Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad şəhər 2 saylı ərazi partiya təşkilatında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışının ideoloji-siyasi mahiyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə dövlət başçısı cənab İlham Əliyevin VIII Qurultaydakı dərin məzmunlu nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən fundamental yol xəritəsi olduğunu diqqətə çatdırmışdır. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar şəraitində partiya fəallarının üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır.
Daha sonra Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Murad Həsənli, GİKM Mil-Muğan bölməsinin əməkdaşı Bilal Muxtarov və partiya fəalı Turanə Kərimova çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən söz açmışlar. Natiqlər Ümummilli Lider Heydər Əliyevin ideologiyasına sadiqliklərini və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti bundan sonra da yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.