YAP Goranboy Rayon Təşkilatının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirildi

27 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və partiya veteranları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir YAP-ın yaradıcısı, Azərbaycan xalqınını Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib və daha sonra YAP-ın yarandığı gündən bugünə qədərki keçdiyi şərəfli inkişaf yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin və YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayevin çıxışları ilə davam edən tədbirdə 34 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və uğurlu yoldan bəhs olunub. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin sədrliliyi ilə yaradılan YAP qısa müddətdə ümumxalq partiyasına çevrilərək Azərbaycanın inkişafında, sabitliyində və qazanılan möhtəşəm nailiyyətlərdə müstəsna rol oynayıb.

Daha sonra bildirilib ki, 24 oktyabr 1993-cü il tarixində yaradılmış Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı respublikamızda formalaşan ilk rayon təşkilatlarından biri kimi özünəməxsus tarixə və fəaliyyət təcrübəsinə malikdir. Təşkilatın yarandığı dövr Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması və ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mürəkkəb və məsuliyyətli bir mərhələ idi. Məhz belə bir şəraitdə partiya sıralarında birləşən insanlar ölkənin gələcəyinə inam, milli maraqlara sədaqət və dövlətçilik məsuliyyəti nümayiş etdirərək mühüm siyasi proseslərdə fəal iştirak edirdilər.

Bildirilib ki, bu gün YAP Goranboy rayon təşkilatının 33 illik fəaliyyət yoluna nəzər salarkən aydın görürük ki, təşkilatımızın yaranması təsadüfi hadisə deyil, dövrün ictimai-siyasi tələblərindən irəli gələn zərurət, xalqın sabitliyə, inkişafa və güclü dövlətçiliyə olan ehtiyacının ifadəsi idi.

Digər çıxış edənlər Səhiyyə ƏPT-nın sədri Yeganə Həsənova və millət vəklinin köməkçisi Gündüz Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi tarixi Zəfərdən və bu gün Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsindən danışıblar. Vurğulanıb ki, bu gün hər bir YAP üzvü ölkə Prezidentinin ətrafında sıx birləşərək dövlətimizin tərəqqisinə öz töhfəsini verir, rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirir.

Təbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etmiş, yubiley yaşları tamam olan partiya veteranları “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif edilmiş, bir qrup partiya fəalları “Fəxri Fərman”la təltif edilmiş, Partiya sıralarına yeni üzv olmuş bir qrup partiya üzvünə isə yeni üzvlük vəsiqələri təqdim edilmişdir.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatmışdır.