Azərbaycanda son illər digər ölkələrdə olduğu kimi nikahların sayında azalma, boşanmaların sayında isə artma müşahidə olunur.
Əvvəllər boşanma hallarına faciə kimi yanaşılırdısa, artıq get - gedə buna tolerant yanaşmağa başlayıblar. Elə bunun səbəbidir ki, bəzən xırda bir səbəbdən rahat şəkildə ailələr dağılır.
Sosioloq Üzeyir Şəfiyev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ölkəmizdə əvvəllər ənənəvi və patriarxal cəmiyyət olub və belə mühitdə ailə münasibətləri ənənələr əsasında formalaşır: "Sanki cəmiyyətin fərd üzərində dominantlığı var idi. Buna görə də ailələr münaqişəli olsa belə dağılmırdı və qorunub saxlanırdı. Lakin son onilliklər ərzində Azərbaycan cəmiyyətində mənəvi sərhədlər pozuldu və Avropa ölkələrində olan ailə tərzləri, insanların yaşam tərzləri ölkəmizə nüfuz etməyə başladı".
Mütəxəssisin sözlərinə görə digər bir səbəb əvvəllər qadınlarımızın kişilərdən iqtisadi şəkildə asılı olmasıdır:
"Lakin hazırda təhsilə əlçatanlıq təmin olunduqda, iqtisadi müstəqillik əldə etdikdən sonra qadınlar köhnə qaydalarla yaşamaq istəmirlər, bu isə boşanmaların dinamikasının sürətlə artması ilə nəticələnir".
Havar Şəfiyeva