Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupun xarici ölkələrdən olan üzvləri mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Birgə İşçi Qrupun üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman bəzən referenduma çıxarılan məsələlərlə bağlı yanlış rəy yaradıldığını bildirib: “Referendumla bağlı Azərbaycanda kifayət qədər iş görülüb, zəhmət çəkilib və bunların üzərinə kölgə salmağa dəyməz. İrili-xırdalı bütün məsələlərin referenduma çıxarılması əslində yaxşı haldır. Digər tərəfdən mən düşünmürəm ki, əhalinin referenduma çıxarılan məsələlərdən xəbəri yoxdur. Təəssüf edirəm ki, referenduma kifayət qədər önəmli məsələlərin çıxarılmasına baxmayaraq, bəziləri yalnız bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi məsələsi ətrafında rəy yaratmağa çalışırlar. Bu məsələdəki məhdudiyyət əslində seçicilərin hüququnu pozur. Ona görə də bu məhdudiyyətin götürülməsinin Azərbaycanda ömürlük prezident seçilməyə xidmət etməsi barədə fikirlər subyektiv xarakter daşıyır və yanlışdır”.
Tədbirdə iştirak edən Birgə İşçi Qrupun üzvləri İspaniya Apelyasiya Məhkəməsinin keçmiş hakimi, senator Altava Laval və Avropa Şurası Parlament Assambleyasının İngiltərədən olan üzvü Maykl Hankok da referendumla bağlı fikirlərini bildiriblər.