2026-cı ildə Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərinin bir qisminin müddəti başa çatır. Vergi qanunvericiliyinə əsasən, həmin güzəşt və azadolmalarının müddətinin 2027-ci ildə yenidən uzadılması nəzərdə tutulur. Ancaq bəzi sahələrdə istisnalar var. Belə ki, məcəllədə bəzi güzəştlərin, o cümlədən, bank əmanətlərindən əldə edilən gəlir vergisinə tətbiq edilən güzəştin müddətinin artırılması nəzərdə tutulmayıb. Bu isə yeni ildən əmanətlərdən aylıq 10 faiz həcmində vergi tutulacağını deməyə əsas verir.
Xatırladaq ki, hökumət bank sektorunda kapitallaşmanı artırmaq və əhalinin banklara əmanət qoyuluşlarını həvəsləndirmək məqsədilə bir neçə ildir ki, depozitlərdən əldə edilən gəlirlərə vergi güzəşti edir. Ötən illər ərzində həmin güzəştlərin müddəti bitsə də, bir neçə dəfə artırılıb, bəzi hallarda güzəşt olunmayıb. Belə ki, 2016-cı ildə vergi tutulması ilə bağlı fərqli fikirlər meydan çıxsa da, hökumətin təşəbbüsü ilə həmin il fevralın 1-dən etibarən yenidən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olundu. Azadolmanın müddəti 2023-cü il 1 fevral tarixində bitdi. Ancaq güzəşt müddəti həmin il artırılmadı və bu tarixdən etibarən banklar tərəfindən əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutuldu.
Güzəştin bank sektoruna hansı təsirləri var?
2023-cü ildə bank əmanətlərindən 10 faiz gəlir vergisinin tutulması depozitlərdə azalmaya gətirib çıxardı. Faktiki olaraq fevraldan sonrakı dövrdə hər ay depozitlər 140-150 milyon manat azaldı, bu isə bankların böyük bir qisminin kapital ehtiyatlarını da risk altına saldı. Çünki Azərbaycanda bankların böyük əksəriyyətinin maliyyə portfeli əmanətlərdən formalaşır və onlar əhalidən yığdıqları əmanətlərlə kredit verir, gəlirlərinin böyük bir hissəsini bu yolla təmin edir. Ona görə də kommersiya bankları Mərkəzi Bank (MB) qarşısında məsələ qaldıraraq əmanətlərə tətbiq olunan vergilərin ləğvini xahiş etdi.
Vəziyyətdən qayğılanan Mərkəzi Bank vergi orqanı ilə apardığı müzakirələrin yekununda optimal yol tapmağı bacardı, daha doğrusu, vergilərin yenidən dayandırılmasına nail oldu. MB-nın təklifini dəyərləndirən hökumət 2024-cü il yanvarın 1-dən etibarən vətəndaşların banklardakı əmanətlərinin faizlərinin gəlir vergisindən azad olunması haqqında qanunu yenidən tətbiq etdi. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əlavə və dəyişikliklər qüvvəyə mindi və yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edildi. Belə ki, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi və eləcə də milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azad olundu.
Güzəştlər əhalinin depozit bazarına marağını yenidən bərpa etdi və əmanətlərin həcmi yüksəldi. 2024-2025-ci illərdə bank sektorunda depozit poertfelinin həcmi təxminən 40 milyard manatı ötüb. Təkcə fiziki şəxslərin əmanətlərinin həcmi 16,7 milyard manata yüksəlib. Hüquqi şəxslərin depozitləri isə 24,5 milyard manatı ötmıəklə, bank sektoru üzrə toplam depozit portfeli 2025-ci il dekabrın 31-də son illərin ən yüksək rekordunu nümayiş etdirib.
Bu tendensiya 2026-cı ilin ötən 10 ayı (yenvar-oktyabr)ərzində də davam edib, fiziki şəxslərin banklardakı əmanətlərində 19,3 faiz artım qeydə alınmaqla, həmin sektor üzrə cəmi depozitlərin həcmi 18 milyard 840 milyon manat təşkil edib. Hüquqi şəxslərin depozitləri isə bu dövrdə 25 milyard manat təşkil edib. Bu ssenariyə əsasən, cari ilin sonunda bank sektorunun toplam depozit portfeli 43-44 milyard manata çatacaq.
Güzəşt müddətinin uzadılması bank sektoru üçün vacibdir
2024-cü ildə qüvvəyə minən bank əmanətlərinin faizlərinin gəlir vergisindən azad olunması haqqında qanunun müddəti 3 il nəzərdə tutulduğundan güzəştin müddəti gələn il yanvarda başa çatır. Bu isə 2027-ci ilin yanvarın bank əmanətlərindən əldə edilən gəlirlərə verginin tətbiq olunması deməkdir. Yəni, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi üzrə gəlir vergisinə cəlb olunur. Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatından 10 faizlik gəlir vergisi tutulur.
Vergi tətbiqi 2023-cü ildəki vəziyyəti təkrarlaya bilərmi?
Vətəndaşların öz pullarının dəyərinin itməsini nəzərə alaraq 2023-cü ildəki addımı atması mümkündür. Əhalinin bir qismi həm banklar tərəfindən aşağı salıman dividen gəlirlərini, həm də vergi tutulmasını nəzərə alaraq öz pullarını geri çəkməyə qərar verə bilər. Bu isə ümumilikdə, bank sektorunda depozit portfelinin azalması fonunda bəzi kommersiya bankları üçün kapitallaşma problemini yenidən meydana çıxarmış olur.
Milli Məclisin deputatı Vüqar Bayramov da bunu istisna etmir. İqtisadçı hesab edir ki, hazırda bank əmanətlərinə vergi tətbiqi ümumi bank sektoru üçün narahatlıqlar yarada bilər. Ona görə də, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha 3 il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun sayılır. Yəni, əmanətlər ilə bağlı vergi güzəştlərin müddətinin gələn ildən etibarən daha 3 il müddətinə uzadılması arzuolunandır. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasət ilə daha yaxından dəstəklənməsi və eləcə də depozit portfelində uzunmüddətli öhdəliklərin payının artırılması baxımdan da vacibdir.
E.CƏFƏRLİ