DİM-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

20 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” adlı tədbir keçirilib.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin DİM-in inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin irsini əks etdirən guşə və ekspozisiya ziyarət olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının və 20 noyabr 1991-ci il tarixində Qarakənd helikopter faciəsində həyatını itirən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolu, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rol və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdə partiyanın töhfəsindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin ölkəmizin davamlı inkişafının, milli birliyin və dövlətçilik ideyalarının möhkəmlənməsinin əsasını təşkil etdiyini vurğulayıb. A.Süleymanov əldə olunan nailiyyətlərin davamlılığının təmin olunması, dövlətçilik dəyərlərinin qorunması və gənc nəslə aşılanmasının xüsusi önəm daşıdığını qeyd edərək, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının və aparılan islahatların mahiyyətinin ictimaiyyətə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü strategiya ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirmiş, beynəlxalq nüfuzunu yüksəltmiş və müasir ordu quruculuğunu təmin etmişdir. Bu ardıcıl inkişaf kursunun ən ali tarixi nəticəsi olaraq, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ilin sentyabrında aparılan antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilmişdir. Bu gün qalib və suveren dövlətin vətəndaşları kimi qarşımızda duran əsas strateji mərhələ isə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması və Böyük Qayıdış proqramının uğurla icra olunmasıdır.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü Vazeh Əskərov partiyanın ölkənin ictimai-siyasi həyatında fəal iştirakına və dövlətçilik ideyalarının təbliğinə toxunub. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin inkişaf strategiyasının mühüm əsasını təşkil edir. Bu baxımdan, milli-mənəvi dəyərlərin qorunması, gənclərin dövlətçilik ruhunda yetişdirilməsi, təhsilin və insan kapitalının inkişafı istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır.

Görüşdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə iştirakçıları təbrik edərək partiyanın ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rol və keçdiyi şərəfli inkişaf yolu barədə fikirlərini bölüşüb.

Tədbirdə həmçinin YAP Veteranlar Şurasının üzvləri Zərifə Quliyeva və Tahir Quliyev, eləcə də YAP Gənclər Birliyinin üzvü Atlaz Qubadzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolu, ölkənin ictimai-siyasi həyatındakı rolu, gənclərin partiya fəaliyyətində fəallığı və əldə olunan tarixi nailiyyətlər barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fərqlənən və bu il yubileyləri olan partiya üzvləri təbrik edilərək xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bundan əlavə, partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən ərazi partiya təşkilatları — Həsən Əliyev küçəsi 299 (Dövlət İmtahan Mərkəzi), Səməd Vurğun küçəsi 135 (AR Maliyyə Nazirliyi), Rəşid Behbudov küçəsi 134 (Azərbaycan Dillər Universiteti), Ənvər Qasımzadə küçəsi 14 (Azərbaycan Tibb Universiteti), Süleyman Rüstəm küçəsi 33 (Bakı Slavyan Universiteti), Azadlıq prospekti 34 (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Şəmsi Bədəlbəyli küçəsi 98 (Bakı Musiqi Akademiyası), Rəşid Behbudov küçəsi 75 (Bakı Xoreoqrafiya Akademiyası), Bülbül prospekti 18 (“Xalq qəzeti”) və Cəfər Xəndan küçəsi 50B (“Caspel” MMC) üzrə ərazi partiya təşkilatları Təşəkkürnamə ilə təltif olunublar.

Mərasimdə partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.