Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 1918: 15 sentyabra doğru...

1918: 15 sentyabra doğru...

08.09.2022 [10:32]

Əvvəli ötən sayımızda...

1918-ci il... Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi...

Tarixi mənbələrimizdə həmin hadisələrlə bağlı geniş informasiyalar var. Və o hadisələri yaşamış Nağı bəy Şeyxzamanlının  xatirələri isə ən etibarlı mənbələrdən biri olaraq qalır.

Nağı bəy Şeyxzamanlı gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olub.

1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əks-inqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilir (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərir.

1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilir. Həmin əsərlərini Keykurun imzası ilə yazır. Bu xatirələr əsasında 2016-cı ildə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında “Nağı bəy Şeyxzamanlı. Xatirələr” adlı kitab çap olunub.

“Yeni Azərbaycan” N.Şeyxzamanlının 1918-ci il hadisələri ilə bağlı xatirələrini ixtisarla təqdim edir:

Beləliklə, dünyada ikinci bir Türkiyə yaranmış olar”. Mən hələ sözlərimi bitirməmiş Ömər Faiq bomba kimi partladı: “Sən nə söyləyirsən? Sarıqamışda on minlərlə şəhid verən Türkiyə Qafqazı işğal etməyəcəksə sizə necə istiqlal verəcək hə”. O belə bağırır, həm də məni hədələyirdi: “Sən Osmanlı dövlətinin rəhbərləri ilə görüşəcək və fikrini anladacaqsan hə. Sən zindanlarda çürüyəcəksən”. Bu sözlərdən sonra Ömər Faiq çıxıb getdi. Bu hadisədən üzülən Hüsaməddin bəy mənə “Mən hökumətin İstiqlal haqqındakı fikrini bilirəm. Ancaq sən Azərbaycan münəvvərlərinin fikrini söyləyirsən. Bu fikir və istək yalnız sənə aid deyil ki. Mən də hökumətə raport verəcəyəm və Azərbaycanda görüşdüyüm bütün münəvvərlərin hamısının eyni fikirdə olduqlarını raportumda göstərəcəyəm” dedi. Bir neçə saat sonra Ömər Faiq qəsəbədən qayıtdı və yanımıza gəldi. Ancaq danışmırdıq. Bu zaman uzaqdan motorun səsini eşitdik. Bir az sonra motorlu qayıq gələrək körpüyə yanaşdı və bizi götürdü. Motorlu qayıqda Ömər Faiqlə üzbəüz oturduq.

Qiresuna çatarkən hökumət nümayəndələri, xalq və məktəb tələbələri bizi qarşıladılar. Qiresunun Bələdiyyə rəisi də bizə bir ziyafət verdi. Ertəsi gün hazırladıqları atlarla yola çıxdıq və at belində keçən birgünlük yolçuluqdan sonra da Qafqaz Cəbhəsi qərargahının yerləşdiyi Suşehrinə yaxınlaşdı?. Onlarla birlikdə ordu qərargahına gəldik. Bu zaman mənim sevincimin həddi-hüdudu yox idi. Birnəfəsə ordu komandanına söyləyəcəklərimi düşünürdüm. İlk öncə Qafqazda rus ordu qüvvələrinin, rus çar idarə-üsulunun qalmadığını bildirəcəyəm. Nə qədər məmnun olacaqlarını düşündükcə sevincim bir neçə qat da artırdı. Nəhayət növbə ordu komandanı Vahab Paşa ilə görüşməyimizə gəldi. Paşanın duruşu, baxışı, çevikliyi, əzəməti və ədası məni məftun edirdi. Vahab Paşa danışmağa başladı. O danışır, mən dinləyirdim. Ancaq dinlədikcə də sevincim yox olur və qulaqlarıma inanmırdım. Kefinin pozulmasına əhəmiyyət vermirəm. Həyatımda kim bu sözləri mənə söyləməyə cəsarət edə bilərdi. Əziz oxucularım, anladanda siz də təəccüblənəcəksiniz: Vahab Paşa “Mən bir neçə ildir Qafqaz cəbhəsi komandanıyam. Qafqazlıları tədqiq edib öyrəndim. Siz qafqazlılar da, biz albaniyalılar kimi təmizliyi sevirsiniz. Bu pis türk nəfərlərini həm də bu görkəmdə Qafqaza göndərə bilmərəm” deyir. Məni elə bil ildırım vurdu. Heç bir cavab vermədim. Alban, bu söz mənə o qədər yad deyil. Ancaq yer üzündə alban deyilən bir millətin varlığından xəbərdar deyiləm. Çünki rus məktəbində oxumuşdum. Osmanlı tarixi də qısa olaraq keçilirdi. Kiçik bir millət olan albanlardan isə bəhs olunmamışdı. Ancaq Balkan müharibəsini izlədiyimdən müharibə əsnasında İşkodrada Əsəd Paşa adlı bir diviziya komandiri olan albanın Osmanlı dövlətinə qarşı üsyan etdiyi rus qəzetlərində oxumuşdum.

Mən Vahab Paşa ilə görüşərkən Ömər Faiq də yanımda idi. Vahab Paşa Hüsaməddin bəylə ayrıca görüşmüşdür. Ertəsi gün hərəkət edəcəyimiz zaman Hüsaməddin bəyin Paşa tərəfindən saxlanıldığını öyrəndik. Hüsaməddin bəylə bir xeyli görüşə bilmədik. Görüşərkən bir-birimizə sarılaraq öpüşdük. Hüsaməddin bəyə dərdimi danışmaq üçün fürsət tapa bilmədim. Ömər Faiqlə isə danışmırdıq. Ancaq hərəkətlərindən onun da bu işə mənim qədər sıxıldığını anlayırdım. Vahab Paşa Baş komandan olan Ənvər Paşadan bizi bir an əvvəl İstanbula yola salmaq əmri almışdı. Bizi araba ilə Sivasa, oradan da avtomobillə Uluqışlaya qatara çatdırdılar. Yol uzunu biz iki yolçu bir-birimizə nifrət edirdik. İki küsmüş məmur kimi rəsmi danışırdıq. Ancaq hər ikimiz də bizimlə təmasda olanlara bu incikliyimizi hiss etdirmirdik. Qatarlar kömür olmadığından odunla işləyirdi. Bu da onların sürətlərinin zəif olmasına səbəb olurdu.

Uluqışladan Konyaya getdik. Konya stansiyasında bizi vali və “İttihat və Tərəqqi”nin məşhur şəxslərindən Müammar bəy qarşıladı. Bizi şəhərə apararaq gəzdirdilər. Həzrəti Mövlanəyi ziyarət etdik. Məktəbləri dolaşdıq. Bələdiyyə rəisi bizə bir ziyafət verdi. Daha sonra bizi stansiyaya qədər ötürdülər.

Konyadan qatarla Karahisara gəldik. Qatar dayandı, günəşli bir gün idi. Karahisar şəhərinin mənzərəsi məni çox cəlb etdi. Stansiya müdirindən qatarın burada nə qədər dayanacağını soruşdum. “Hər halda üç saatdan az deyil. Nə üçün soruşurdunuz əcəba?” dedi müdir. Mən də “Qəsəbəyə getmək istəyirəm. Bura mənim çox xoşuma gəldi” dedim. Qəsəbə stansiyaya çox yaxın idi. Gedib qəsəbəni gəzdim. Müharibə illərində Qafqaza Türkiyədən quru yemiş gətirilməmişdi. Çox gözəl şəkildə düzülmüş əncirləri görüb qibtə etdim. Baqqala yaxınlaşaraq mənə bir az əncir verməsini söylədim. Ancaq baqqalın nə qədər istədiyini soruşması qarşısında çaşdım. Bir az verməsini söylədim. Mənə “bir kilo verimmi?” deyə soruşdu. O vaxt kilo yerinə okka işlənirdi. Mən də verilməsini söylədim. Bir kiloya xeyli əncir düşmüşdü. Ancaq zərəri olmadığını düşündüm. Yolda çoxlu əsgər var idi. Onlarla bölüşdürməyi nəzərdə tuturdum. Türkiyədəki ölçüləri bilmədiyim kimi pulun növlərini də bilmirdim. Bildiyim yalnız kağız lirə idi. Lirəni baqqala uzatdım. Lirəni alan baqqal yabançı olduğumu anladığından mənə “Baxın, bu kağız lirə beş məcidiyyədir (köhnə söz Türkiyədə 20 quruşluq gümüş pul, C.Q., M. Ə.)” dedi və mənə dörd ədəd kağız pul verdi (dörd küncündə 20 yazılı). Baqqal sözlərinə davam edərək “Bunlar da bir məcidiyyə. Bir məcidiyyə də əncir. Hesabımız tamam” dedi. Baqqaldan ayrıldım. Yolda ölçülərdən okkayı, pul növlərindən də məcidiyyəni öyrəndim deyə düşünürdüm.

Yolumuza davam edərək şəklini gördüyümüz, özünün həsrətini çəkdiyimiz İstanbula - Heydər Paşa stansiyasına gəldik. Mən İstanbulu ilk dəfə görürdüm. Ömər Faiq isə İstanbulda olmuş və hər tərəfini yaxşı tanıyırdı. Qatar dayandı. Ömər Faiq və mən qatardan düşüb körpüyə endik. O, ildırım sürəti ilə iki bilet aldı və paroxoda mindik və o biri tərəfə keçib körpüyə çıxdıq. Sonra bir faytona minərək Meserret mehmanxanasına gəldik. Kiçik əl çantalarımızı mehmanxanada qoyaraq bazara getdik. Ömər Faiq bizə nə lazım olduğunu söyləyərək bir bağlama düzəlməsini sifariş etdi. Məmurlar bizdən pasportlarımızı göstərməyimizi xahiş edirlər. Biz də göstəririk. Bu zaman mağaza müdiri bizə yaxınlaşaraq pasportumuza baxır və bizə “Əfəndim, biz burada malları sənədlə satırıq. Onun üçün də məmurlar sizdən sənəd göstərməyi xahiş etdilər. Siz bu dövlətin, millətin qonağısınız, nə əmr etsəniz verərik” deyir. Daha sonra bizə lazım olan əşyaları yığıb bağladılar. Pulunu soruşduq. Müdir təkrar müdaxilə etdi və “biz sizdən pul almayacağıq” dedi. Nə qədər israr etdiksə fayda vermədi, yəni pul almadılar.

Biz bu yarım ay müddətində təmizlənməyə imkan tapmamışdıq. Boş vaxtımızdan dərhal istifadə edib hamama getdik və sonra yenə mehmanxanaya getdik. Mehmanxanaya gələndə artıq bizi ümumi işlər müdirinin müavini Əsəd bəy (sabiq Amasiya vəkili) gözləyirdi. O, bizə “Əfəndim, biz sizi Heydər Paşada qarşılamağa getdik. Ancaq sizi tapa bilmədik. Bu mehmanxanada olduğunuzu öyrənərək dalınızca gəldik. Sizin üçün “Pera Palas” mehmanxanasında otaq hazırlanmışdır, oraya gedəcəyik” dedi. Əsəd bəy bizə axşam saat beşdə sizi Babi Alidə Baş nazir həzrətləri ilə görüşdürmək üçün gəlib aparacağını söylədi və getdi. Saat hələ iki idi. Ömər Faiqlə danışmadığımdan bizə ayrılan otaqda oturub dərin düşüncələrə dalıram: “Demək saat beşdə Tələt Paşa ilə görüşərək vəzifəmi yerinə yetirəcəyəm. Mənim üçün heç bir maneə yox idi”- Ömər Faiq qəzet oxuyurdu. Saat dördün yarısı. Vaxt yaxınlaşır. Mən yerimdən qalxaraq Ömər Faiq bəyə yaxınlaşıb “Faiq bəy, bir az sonra sizinlə birlikdə Osmanlı dövlətinin Baş naziri ilə görüşməyə gedəcəyik. Bilirsiniz ki, sizin vətəniniz Ahıskadır. Sizinlə bizim aramızda Gürcüstan vardır. Gərək Gürcüstandan o tərəfə keçməyəsiniz. Ora Azərbaycandır və sizin ölkənizlə heç bir əlaqəsi yoxdur. Ora haqqında söz söyləmək yalnız mənim səlahiyyətim daxilindədir. Bir-birimizi başa düşməməyimizə burada son qoyaq. Mənim söyləyəcəyim sözlərin məsuliyyəti mənə aiddir” deyirəm. Ömər Faiq bu sözlərimə heç bir cavab vermir. Daha sonra Əsəd bəylə birlikdə Babi Aliyə gəlirik və düz saat beşdə də Tələt Paşanın kabinetinə giririk. Sevincim və həyəcanım bir-birinə qarışmışdı. Kabinet böyük bir otaqdan ibarətdir. Baş tərəfdə böyük bir masa vardı. Tələt Paşa masanın arxasında oturmuşdu. Sağ tərəfində isə Xəlil bəy (Menteşe) oturmuşdu. Masanın qabağında iki boş stul var idi. Biz masaya yaxınlaşıb görüşür və otururuq. Mən etimadnaməmi çıxarıb Tələt Paşaya verdim. Aldı, oxudu və möhürdəki ay-ulduzun gözəlliyindən çox məmnun qalaraq etimadnaməni Ənvər Paşaya və Xəlil bəyə göstərərək “möhürdəki ay-ulduzun gözəlliyinə baxın” dedi. Mən sözə başladım “Əziz paşalarım, Azərbaycan xalqı 100 ildir ki, rus hakimiyyətinin zülmü altında inləməkdə idi. Qafqaz Rusiya tərəfindən işğal olunarkən səkkiz xanlığın xalqı olan azərilər, yəni dini bir, ?ili bir, adət və ənənələri bir olan millətimiz Türk millətidir. Millətimiz rus hakimiyyətinə qarşı gecəli-gündüzlü hər fədakarlığa qatlaşaraq çalışdılar. Bu çalışmaların rus çarlığının devrilməsində böyük rolu olmuşdur. Qafqazda başsız qalan rus ordusu pərişan halda idi. Millətimizin silahlı qüvvələrinin hücumuna, təzyiqinə dözə bilmədilər. Onlar az bir vaxtda silahlarını ataraq çəkildilər. Azərbaycanın hər tərəfində xalqı idarə edə biləcək milli komitələr quruldu. Artıq anarxiyadan heç bir əsər-əlamət qalmadı. Ancaq bu gün üçün yaxşı olan bu vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, ictimai vəziyyətimiz, imanımız, mədəniyyətimiz hər sahədə rus millətindən qat-qat üstün olduğu da azəri türklərinin istiqbalı qaranlıq görünür. Müstəqil yaşamağa öyrənmiş millətimizin böyük bir nöqsanı vardır. Xalqımızın vaxtilə hərbi təlim və tərbiyədən məhrum edilməsi və rus çarı Dəli Pyotrun vəsiyyətnaməsi gərəyincə İran və Türkiyə, Rusiya himayəsi və nüfuzu altına keçmədən Qafqazdan əsgər alınmasını əmr etməsi bu əskikliyi doğurmuşdur. Azərbaycan xalqı sizdən yardım gözləyir. Siz qardaş əlinizi bizə uzadaraq yardım edin. Müstəqil olaq. Siz bizi çəkib özünüzə qatmaq istəsəniz, biz buna razı ola bilmərik. (Bu zaman mərhum Tələt Paşa salondakılara “baxın ilhakı nə gözəl türkcə anladır” dedi.) bizə böyük hərbi qüvvə göndərməyin. Bizə hərbi mütəxəssis və çavuş kadrları göndərin. Bizdə az bir zamanda böyük hərbi qüvvə qurmağın imkanı vardır. Türk olduğumuz üçün istənilən qüvvə qanımızda mövcuddur. Xalqımızın milli qüvvətinə güvənərək az bir zamanda rusları torpağımızdan təmizləyib ata bildik”. Mən sözümü bitirmişdim. Tələt Paşa Xəlil bəyə baxaraq “Bravo xəlil bəy” dedi və bizə tərəf dönərək “Əfəndim, dünən firqə mərkəzində bu məsələni müzakirə edirdik. Xəlil bəy nəyin bahasına olursa-olsun hər fədakarlığa qatlaşıb Qafqazda bir İslam dövləti qurmamız fikrini müdafıə edirdi. (Mən dərhal sözə qarışdım: “Bəli, biz islamıq, ancaq Türk olduğumuzdan Milli Türk hökuməti qurulmasını düşünürük və istəyirik” dedim). Bu vəziyyətə çox məmnun olduq və “inşallah edəcəyik” dedik.

Danışıqlarımızın rəsmi hissəsi bitmişdi. Mən Birinci Dünya müharibəsinin ilk illərində rus mətbuatının “Osmanlı dövlətinə ən ağır zərbəni ingilis ordusundakı müsəlmanlar, xüsusilə də ərəblər vurur” deyə yazdığını söylədim və “Bu din qardaşlarımızın içində Türk mehmetçiyini də nişan alaraq canına qıyan bir kəs varmı?” deyə soruşdum. Bu suala Tələt Paşa belə cavab verdi: “Mən ərəblərin millətçi liderləri ilə bu məsələni müzakirə etdim və onları ərəb millətinin ingilislər tərəfində olmamasını razı saldım”. Sözə Ənvər Paşa qarışdı. “Bunlardan başqa ingilislər ərəblərə müharibənin sonunda xilafəti bizdən alıb ərəblərə verəcəklərini vəd etmişlər”. Mən “Paşam, xilafəti də onlara verəydiniz” dedim. Ancaq bu sözlərə Ənvər Paşanın çox hirsləndiyini hiss etdim. Üzü qızardı və əsəbi bir səslə “ola bilməz, son nəfərin Xəlifə həzrətlərinin yanında şəhid olması gərək” cavabını verdi. Artıq söhbətimiz bitmişdi. Bu zaman Ömər Faiq “Paşam, mən qəzetçiyəm. Azərbaycan mətbuatında çox çalışmışam. Azərbaycan xalqı Türklüklərini qəti dərk etmiş bir millətdir. İstiqlala layiqdirlər. Güclü bir ədəbiyyata malikdirlər. Ancaq mənim xahişim budur ki, bizim qəzamız Ahıska düz Türkiyənin sərhəddindədir. Oranın sizə ilhaq olunmasını istəyirəm” dedi. Tələt Paşa “Əmin olun, Paşa həzrətləri bu arzunuzu yerinə yetirər. Sabah təşkilatı qurmağa başlayacağıq” dedi. Əziz oxucularım, bunu da əlavə edim ki, Osmanlı dövləti rəhbərliyi ilə görüşən zaman mən bir dövlətin səlahiyyətli vəkili deyildim. Danışıqlarımızda heç bir etiket yox idi. Böyük Türk Millətinin bir qolu olan azəri türkləri öz qüvvələrinə dayanaraq əsarət zəncirini qırmışlar, vətənlərini düşməndən təmizləmişlər. İndi də bir övladını böyük qardaşları olan Osmanlı İmperatorluğu rəhbərliyinin yanına göndərmişdilər. Bu görüş və anlaşma iki qardaşın dərdləşməsi idi.

Qaldığımız mehmanxanaya gəldik. Sevincimin həddi-hüdudu yox idi. Ömər Faiqlə göz yaşları içərisində öpüşdük. Ömər Faiq lap düz yerində məni dəstəkləmişdi. Ertəsi gün Hərbi Nazirliyə dəvət edildim. Nazirlikdə cənab Yavər Kazım bəylə (Kazım Orbay) ilə görüşdüm. Digər yavərlər ilə də tanış oldum. Cənab Yavər Kazım bəy məni Umur Şərqiyə Ali Baş Hamba ilə tanış etdi. Yarım saatdan sonra məni Ənvər Paşanın kabinetinə gətirdilər. Ənvər Paşa məni gülə-gülə qarşılayıb qarşısında oturtdu və “dünən verdiyiniz məlumat məni çox sevindirdi. Sevincim və nəşəm hələ davam etməkdədir. Hərbi təlim-tərbiyə görməmiş xalq qüvvələri nə müdhiş varlıq, nə yenilməz qüvvə imiş” dedi. Mən də dərhal “Bəli Paşam, o xariqəni yaradan Türk millətidir. Paşam, mənim verdiyim izahat Azəri Türkləri haqqındadır. Rusiyada 35 milyon türk-müsəlman yaşamaqdadır. Bunlar Türküstan, İdil, Ural, Krım, Şimali Qafqaz və digər yerlərdə yaşamaqdadırlar. Bu saydığım türk xalqları hər tərəfdə öz torpaqlarından rusları qovmuşdular. Artıq bu yerlərdə rus hərbi qüvvələri deyilən heç bir şey qalmamışdır. Ancaq təəssüf ki, əsl rus milləti 80 milyondur.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31