Qubadlı – Zəfərin təntənəsi, dirçəlişin ünvanı

 

Hər bir xalqın tarixində elə günlər var ki, həmin tarixlər milli yaddaşın ayrılmaz hissəsinə çevrilir, gələcək nəsillərə azadlığın, birliyin və doğma torpağa bağlılığın nə demək olduğunu xatırladır. 25 Oktyabr – Qubadlı Şəhəri Günü də Azərbaycan xalqının yaddaşında bu cür əlamətdar günlərdən biridir. Bu tarix təkcə bir şəhərin işğaldan azad olunmasını deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsini, tarixi ədalətin bərpasını və Qarabağla Şərqi Zəngəzurda yeni həyatın başlanmasını ifadə edir.

1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Qubadlı rayonunun işğal edilməsi bölgənin tarixində ağır bir dövrün başlanğıcı oldu. İşğal nəticəsində rayonun sakinləri doğma evlərini tərk etməyə məcbur qaldılar. Minlərlə insanın həyatında uzun illər davam edən məcburi köçkünlük dövrü başladı. Qubadlının yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi-mədəni irsinə ciddi ziyan dəydi, insanların illərlə qurduğu həyat alt-üst edildi. Buna baxmayaraq, qubadlılılar doğma torpaqlarına qayıdacaqlarına olan inamlarını itirmədilər. Onlar öz yurdlarının bir gün yenidən dirçələcəyinə, Azərbaycan bayrağının Qubadlıda dalğalanacağına ümid bəsləyirdilər.

Bu ümidin gerçəkləşməsi Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, milli birliyin möhkəmləndirilməsi nəticəsində mümkün oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda tarixi mübarizəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük peşəkarlıq, yüksək hazırlıq, çevik qərarvermə və strateji düşüncə nümayiş etdirdi. Hərbi qulluqçularımızın fədakarlığı, əzmi və qəhrəmanlığı nəticəsində işğal altında olan torpaqlarımız bir-bir azad edildi.

Cəbrayıl və Zəngilan istiqamətlərində əldə edilən uğurlar Qubadlıya doğru irəliləmək üçün mühüm imkanlar yaratdı.2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu qələbə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Həmin gün təkcə Qubadlının deyil, bütün ölkəmizin Zəfər tarixində mühüm səhifəyə çevrildi. Qubadlının azad edilməsi sonrakı hərbi əməliyyatların gedişinə də ciddi təsir göstərdi və Azərbaycanın qələbəsini yaxınlaşdıran strateji hadisələrdən biri oldu. Bu uğur bir daha göstərdi ki, Azərbaycan Ordusu Vətən torpaqlarını azad etmək əzmində, yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malikdir.

Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və hər bir hərbi qulluqçumuzun göstərdiyi şücaət bu Zəfərin mənəvi əsasını təşkil edir. Qubadlı torpağının azadlığı uğrunda verilən qurbanlar heç vaxt unudulmayacaq, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalacaq.

Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da imzaladığı Sərəncamla döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular bu medalla təltif olundular. Medal Qubadlı uğrunda mübarizənin, hərbi qəhrəmanlığın və Vətən qarşısında xidmətin rəmzlərindən biridir.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının həmin səfərdə səsləndirdiyi fikirlər Qubadlının azad edilməsinin tarixi əhəmiyyətini ifadə edirdi: “Qubadlıya öz sahibləri qayıb”. Prezident şəhərin dağıdılmış vəziyyətinə diqqət çəkərək qarşıda böyük bərpa və quruculuq işlərinin dayandığını bildirdi. Dövlət başçısının Qubadlıya səfəri doğma torpağa qayıdışın, milli suverenliyin və yeni inkişaf mərhələsinin rəmzi kimi yadda qaldı.

Qubadlı Şəhəri Gününün təsis edilməsi də bu tarixi qələbənin əhəmiyyətini yaşatmaq, azadlıq uğrunda mübarizə aparan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə Zəfər tariximizi çatdırmaq baxımından mühüm addım oldu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu tarix artıq təkcə təqvimdə əlamətdar gün deyil, həm də xalqımızın iradəsini, dövlətimizin gücünü və doğma torpaqlara bağlılığını ifadə edən ümummilli yaddaş günüdür.

Qubadlının azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri bölgənin bərpası, infrastrukturunun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün lazımi şəraitin yaradılmasıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlıya səfərləri bu istiqamətdə görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir. 2021-ci il oktyabrın 25-də dövlət başçısının rayon səfəri zamanı Xanlıq-Qubadlı avtomobil yolunun təməli qoyuldu, “Qubadlı” elektrik yarımstansiyası və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verildi. Həmin səfər zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilməsi də xüsusi əhəmiyyət daşıdı.

2022-ci il oktyabrın 19-da Qubadlıya səfər edən Prezident İlham Əliyev “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu, 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Bu layihələr elektrik enerjisi təchizatının gücləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və rayonun gələcək sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Müasir enerji sisteminin qurulması və su təsərrüfatı infrastrukturunun yaradılması həm əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, həm də istehsal sahələrinin inkişafına zəmin yaradır.

2023-cü il mayın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlıya səfəri zamanı şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməli qoyuldu. Eyni zamanda, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində də bərpa layihələrinin təməlqoyma mərasimləri keçirildi. Bu layihələr Qubadlının gələcək inkişafının yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmadığını, təhsil, səhiyyə, dövlət idarəçiliyi və sosial xidmətləri əhatə edən kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.

Rayonun nəqliyyat əlaqələrinin genişləndirilməsi də quruculuq strategiyasının əsas istiqamətlərindəndir. Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları bölgədə yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına, yük və sərnişin daşımalarının asanlaşdırılmasına, iqtisadi fəallığın artmasına xidmət edir. Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi də rayonun kəndlərinin nəqliyyat infrastrukturunun inkişafı baxımından əhəmiyyətlidir. 2023-cü il sentyabrın 5-də yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamın imzalanması isə bölgənin yol şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan biridir.

Qubadlının gələcək inkişafının planlı şəkildə həyata keçirilməsi məqsədilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan da hazırlanıb və 2025-ci il sentyabrın 9-da təsdiq edilib. Baş plan şəhərin ərazi planlaşdırılmasını, yaşayış və ictimai məkanların inkişafını, müasir infrastrukturun qurulmasını və iqtisadi potensialın səmərəli istifadəsini nəzərdə tutur. Qubadlının coğrafi mövqeyi, kənd təsərrüfatı imkanları və regionlararası nəqliyyat əlaqələri gələcəkdə şəhərin sosial-iqtisadi inkişafına töhfə verə biləcək mühüm amillərdəndir.

Bu gün Qubadlıda aparılan bərpa-quruculuq işləri Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Məqsəd yalnız dağıdılmış binaları yenidən tikmək deyil, insanların rahat, təhlükəsiz və ləyaqətli yaşayışı üçün müasir şərait yaratmaqdır. Yeni yaşayış məhəllələri, məktəb, xəstəxana, inzibati binalar, yollar, enerji və su infrastrukturu gələcəkdə Qubadlının dayanıqlı inkişafına xidmət edəcək. Doğma yurda qayıdış isə uzun illər həsrət çəkmiş ailələrin həyatında yeni səhifə açacaq, şəhərin sosial və iqtisadi həyatına yeni nəfəs gətirəcək.

25 Oktyabr – Qubadlı Şəhəri Günü həm keçmişə ehtiram, həm bu günə qürur, həm də gələcəyə inam günüdür. Bu tarix bizə xatırladır ki, torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlıq, dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət və xalqımızın birliyi Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Qubadlı şəhərinin yenidən qurulması, tarixi simasının bərpası və sakinlərinin doğma torpaqlarına qayıtması bu Zəfərin davamıdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri