Azərbaycan xalqı olaraq bugünlər milli tariximizin şanlı səhifəsi olan Zəfər Gününun altıncı ildönümünü qeyd edirik. Bu günün xalqımızın və dövlətimizin taleyində müstəsna yeri var. Çünki 8 Noyabr Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Biz bu şanlı zəfərimizlə hər zaman iftixar hissi keçiririk.
Məlumdur ki, ötən əsrin sonlarından başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı “ideyasını” reallaşdırmaq cəhdi respublikamıza fəlakət, dağıntılar, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salaraq bütün yaşayış məntəqələrində infrastrukturu tamamilə məhv edib, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurub.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Buna görə də, ordu quruculuğu daim Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti sırasındadır. Ermənistanın işğalçı siyasəti dövründə danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Eləcə də, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. Nəzərə alaq ki, Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. BMT isə işğalçı Ermənistana təzyiq göstərməyib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalaraq icra olunmurdu.
Ermənistanın davamlı olaraq təxribatçı addımları, bəyanatları, hərəkətləri isə müharibəni qaçılmaz etmişdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Belə ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd döyüş yolu ilə işğaldan azad edildi. 8 noyabr tarixində Şuşanın azad edilməsi isə Zəfər tariximizin zirvəsinə çevrildi. Mədəniyyətimizin beşiyi, Qarabağın tacı olan Şuşanın azadlığı Vətən müharibəsinin taleyini həll edən həlledici hadisə oldu. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciəti hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu. Həmin gün təkcə bir şəhər deyil, xalqımızın qüruru, milli ruhu və tarixi ədalətə inamı yenidən yüksəldi. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, qan tökülmədən azad edildi. Xalqımız Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anır.
Beləliklə, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi.
Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Dövlət başçısı həmin dövrdə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı.
Vətən müharibəsi ərəfəsində, müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması isə milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Lakin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyiblər. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edirdi. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanatda radikalların iştirak etməməsi onların antimilli xislətini ifşa edir.
Vətən müharibəsindən üç il sonra – 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror tədbirləri nəticəsində dövlətimizin bütün ərazilərdə suverenliyi tam təmin olundu, erməni separatizminin kökü tam kəsildi.
Bu gün artıq işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. 2026-cı il oktyabrın 23-ə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Xalqımız torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim uca tutur, qazilərə, müharibə veteranlarına ehtiramla yanaşılır. Döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız orden və medallarla təltif olunub. Eləcə də, şanlı Zəfərimizə həsr olunmuş muzeylər, parklar və s. komplekslər yaradılır. Bütövlükdə, Zəfər Günü xalqımızın qürur günüdür və hər zaman böyük coşğu və təntənə ilə qeyd olunacaq!
Murad PAŞAYEV