9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, müstəqilliyini və dövlətçilik ənənələrini özündə əks etdirən əlamətdar günlərdən biridir. Dövlət bayrağı hər bir xalqın azadlığının, suverenliyinin və milli kimliyinin əsas rəmzidir. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı da xalqımızın tarixini, milli-mənəvi dəyərlərini və müstəqillik uğrunda apardığı mübarizəni təcəssüm etdirir.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu hadisə xalqımızın dövlətçilik tarixində mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız müəyyən müddət rəsmi statusunu itirsə də, xalqımızın müstəqillik arzusu heç vaxt sönməmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verilmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. 2009-cu ildən etibarən noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət bayrağımızın üzərindəki üç rəng xüsusi məna daşıyır. Mavi rəng türkçülüyü və milli mənsubiyyətimizi, qırmızı rəng müasirliyi və demokratik inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına bağlılığımızı ifadə edir. Bayrağımızın üzərindəki aypara və səkkizguşəli ulduz da milli rəmzlərimizin ayrılmaz hissəsidir. Bu simvollar xalqımızın keçmişini, bu gününü və gələcəyə olan inamını özündə birləşdirir.
Dövlət rəmzlərinə hörmət etmək hər bir vətəndaşın həm mənəvi, həm də konstitusion borcudur. Bayrağa hörmət, əslində, Vətənə, dövlətə və xalqa hörmət deməkdir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağının tarixini və mənasını bilməli, onun ucalığını və nüfuzunu qorumalıdır. Bu hörmət yalnız bayram günlərində deyil, gündəlik həyatımızda da özünü göstərməlidir. Dövlət qanunlarına əməl etmək, ölkəmizin inkişafına töhfə vermək, milli dəyərlərimizi qorumaq və Vətənə sədaqətlə xidmət etmək dövlət rəmzlərinə ehtiramın əsas göstəricilərindəndir.
Azərbaycan xalqının bayrağına olan sevgisi xüsusilə Vətən müharibəsi dövründə bir daha özünü göstərdi. 2020-ci ildə qazanılmış tarixi Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın ucaldılması xalqımız üçün böyük qürur və sevinc mənbəyinə çevrildi. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı heç vaxt unudulmayacaq. Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan Dövlət Bayrağımız müstəqilliyimizin, suverenliyimizin və xalqımızın birliyinin rəmzidir.
Dövlət rəmzlərinə hörmətin gənc nəslə aşılanması da mühüm əhəmiyyət daşıyır. Uşaqlar və gənclər kiçik yaşlarından bayrağımızın tarixini, dövlətçilik ənənələrimizi və milli dəyərlərimizi öyrənməlidirlər. Çünki Vətənə sevgi və dövlətə sədaqət ilk növbədə milli kimliyə hörmətdən başlayır. Hər bir gənc aldığı təhsillə, qazandığı uğurlarla və gördüyü işlərlə Azərbaycanın inkişafına xidmət etməli, ölkəmizin adını daim uca tutmalıdır.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur və birlik günüdür. Bu tarix bizə müstəqilliyimizin necə böyük dəyər olduğunu bir daha xatırladır. Üçrəngli bayrağımız xalqımızın azadlıq arzusunun, qəhrəmanlığının və dövlətçilik iradəsinin ifadəsidir. Onu qorumaq, daim uca tutmaq və gələcək nəsillərə sevgi ilə ötürmək hər birimizin müqəddəs borcudur. Çünki dövlət bayrağına hörmət etmək Vətənə sədaqətin və məsuliyyətli vətəndaş olmağın ən gözəl nümunəsidir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı