Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan xalqı üçün 9 Noyabr – Dövlət Bayrağı Günü yalnız təqvimdə bir tarix deyil, həm də milli qürur, dövlətçilik və müstəqillik təntənəsidir. Bu gün xalqımızın əsrlər boyu azadlıq uğrunda apardığı mübarizənin, milli birliyin və suverenliyinin rəmzidir.
Üçrəngli bayrağımız azadlıq və milli kimliyimizin simvoluna çevrilərək, bu gün müstəqil Azərbaycan Respublikasının üzərində qürurla dalğalanır. Bayrağımızın mavi rəngi türklüyümüzü, qırmızı rəngi müasir inkişaf və tərəqqiyə sadiqliyimizi, yaşıl rəngi isə İslam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir. Bu üç rəngin vəhdəti Azərbaycan xalqının tarixi köklərini, milli mənsubiyyətini və gələcəyə inamını simvolizə edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını yenidən dövlət atributu kimi bərpa etməklə milli dövlətçilik düşüncəsini və azadlıq ideallarını dirçəltmiş oldu. Bu qərar müstəqil Azərbaycanın gələcək inkişafının ideoloji təməlini formalaşdırdı.
Dövlət müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımız Azərbaycanın əsas dövlət atributlarından biri kimi təsdiq edilmişdir. Ulu Öndər bayrağımızın mənəvi və siyasi əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı dövlət rəmzlərimizə göstərilən diqqətin bariz nümunəsi olmuşdur. Bu gün Azərbaycanın üçrəngli bayrağı beynəlxalq təşkilatların iqamətgahları qarşısında, diplomatik nümayəndəliklərimizdə və ölkəmizin bütün guşələrində dalğalanaraq dövlətimizin beynəlxalq nüfuzunu və müstəqilliyini təcəssüm etdirir.
Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı dünya miqyasında daha da ucaldı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda – Şuşada, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında və Xankəndidə qürurla dalğalanmağa başladı. Hər bir azərbaycanlı üçün bu mənzərə milli qürurun, xalq birliyinin və dövlətimizin gücünün təcəssümüdür.
Bu gün üçrəngli bayraq altında birləşən xalqımız dövlətinə, ordusuna və Ali Baş Komandanına dərin sevgi və etimad hissi ilə yaşayır. 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya xatırladır ki, müstəqilliyimizi qorumaq, milli dəyərlərimizi yaşatmaq və dövlətçiliyimizi daha da möhkəmləndirmək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Üçrəngli bayrağımız daim uca zirvələrdə dalğalansın!
Yaşasın müstəqil Azərbaycan!