Qubadlı – Zəfərin, milli iradənin və Böyük Qayıdışın rəmzi

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

 

Azərbaycanın dilbər guşələrindən olan Qubadlı zəngin tarixi, füsunkar təbiəti, mədəni irsi və qədim yaşayış ənənələri ilə seçilən torpaqlarımızdandır. Bu diyarın hər qarışı xalqımızın tarixi keçmişindən, milli-mənəvi dəyərlərindən xəbər verir. Qubadlı sakinlərinin doğma yurda bağlılığı, el-obaya sədaqəti və Vətən sevgisi uzun illər davam edən işğal dövründə belə sarsılmayıb. Onlar doğma torpaqlarından ayrı düşsələr də, qəlblərində bir gün Qubadlıya qayıdacaqlarına dair inamı yaşadıblar. Bu gün həmin inam gerçəyə çevrilib. Qubadlı yenidən Azərbaycanın üçrəngli bayrağının dalğalandığı, quruculuq nəfəsinin duyulduğu və gələcəyə ümidlə baxan bir diyara çevrilir.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər ərzində ağır dağıntılara və talana məruz qaldı. Şəhərin və rayonun yaşayış məntəqələri dağıdıldı, insanların doğma yurdlarında yaşamaq hüququ pozuldu, minlərlə sakin məcburi köçkün həyatına məhkum edildi. Qubadlılıların taleyi Azərbaycanın digər işğal olunmuş ərazilərinin sakinlərinin yaşadığı faciənin ayrılmaz hissəsi idi. Lakin xalqımız heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı. Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etdi, ölkənin hərbi və iqtisadi qüdrətini artırdı, müasir ordu quruculuğunu prioritet istiqamətə çevirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı.

Prezident İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək 2021-ci il oktyabrın 25-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu hadisənin müharibənin gedişinə ciddi təsir göstərdiyini vurğuladı. Dövlət başçısının qeyd etdiyi kimi, Qubadlının azad olunması Laçın istiqamətində irəliləmək üçün mühüm imkanlar yaratdı və qələbənin yaxınlaşmasını təmin etdi.

Qubadlının azad edilməsi yalnız hərbi uğur deyildi. Bu, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi, Azərbaycanın suveren hüquqlarının bərpası və milli iradəsinin təntənəsi idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasətin, güclü iqtisadi potensialın, müasir ordu quruculuğunun və xalq-ordu birliyinin nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm diplomatik müstəvidə, həm də hərbi sahədə öz gücünü nümayiş etdirdi. Vətən müharibəsi zamanı dövlət başçısının qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun döyüş əzmi və xalqımızın sarsılmaz həmrəyliyi tarixi Qələbənin əsasını təşkil etdi.

Qubadlı Şəhəri Günü xalqımızın tarixi ədalətin bərpasına olan inamının təntənəsidir. Bu günün qeyd edilməsi həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların yaşadıqları ağrı-acının, çəkdikləri əziyyətlərin və nəhayət, qayıdış sevincinin ifadəsidir. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, Vətən anlayışı yalnız coğrafi məkan deyil. Vətən insanın doğulduğu ev, uşaqlıq xatirələri, ata-baba ocağı, milli kimliyi və mənəvi bağlılığıdır. Qubadlılılar üçün doğma yurdlarına qayıtmaq illərlə qəlblərində yaşatdıqları ən böyük arzulardan biri olub.

Bu gün həmin arzu real dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın öz tarixi torpaqlarında həyatı yenidən canlandırmaq əzmini nümayiş etdirir. Qubadlının işğaldan azad olunması ilə qarşıda yeni vəzifələr meydana çıxdı. İndi əsas məqsəd şəhərin və rayonun yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun yaradılması, iqtisadi potensialın hərəkətə gətirilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz, ləyaqətli qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri, burada aparılan işlərlə yerində tanış olması və müvafiq tapşırıqlar verməsi Qubadlının gələcək inkişafına xüsusi diqqətin göstəricisidir.

Qubadlıda yolların çəkilməsi, elektrik təchizatının bərpası, mühəndis-kommunikasiya sistemlərinin qurulması, sosial infrastrukturun yaradılması və şəhərin müasir tələblər əsasında yenidən planlaşdırılması istiqamətində işlər həyata keçirilir. Qubadlı haqqında danışarkən Böyük Qayıdış prosesinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Çünki torpaqların işğaldan azad edilməsi tarixi Zəfərin hərbi-siyasi tərəfidirsə, insanların doğma yurdlarında təhlükəsiz və firavan həyatının təmin olunması həmin Zəfərin sosial mahiyyətini tamamlayır.

Uzun illər məcburi köçkün həyatı yaşayan insanların öz evlərinə qayıtması, doğma torpaqlarında yeni həyat qurması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bu proses yalnız mənzillə təminat məsələsi deyil, həm də insanların doğma mühitə qayıtması, sosial əlaqələrin bərpası, milli-mənəvi irsin yaşadılması və gələcək nəsillərin öz tarixi torpaqlarında yetişməsi deməkdir. Qubadlıya qayıdış şəhərin yenidən canlanması, ailələrin öz ocaqlarına qovuşması, uşaqların doğma torpaqlarda böyüməsi və yeni həyatın başlanması anlamına gəlir. Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün təhlükəsizlik, infrastruktur, məşğulluq və sosial xidmətlər bir-biri ilə uzlaşdırılmalıdır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, yolların və kommunikasiya xətlərinin qurulması, yaşayış sahələrinin bərpası bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Qubadlının gələcəyi həm də burada yaşayan insanların fəallığından, təşəbbüskarlığından və doğma yurdun inkişafına verəcəkləri töhfələrdən asılıdır. Dövlətin yaratdığı imkanlar sakinlərin zəhməti və təşəbbüsü ilə birləşdikdə şəhərin dayanıqlı inkişafı üçün daha möhkəm zəmin formalaşır. Qubadlının azadlığı Azərbaycanın müasir tarixində milli birliyin nə qədər böyük gücə malik olduğunu nümayiş etdirdi. Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi həmrəylik, əsgər və zabitlərimizin qəhrəmanlığı, dövlətimizin qətiyyətli siyasəti vahid məqsəd ətrafında birləşməyin tarixi nəticəsini ortaya qoydu. Bu Zəfər Azərbaycan gəncliyi üçün də böyük mənəvi məktəbdir. Qubadlının azadlığı haqqında həqiqətləri öyrənən gənc nəsil Vətən sevgisinin, milli məsuliyyətin və dövlətə sədaqətin əsl mənasını dərk edir. Tarixi yaddaşın qorunması gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qubadlı Şəhəri Günü bu baxımdan yalnız keçmişi xatırlamaq üçün deyil, gələcəyə məsuliyyətlə yanaşmaq üçün də bir fürsətdir. Qazanılmış Zəfərin qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, azad edilmiş ərazilərin inkişafı və milli həmrəyliyin davam etdirilməsi hər bir vətəndaşın ümumi məqsədi olmalıdır.

Azərbaycanın bugünkü inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması dövlətimizin qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəlilədiyini göstərir.

Qubadlının dünəni xalqımızın ağır sınaqlarla dolu tarixinin, bu günü şanlı Zəfərin, sabahı isə quruculuğun, inkişafın və firavan həyatın rəmzidir. Bu əlamətdar gün münasibətilə bütün qubadlılıları və Azərbaycan xalqını təbrik edir, doğma yurda qayıdışın hər bir ailəyə sevinc gətirməsini arzulayırıq. Qoy Qubadlının küçələrində həyat daim canlansın, evlərindən uşaq səsləri gəlsin, bağları bar versin, torpaqları bərəkətə qovuşsun!

 

Bayram Aslanov,

YAP Gəncə şəhər təşkilatının sədri

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri