edir.
Çirkli pulların yuyulması üzrə risklərin qiymətləndirilməsi
MB çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də hədəfli maliyyə sanksiyaları üzrə nəzarət üçün maliyyə qurumundan və ya qrupdan sənəd və məlumatları tələb edəcək. Təqdimetmə müddəti sorğuda göstəriləcək. Nəzarətin tezliyi və intensivliyi isə qurumun riskləri, daxili nəzarət sistemi və ölkə üzrə müəyyən edilmiş risklər nəzərə alınmaqla seçiləcək. Bu nəzarət sxemi üzrə də bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada həyata keçiriləcək.
Yeri gəlmişkən, MB cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə riayət edilməməsi risklərini də dövri olaraq qiymətləndirəcək.
Ümumilikdə, MB nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və yaxud maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar MB-nin sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, MB-nin maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.
Lizinq şirkətlərinin reyestri aparılacaq
Qeyd edək ki, maliyyə sabitliyinin təmin edilməsi MB-nin başlıca məqsədlərindən biridir. Riskə əsaslanan nəzarət, yerində yoxlama və yeni maliyyə xidmətlərinin xüsusi rejimdə sınaqdan keçirilməsi də bu tələblərdən irəli gəlir. MB ödəniş təşkilatlarına, elektron pul təşkilatlarına və ödəniş sistemi operatorlarına lisenziya vermək səlahiyyətlərinə malik olmaqla yanaşı, həmin təşkilatlardakı maliyyə nəzarətini daha optimal şəkildə həyata keçirməkdədir. Eləcə də, son illərdə MB-yə çirkli pulların yuyulmasına qarşı daha geniş nəzarət funksiyası verilib. 2024-cü ildə “MB haqqında Qanun”un 48-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə və nəzarət mexanizmləri gücləndirilib, bu sahədə hesabatlılıq və şəffaflıq tələbləri genişləndirilib. Həmçinin, bir müddət əvvəl bank qanunvericiliyinə edilmiş dəyişikliklə, oktyabrın 1-dən etibarən bir təqvim ili ərzində 20 min manatdan artıq elektron köçürmələr MB-nın Maliyyə Monitorinqi Xidməti tərəfindən monitorinq olunaraq qiymətləndirilir. Bu qaydalar daha çox çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlmiş mübarizə tədbirlərinin elementidir. Digər bir dəyişikliyə əsasən, maliyyə lizinqi və kraudfandinq platformalarına nəzarət də MB-yə həvalə edilib. MB 2026-cı ilin dekabrından lizinq şirkətlərinin, 2027-ci ilin yanvar ayından isə kraudfandinq platforması operatorlarının reyestrini aparacaq və onların fəaliyyətinə nəzarət edəcək.
E.CƏFƏRLİ