Hal-hazırda ölkədə avtomobil sahəsindəki problemlərdən biri rəsmi şəkildə qeydiyyatdan keçmiş şirkətlərdən əlavə şəxsi sahibkarların da avtomabil idxalı ilə məşğul olmasıdır.
Araşdırmalar göstərir ki, bu sahədə rəsmi olaraq 3 minə yaxın insan çalışır. Paralel olaraq ödəniş müqabilində fərdi sahibkarlar da bu işlə məşğul olurlar.
“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bu hal ölkə iqtisadiyyatına maneə törədir: "Bu proses davam edərsə, rəsmi şirkətlər bir sıra avtomobil istehsalçılarının məhsullarının idxalını dayandıra bilərlər. Qeyd edim ki, elektromobillərin idxalına dövlətimiz xüsusi güzəştlər tətbiq edib. Bu güşətlərin nəticəsidir ki, ölkəmizdə bu sahədə canlanma müşahidə olunur. Bu sahədə yeganə problem onların enerji tələbatını ödəyən mərkəzlərin olmamasıdır. Ümid edirəm ki, qarşıdakı illərdə onların quraşdırılmasını müşahidə edəcəyik".
Ekspert bildirir ki, bu sahədə digər bir problem avtomobil parkının köhnə olmasıdır: "Parkı yeniləmək üçün təkcə ekoloji avtomobillərin deyil, həm də daxili yanma mühərik ilə çalışan avtomobillərinin satışına stimul yaratmaq lazımdır".
Son dövrlər bazar iqtisadiyyatına baxsaq görərik ki, avtomobil qiymətlərində müəyyən sabitləşmə müşahidə olunur.
E. Əliyevin sözlərinə görə Çinin daxili bazarı üçün istehsal olunan avtomobil markaları var ki, onlara bizim bazarlarda ucuz qiymətə rast gəlmək olar: "Belə avtomobillər əsasən fərdi sahibkarlar tərəfindən gətirilir və vergi ödənilmədiyi üçün daha ucuz qiymətə satılır".
Havar Şəfiyeva