Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və müvafiq şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 17-də növbəti imtahan keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən namizədlərin məlumatları DİM-ə təqdim olunub. Həmin şəxslər noyabrın 20-si saat 17:30-dan dekabrın 7-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, daha sonra “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba vəsaitin əlavə edilməsi qaydaları ilə bağlı təlimatlar da müvafiq elektron xidmətdə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”lərinin pul hesabına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən şəxslərin ödədikləri məbləğ geri qaytarılmır.

Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana üç gün qalmış DİM-in internet saytında müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.

İmtahanın müddəti bir saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanda 10 və daha çox bal toplayan namizədlər müvəffəqiyyət qazanmış hesab olunacaqlar. Həmin şəxslərə yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.