Avropa Xalq Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etməkdə maraqlıdır

Avropa Xalq Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etməkdə maraqlıdır
Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, Vilnüsdə keçirilən ATƏT Parlament Assambleyasının yay sessiyasında iştirak edən Milli Məclisin deputatı Asəf Hacıyev iyulun 3-də Avropa Xalq Partiyasının (AXP) sədri isveçli deputat Valburqa Habsburq Duqlas və Qoran Lennmarker ilə görüşüb.
AXP-yə Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları daxildir. Aİ üzvü olmayan yeddi ölkədən sağ-mərkəz istiqamətli siyasi qüvvələr bu partiyada müşahidəçi qismində iştirak edirlər. Avropa Parlamentində ən böyük siyasi qüvvə olan AXP ilə Yeni Azərbaycan Partiyası (YAP) da əməkdaşlıq etmək niyyətindədir. YAP-ın müşahidəçi kimi iştirakı məsələsi Avropa Xalq Partiyası Bürosunun cari ilin payızında keçiriləcək toplantısında gündəmdə olacaq.
Səmərəli keçən görüşdə MM-in deputatı Asəf Hacıyev YAP adından AXP-nin sədrini Azərbaycana dəvət edib. Dəvət məmnuniyyətlə qəbul edilib.