Şuşa – Zəfərdən dirçəlişə uzanan möhtəşəm yol

Şuşa – Zəfərdən dirçəlişə uzanan möhtəşəm yol

 

Azərbaycan xalqının tarixində elə şəhərlər var ki, onların adı çəkiləndə insanın qəlbində xüsusi qürur və fəxarət hissi yaranır. Şuşa məhz belə şəhərlərdəndir. Qarabağın döyünən qəlbi, milli mədəniyyətimizin beşiyi, musiqimizin və incəsənətimizin məbədi olan bu qədim şəhər Azərbaycan xalqının mənəvi dünyasında özünəməxsus yer tutur. 8 Noyabr – Şuşa şəhəri günü isə bu müqəddəs ünvanın yenidən azadlığa qovuşmasının, milli ruhumuzun təntənəsinin ifadəsidir.

1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bu şəhər Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin vətəni olmaqla xalqımızın zəngin mədəniyyət salnaməsinə əvəzsiz töhfələr verib. Şuşanın musiqi ənənələri, memarlıq nümunələri, tarixi abidələri və bənzərsiz təbiəti onu Azərbaycan mədəniyyətinin rəmzinə çevirib.

1992-ci ildə Şuşanın işğal olunması xalqımızın mənəvi həyatına ağır zərbə vurdu. İşğal dövründə şəhərin tarixi abidələrinə, muzeylərinə, məscidlərinə və mədəni irsinə qarşı vandalizm aktları törədildi. Lakin heç bir dağıntı Şuşanın Azərbaycan kimliyini dəyişə bilmədi. Xalqımız bu şəhəri yaddaşında yaşatdı, onun azad olunacağına inamını qorudu.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Şuşanı azad etməsi tarixi ədalətin bərpası oldu. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan!” bəyanatı yalnız hərbi qələbənin deyil, milli-mənəvi dirçəlişin də müjdəsi idi. Bu tarixi hadisə Azərbaycan xalqının öz köklərinə, tarixinə və mədəniyyətinə sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin yenidən qurulması və tarixi simasının bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilməyə başlandı. Şəhərin tarixi-mədəni abidələri bərpa edilir, yollar, yaşayış kompleksləri, sosial obyektlər və müasir infrastruktur yaradılır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də onun milli və beynəlxalq miqyasda əhəmiyyətini bir daha təsdiqlədi.

Şuşada keçirilən Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və digər mədəni tədbirlər şəhərin əvvəlki şöhrətinin yenidən bərpa olunduğunu göstərir. Bu tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya təqdim etməklə yanaşı, Şuşanı beynəlxalq mədəni dialoq məkanına çevirir. Şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi bu istiqamətdə qazanılan uğurların mühüm göstəricisidir.

2024-cü il mayın 11-də keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışının başlanması isə Böyük Qayıdış prosesinin ən əlamətdar hadisələrindən biri oldu. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi şəhərə yeni həyat bəxş etdi. Bu gün Şuşada aparılan quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin real nəticələridir.

Şuşanın dirçəldilməsi yalnız şəhərin yenidən qurulması deyil, həm də milli yaddaşımızın, tarixi irsimizin və mənəvi dəyərlərimizin qorunması deməkdir. Biz bu müqəddəs şəhəri gələcək nəsillərə daha gözəl, daha abad və daha qüdrətli şəkildə çatdırmalıyıq.

8 Noyabr – Şuşa şəhəri günü münasibətilə bütün xalqımızı təbrik edir, bu böyük Zəfərin memarı Prezident İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna minnətdarlığımızı bildiririk. Şuşa bizim tariximiz, qürurumuz, milli kimliyimizdir!

 

YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova