Sülhə doğru addım...

Sülhə doğru addım...

İrəvan yeni Konstitusiya layihəsini təqdim edir

Postmüharibə dövründə Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması, qarşılıqlı etimadın formalaşdırılması və regionun yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşmasını yalnız iki ölkə arasında münaqişə səhifəsinin bağlanması ilə bitirmir - həm də bütövlükdə regionun iqtisadi, siyasi və nəqliyyat potensialının reallaşdırılmasına yeni bir nəfəs verir. Azərbaycan sülh gündəliyini irəli sürməklə Ermənistana onilliklər ərzində davam edən qarşıdurmadan uzaqlaşmaq, iqtisadi təcrid vəziyyətindən çıxmaq, regional əməkdaşlıq imkanlarından yararlanmaq və qonşu dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün yeni perspektivlər açır. Bu baxımdan sülh Ermənistan üçün sadəcə müharibənin başa çatması deyil, təhlükəsizliyə, iqtisadi inkişafa, kommunikasiyaların açılmasına və daha geniş əməkdaşlıq məkanına inteqrasiyaya aparan strateji fürsətdir. Bu fürsətin reallaşması isə ilk növbədə İrəvanın siyasi iradəsindən və sülh prosesinə konstruktiv yanaşmasından asılıdır. Azərbaycanın irəli sürdüyü tələblərə riayət olunacağı təqdirdə ötən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi layihəsi imzalanacaq və Cənubi Qafqazın həyatında yeni bir mərhələnin başlanğıcına çevirləcək.

Sülhə maneə...

Vurğulandığı kimi, qalib dövlət olan Azərbaycan həm regionun, həm də ümumilikdə Avrasiyanın geostrateji imkanlarını genişləndirir. Bakı revanşist ritorikadan çıxış etməyərək Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret strateji yol xəritəsi təqdim etdi və bu da nəticə etibarı ilə, bölgədə davamlı sabitlik üçün ilkin meyara çevrildi. Bölgənin inkişafının sülhdən asılı olduğu qədər, sülhün də bir çox təsirlərdən qorunmasına ehtiyac var. İlk növbədə bölgədə davamlı sabit vəziyyət yaratmaq üçün Ermənistan rəsmi şəkildə Azərbaycan torpaqlarına əsassız iddiadan imtina etməlidir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların aradan qaldırılması kimi bir addım zəruri xarakter daşıyır. Başqa sözlə, daimi sülh üçün həm də hüquqi baza möhkəm olmalıdır. Konstitusiya dəyişiklikləri, normativ sənədlərin uyğunlaşdırılması və cəmiyyətin sülhə hazırlanması bu prosesin ayrılmaz hissəsidir. Əks halda, imzalanacaq sənəd uzunömürlü olmaya bilər. Bu baxımdan sülh müqaviləsi regionun gələcəyi üçün həlledici sənəd olmalıdır.

Konstitusiya layihəsi müzakirəyə çıxarılır

Yeri gəlmişkən,  Ermənistanın yeni konstitusiyasının layihəsi növbəti həftə ərzində ictimaiyyətə təqdim ediləcək. Bu prosesdən sonra müvafiq dinləmələrin və müzakirələrin keçirilməsi planlaşdırılır, daha sonra sənəd parlamentin baxışına göndəriləcək. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında bildirmişdi ki, yeni Konstitusiyasının layihəsi noyabr ayında ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. “Biz yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, daxil olan təkliflər təqdim edilərək nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin cəmiyyətimiz tərəfindən kifayət qədər geniş müzakirə olunduğuna əmin olana qədər davam edəcək”, - deyə Paşinyan bildirmişdi. Baş nazir qeyd etmişdi ki, qarşıda duran hökumət vəzifələrinin ən mühümlərindən biri Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir. 

Bir neçə gün öncə isə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ermənistanın yeni konstitusiya layihəsi hələ mart ayında hazır olsa da, sənədin ictimaiyyətə təqdim edilməsi və müzakirəsi təxirə salınıb. Nazir qeyd etmişdi ki, layihənin dərcinin və müzakirələrinin təxirə salınmasında məqsəd sənədin daha da təkmilləşdirilməsi olub. O, vətəndaşları sənədlə diqqətlə tanış olmağa, ona tənqidi yanaşmağa və öz təkliflərini bildirməyə çağırıb. Nazir vurğulamışdı ki, əsas məqsəd cəmiyyətdə mümkün qədər geniş razılıq əldə edilmiş Konstitusiya layihəsi hazırlamaq və onu referenduma çıxarmaqdır. Onun sözlərinə görə, Konstitusiya İslahatları Komissiyasında yeni konstitusiya layihəsinin mətninin 95 faizindən çoxu artıq nəzərdən keçirilib. Qalyan bildirmişdi ki, komissiya sənədin noyabr ayında ictimaiyyətə açıqlanmasından əvvəl daha bir iclas keçirməyə macal tapa bilər.

Ermənistan üçün perspektiv...

Beləliklə, münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün geostrateji, geoiqtisadi, geosiyasi mənada yeni üfiqlər açmaqla yanaşı, həm yaşadığımız coğrafiyaya, həm də ümumilikdə Şərq-Qərb kontenti üzrə münasibətlərə yeni bir ruh qazandırır. Artıq cənubi Qafqaz sözügedən Şərq-Qərb, Şimal-Cənub qlobal cəhətlərarası münasibətlərdə əsaslı dönüş nöqtəsi rolunu oynayacaq. Sülh prosesində əsaslı yolun gedildiyini nəzərə alsaq, qısa zamanda nəticəyə nail olunacağına da ümid yaranır. Azərbaycanın mövqeyi hər zamankı kimi, açıq və şəffafdır: Bakı Cənubi Qafqazda əbədi sülhün yaranması, qütblərarası münasibətlərdə yeni bir cığırın açılması, qlobal inteqrasiyanın sürətlənməsi üçün səy göstərir. Yeni ticari münasibətlərin ən vacib geostrateji nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq. Bu isə Ermənistan üçün də mühüm perspektiv deməkdir - İrəvan bu halda qlobal inkişaf tendensiyasının bir parçasına çevrilməklə yanaşı, özünün real sərhədlərini də müəyyənləşdirmiş olacaq...

P.İSMAYILOV