Şuşa – Qarabağın tacı, Azərbaycanın milli qürur və Zəfər rəmzi

Şuşa – Qarabağın tacı, Azərbaycanın milli qürur və Zəfər rəmzi

 

 

            Azərbaycanın qədim və zəngin tarixə malik şəhərləri sırasında Şuşanın özünəməxsus yeri və xüsusi əhəmiyyəti vardır. Qarabağın səfalı guşəsində, möhtəşəm dağların qoynunda yerləşən bu şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və ədəbi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşa yalnız coğrafi məkan deyil, xalqımızın milli kimliyini, mənəvi dəyərlərini, tarixi yaddaşını və zəngin mədəni irsini özündə yaşadan müqəddəs şəhərdir. Bu baxımdan Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindən biri, onun gələcək inkişafı isə dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biridir.

            Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Qısa müddət ərzində mühüm siyasi, iqtisadi və mədəni mərkəzə çevrilən şəhər Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Şuşa XIX əsrdən etibarən musiqi, poeziya, memarlıq və incəsənət sahələrində yetişdirdiyi görkəmli şəxsiyyətlərlə tanınmışdır. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Natəvan, Vaqif kimi böyük sənətkarların adı bu şəhərin şöhrətini ölkə hüdudlarından kənara çıxarmışdır. Təsadüfi deyil ki, Şuşa Azərbaycan musiqisinin beşiyi, milli mədəniyyətimizin incisi hesab olunur.

            Lakin uzun illər ərzində Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanına çevrilmiş, şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vurulmuşdur. 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi xalqımızın yaddaşında ağır bir faciə kimi qalmışdır. Bu hadisə yalnız bir şəhərin itirilməsi deyil, bütövlükdə Azərbaycanın milli-mənəvi irsinə vurulan böyük zərbə idi. Buna baxmayaraq, Azərbaycan xalqı Şuşa həsrəti ilə yaşasa da, heç vaxt bu müqəddəs şəhərin geri qaytarılacağına olan inamını itirməmişdir.

            Azərbaycan dövləti ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, ordumuzun müasirləşdirilməsi və beynəlxalq mövqelərimizin gücləndirilməsi bu tarixi məqsədə nail olmaq üçün möhkəm zəmin yaratmışdır.

            2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini müəyyənləşdirən ən mühüm hadisələrdən biri oldu. Şuşa əməliyyatı Azərbaycan hərbçilərinin misilsiz cəsarətinin, peşəkarlığının və Vətən sevgisinin parlaq təzahürü kimi tarixə düşdü.

            Şuşanın azad olunması xalqımız üçün həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu hadisə Azərbaycan xalqının milli qürurunu özünə qaytardı, tarixi ədalətin bərpasını təmin etdi və dövlətimizin gücünü nümayiş etdirdi. Məhz bu möhtəşəm hadisənin şərəfinə 8 Noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.

            Bu gün Şuşa şəhərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi abidələr bərpa olunur, infrastruktur yenilənir, yeni yaşayış və sosial obyektlər inşa edilir. Şuşanın əvvəlki şöhrətinin qaytarılması, onun Azərbaycanın mədəniyyət paytaxtı kimi beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm addımlar atılır. Şuşada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları və mədəniyyət layihələri şəhərin həyatına yeni nəfəs verir.

            Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı yalnız öz torpağına qovuşmadı, həm də milli-mənəvi dəyərlərinin qorunması istiqamətində mühüm tarixi nailiyyət əldə etdi. Bu gün Şuşa Azərbaycanın gücünün, birliyinin və sarsılmaz iradəsinin rəmzidir. Əminliklə demək olar ki, Şuşa bundan sonra da xalqımızın qəlbində xüsusi yer tutacaq, gələcək nəsillər üçün vətənpərvərlik və milli qürur məktəbi olaraq yaşayacaqdır.

 

Selcan Nağdəliyeva

YAP Kəngərli rayon təşkilatının fəalı