Azərbaycanın ərazi bütövlüyünün bərpası, milli dövlətçilik tariximizin möhtəşəm Zəfər səhifələrinin yazılması və işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın qurulması xalqımızın son illərdə qazandığı ən böyük tarixi nailiyyətlərdəndir. Bu şanlı salnamədə Qubadlı şəhərinin azad olunması xüsusi yer tutur. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Qubadlı öz azadlığına qovuşdu. Bu tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradəmizin, dövlətimizin qüdrətinin və tarixi ədalətin təntənəsi kimi yaddaşlara həkk olundu.
Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi və özünəməxsus ənənələri ilə seçilən doğma Azərbaycan torpağıdır. Bərgüşad çayının sahillərində yerləşən bu diyarın hər qarışı xalqımızın tarixi, burada yaşayan insanların zəhməti, qurub-yaratmaq əzmi və doğma yurda bağlılığı ilə sıx əlaqəlidir.
Qubadlı tarixən Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında özünəməxsus yer tutub. Rayonun kəndləri, dağları, meşələri, çayları və qədim yaşayış məskənləri bu torpağın zənginliyini əks etdirir. Qubadlı insanı doğma yurda bağlılığı, zəhmətkeşliyi və milli-mənəvi dəyərlərə sədaqəti ilə seçilib.
Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonu işğal edildi. Dinc əhali doğma ev-eşiyini tərk etməyə məcbur oldu, yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi və mədəni irsimizə ciddi ziyan dəydi. İnsanlar doğma torpaqlarından uzaqda yaşasalar da, Qubadlıya qayıtmaq ümidini və inamını heç vaxt itirmədilər. İşğal dövründə həyata keçirilən qanunsuz məskunlaşdırma cəhdləri bölgənin demoqrafik mənzərəsini dəyişdirməyə yönəlsə də, qubadlılıların milli kimliyini və tarixi yaddaşını sarsıda bilmədi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini və mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Döyüş meydanında göstərilən qəhrəmanlıq, hərbi qulluqçularımızın peşəkarlığı və xalqımızın dövlət ətrafında sıx birləşməsi tarixi Qələbənin əsasını təşkil etdi.
Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-strateji uğurlarından biri oldu. Şəhərin azadlığı düşmənin mövqelərinə ciddi zərbə vurdu və Azərbaycanın qələbəsini yaxınlaşdırdı. Qubadlı uğrunda döyüşlərdə Azərbaycan əsgəri Vətən sevgisinin ən ali nümunəsini göstərdi. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və hərbi qulluqçularımızın qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin taleyi həlledici mərhələyə qədəm qoydu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 Oktyabr Qubadlı Şəhəri Günü kimi təsis edildi. Bu əlamətdar tarix xalqımızın yaddaşında Zəfər günlərindən biri kimi yaşayır.
Qubadlının azad olunması ilə rayonun inkişaf tarixində yeni mərhələ başladı. Qarşıda duran əsas vəzifə işğal dövründə dağıdılmış əraziləri bərpa etmək, müasir infrastruktur yaratmaq, əhalinin doğma torpaqlarına qayıdışını təmin etmək və bölgənin sosial-iqtisadi potensialını reallaşdırmaqdır.
Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini ardıcıl şəkildə həyata keçirir. Məqsəd müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış məntəqələri yaratmaq, yol-nəqliyyat əlaqələrini genişləndirmək, enerji, təhsil və səhiyyə infrastrukturunu inkişaf etdirmək, insanların təhlükəsiz və rahat yaşayışını təmin etməkdir.
Qubadlı şəhərində yaşayış məhəllələrinin, inzibati və sosial obyektlərin qurulması, kəndlərin yenidən inşası və kommunal sistemlərin yaradılması rayonun gələcəyinə hesablanmış mühüm addımlardır. Bu layihələr doğma yurda qayıdacaq ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına, sosial xidmətlərə əlçatanlığın təmin edilməsinə və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Azad edilmiş ərazilərin inkişafında müasir nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti vardır. Keyfiyyətli avtomobil yolları yaşayış məntəqələri arasında əlaqələri yaxşılaşdırır, insanların hərəkətini asanlaşdırır və istehsal, ticarət və xidmət sahələrinin inkişafına təkan verir.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu qərar bölgədə nəqliyyat əlaqələrinin inkişafına dövlət dəstəyinin konkret təzahürüdür.
Yol layihələri yalnız nəqliyyat vasitələrinin hərəkətini təmin etmir. Onlar iqtisadi fəallığın artmasına, ərazilərin vahid nəqliyyat şəbəkəsinə inteqrasiyasına, sahibkarlığın inkişafına və əhalinin sosial xidmətlərdən daha rahat istifadəsinə imkan yaradır. Qubadlının bərpası ilə paralel olaraq kənd təsərrüfatı, sahibkarlıq və xidmət sahələrinin inkişafı üçün də imkanlar genişlənir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycan dövlətinin qarşısında duran mühüm sosial və humanitar vəzifələrdəndir. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması, ailələrin yenidən doğma torpaqlarda məskunlaşması və normal həyat şəraitinin yaradılması bu siyasətin əsas məqsədidir.
Qubadlı üçün Böyük Qayıdış doğma torpağın yenidən insan nəfəsi ilə canlanması deməkdir. Bu, illərlə yurd həsrəti çəkən insanların arzularının gerçəkləşməsi, ailə və nəsil bağlarının öz tarixi məkanında bərpasıdır. Qubadlının yenidən qurulması yalnız fiziki məkanın yenilənməsi deyil, həm də milli-mənəvi irsin qorunması, yerli ənənələrin yaşadılması və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsidir.
25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında qürur, minnətdarlıq və ümid hissləri ilə yaşayır. Bu tarix Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və dövlətimizin tarixi nailiyyətlərini bir daha dərk etmək üçün mühüm fürsətdir.
Bu gün Qubadlı keçmişin ağır sınaqlarından çıxaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Həyata keçirilən infrastruktur layihələri, bərpa və quruculuq işləri, yaşayış məntəqələrinin yenidən qurulması rayonun gələcəyinə olan inamı möhkəmləndirir. Hər bir yeni layihə və doğma yurda yönələn hər bir addım Qubadlının dirçəlişinə töhfə verir.
Qubadlı tariximizin Zəfər səhifəsidir. O, xalqımızın iradəsinin sarsılmazlığını, dövlətimizin gücünü və milli birliyimizin əhəmiyyətini təcəssüm etdirir. Doğma torpaqlarda yeni həyatın qurulması isə bu Zəfərin davamı və gələcəyə ünvanlanan mühüm missiyadır.
Qubadlı azaddır! Qubadlı dirçəlir! Qubadlı Azərbaycanın Zəfər tarixində əbədi yaşayacaq!
Sürəyya Qasımova
YAP Naxçıvan şəhər təşkilatı “İdris Məmmədov 48” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri müavini,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü