"İki sahil" qəzetinin 5000-ci sayı işıq üzü görüb

"İki sahil" qəzetinin 5000-ci sayı işıq üzü görüb
“İki sahil” qəzetinin 5000-ci sayı işıq üzü görüb. Qəzetin baş redaktoru Vüqar Rəhimzadə APA-ya açıqlamasında “İki sahil”in yaranma tarixi haqqında məlumat verib. Onun sözlərinə görə, 1965-ci ildə mətbuat orqanı kimi əsası qoyulan “Zavod həyatı” qəzeti 1991-ci il iyul ayının 10-dan “İki sahil” adı altında müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyətə başlayıb. Baş redaktor deyib ki, “İki sahil” qəzeti yarandığı gündən KİV-in qarşısında duran əsas vəzifələri yerinə yetirməkdədir: “Qəzetin kollektivi söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə etməyi heç vaxt özünə rəva bilməyib. Qəzetin yaradıcı kollektivi bu məsuliyyəti daim öz üzərində hiss edir. Bir gündən sonra Azərbaycanın dövlət müstəqilliyi günü qeyd olunacaq. Qəzetimizin 5000-ci nömrəsinə diqqət yetirəndə aydın görünür ki, “İki sahil”in keçdiyi yol dövlət müstəqilliyinin 18 ilinin tarixidir. Bu tarix uğurla davam edir”.