Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu

Samuxda  Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu” adlı tədbir  keçirilib.

Tədbirdə  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının əməkdaşları, Samux rayonunda fəaliyyət göstərən  idarə və müəssisələrin rəhbərləri,YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarının  sədr  və  sədr müavinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən  öncə  müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi  ziyarət olunaraq, abidənin önünə  gül dəstələri düzülüb.

Tədbirdə  Ulu Öndər Heydər Əliyevin,  Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş nitqi ilə  çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə, keçdiyi şərəfli inkişaf yoluna və ölkəmizin ictimai-siyasi həyatındakı mühüm roluna toxunub. Bildirib ki, 1992-ci il noyabrın 21-də xalqın tələbi və çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin qorunması, siyasi sabitliyin təmin edilməsi və milli maraqların müdafiəsi istiqamətində tarixi missiya həyata keçirib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan Partiya bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq ölkəmizin tərəqqisinə, güclənməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir. G.Bayramov, həmçinin YAP Samux rayon təşkilatının fəaliyyətindən, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığından və qarşıda duran vəzifələrdən bəhs edib.

Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edib. Partiyanın Azərbaycanın müasir dövlətçilik tarixində oynadığı əvəzsiz roldan, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyətindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərdən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik maraqlarına, milli həmrəyliyə və xalq-iqtidar birliyinə əsaslanan siyasi fəaliyyəti ilə ölkəmizin inkişafında mühüm yer tutur.

 Daha sonra çıxış edən Samux rayon Ağsaqqallar Şurasının sədri Bayram Qasımov, Qiyaslı kənd ərazi partiya təşkilatının sədri Günay Rzayeva, Sərkar UMM  ərazi partiya təşkilatının üzvü Sevda Binnətova  çıxış edərək  Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətindən, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, Partiyanın keçdiyi inkişaf yolundan bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında müxtəlif nəsilləri birləşdirərək dövlətçilik ənənələrinin qorunmasına, milli maraqların müdafiəsinə və ölkənin davamlı inkişafına xidmət edir.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü  münasibətilə   və  Partiyanın   ictimai-siyasi  həyatında  fəallığı ilə    seçilən bir qrup partiya üzvünə  fəxri fərmanlar təqdim olunub.  Partiyaya yeni  qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Təltifetmə mərasimindən sonra Yeni Azərbaycan Partiyasının himni  səsləndirilib. 

Tədbirin  sonunda rayon  mədəniyyət şöbəsinin kollektivinin  təqdimatında bədii hissə təqdim olunub.