Ortaq tarixi miras Azərbaycan və Vyetnamı gələcəyin strateji tərəfdaşlarına çevirir

Ortaq tarixi miras Azərbaycan və Vyetnamı gələcəyin strateji tərəfdaşlarına çevirir

 

 

Azərbaycan və Vyetnam arasındakı münasibətlər dərin tarixi köklərə, qarşılıqlı hörmətə və zamanın sınağından çıxmış sarsılmaz dostluq ənənələrinə əsaslanır. Onilliklər əvvəl təməli qoyulan bu əlaqələr təkcə rəsmi diplomatik müstəvidə deyil, həm də xalqlarımız arasındakı mənəvi, elmi və mədəni yaxınlıq üzərində formalaşıb. Müasir dövrdə də hər iki ölkə beynəlxalq arenada — o cümlədən BMT və Qoşulmama Hərəkatı kimi nüfuzlu platformalarda — bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qətiyyətlə hörmət nümayiş etdirərək siyasi dialoqu ardıcıl şəkildə inkişaf etdirir.

Məhz bu zəngin tarixi bazaya və qarşılıqlı etimada söykənən ikitərəfli əlaqələrin gələcək perspektivləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə  verdiyi müsahibədə geniş və hərtərəfli əksini tapıb. Dövlət başçısı müsahibəsində keçmişin ortaq dəyərlərini müasir dövrün iqtisadi, texnoloji və geosiyasi reallıqları ilə uzlaşdıran mühüm strateji mesajlar verib.

Prezident İlham Əliyev müsahibəsində xalqlarımız arasındakı tarixi bağların bu gün də çoxşaxəli əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını xüsusi vurğulayıb. Sovet dövründə təxminən 5 min vyetnamlı mütəxəssis və tələbənin Azərbaycanda təhsil alması, xüsusilə də neft-qaz sənayesi üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında ölkəmizin oynadığı mühüm rol iki xalqın yaddaşında silinməz iz qoyub. Azərbaycanda təhsil almış vyetnamlı məzunların sonradan öz ölkələrinin dövlət quruculuğunda və iqtisadi inkişafında aparıcı mövqelər tutması bu humanitar körpünün nə qədər səmərəli olduğunu göstərir.

Bununla yanaşı, Qara Qarayev və Əjdər İbrahimov kimi Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin Vyetnamın mədəni həyatına, musiqisinə və kinosuna verdiyi töhfələr münasibətlərimizin mənəvi sütunları kimi qeyd edilib. Bu ənənənin müasir davamı olaraq Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil, səhiyyə və sosial xarakterli humanitar layihələr, eləcə də təhsil mübadiləsi proqramları ölkələrimiz arasındakı dostluq körpülərini daha da möhkəmləndirir.

Müsahibədə yüksək səviyyəli siyasi dialoqun iqtisadi-ticari sahədə də real və ölçülə bilən nəticələr verdiyi diqqətə çatdırılıb. Dövlət başçısı konkret rəqəmlərə istinad edərək qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub və tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. Mövcud iqtisadi göstəricilər tərəflər arasında potensialın hələ tam istifadə olunmadığını və əməkdaşlığın genişləndirilməsi üçün böyük ehtiyatların olduğunu göstərir.

Xüsusilə enerji sektoru, bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı və turizm sahələrində yeni layihələrin icrası gündəlikdə duran əsas istiqamətlərdəndir. Vyetnamın Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən sənaye və ixrac gücü ilə Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsində formalaşdırdığı müasir nəqliyyat-logistika və energetika imkanlarının uzlaşdırılması yeni əməkdaşlıq üfüqləri açır. Şərq–Qərb və Orta Dəhliz marşrutlarının yaratdığı üstünlüklər Vyetnam məhsullarının Avropa və regional bazarlara daha sürətli və təhlükəsiz çıxışını təmin etməklə yanaşı, qarşılıqlı investisiyaların artırılması və birgə müəssisələrin yaradılması üçün əlverişli şərait formalaşdırır.

Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri artıq ənənəvi dostluq çərçivəsindən çıxaraq konkret iqtisadi dividendlərə, texnoloji mübadiləyə və uzunmüddətli layihələrə hesablanmış praqmatik tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Hökumətlərarası komissiyanın fəaliyyəti və işgüzar dairələr arasında artan təmaslar bu prosesə əlavə sürət verir. Dövlət başçısının da vurğuladığı kimi: "Dost Vyetnama səfərim əminəm ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq".

Azərbaycan və Vyetnam arasında formalaşan bu yeni əməkdaşlıq modeli təkcə iki ölkənin milli maraqlarına deyil, həm də Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya regionları arasında iqtisadi, ticarət və mədəni inteqrasiyanın güclənməsinə xidmət edir.

 

 

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri