Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 31 yaşlı Azərbaycan manatı...

31 yaşlı Azərbaycan manatı...

15.08.2023 [11:17]

Milli pul dövriyyəmizin inkişaf tarixi

Yeganə BAYRAMOVA

Hər bir ölkənin əsas atributlarından biri milli pul vahididir. Müstəqilliyimizin bərpasından sonra milli valyuta sayılan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb. Beləliklə, bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasıdan 31 il ötür. Bu münasibətlə milli valyutamızın tarixinə qısa bir səyahət etmək yerinə düşər...

Şah İsmayılın “Əşrəfi”

Rəsmi olaraq Azərbaycan dövlətinin ilk pulları müstəqil Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətainin dövründə buraxılıb. O dövrün pul vahidi abbası, tümən və şahı idi. Ümumilikdə, Səfəvi dövləti adından 70-dən çox şəhərdə pul kəsilib, o illərdən dövrümüzə 200-dək gümüş sikkə gəlib çatıb. Bir qızıl sikkə də var ki, I Şah İsmayılın adından Təbriz şəhərində kəsilib. Bu qızıl pul “Əşrəfi” adlanır, çəkisi 3,5 qramdır. Şah İsmayıldan sonra pul kəsilməsi ənənəsi onun varisləri tərəfindən davam etdirilirdi. Yeri gəlmişkən, o vaxtın Azərbaycan pulları, Azərbaycan şahlığının nəzarətində olan digər ölkələrdə, məsələn, Gürcüstanda da işləyirdi. Elə indi də Gürcüstan tarixi muzeyində orta əsrlərin pulları sırasında Azərbaycan dövlətinin pulları üstünlük təşkil edir.

Sovet Azərbaycanının sovet pulları

Azərbaycanda sovet hökuməti qurulandan sonra 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından yeni pullar buraxılmışdı. Bunlar 5, 100 və 1 000 rublluq əskinaslar idi. 1921-ci ildə pulların dizaynı və məbləğləri dəyişdi - tədavülə 5 000, 10 000, 25 000 və 50 000 manatlıq əskinaslar buraxıldı.

1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində pullar dəyərdən düşməyə başladı və yeni, daha böyük nominallı əskinaslar buraxıldı.  Bunlar 100 000, 250 000 və 1 000 000 manatlıq əskinaslar idi. 1923-cü ilin əvvəlində isə 5 milyon manatlıq buraxıldı. Bu pulların üzərində dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdi. Bütün əskinaslarda dövlət atributlarının elementləri - “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilirdi.

10 milyardrublluq əskinas

1923-1924-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) pulları buraxıldı. Bunlar 5 min manatdan başlayaraq 1 milyona, daha sonra 10 milyon manata çatan əskinaslar idi. 1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən iqtisadi böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində tədavülə 25, 50, 75, 100, 250 milyonluqlar, hətta 1 milyard rublluq əskinaslar buraxıldı. Eləcə də tarixdə ilk dəfə olaraq 10 milyard rublluq əskinas da buraxıldı.

“Manatdan başqası qadağandır”...

Amma həmin vaxt manatla paralel olaraq dövriyyədə sovet rublları da vardı və 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat=10 rubl nisbəti ilə istifadə edilirdi.

Ümummilli Liderin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 11 dekabr 1993-cü il tarixli Fərmanı ilə 1994-cü ildən etibarən manat dövriyyədə yeganə ödəniş vasitəsi oldu. Bununla da Azərbaycan Mərkəzi Bankı müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verdi.

Sonradan ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın qarşılanması üçün 1994-cü ildə 10 000 manatlıq, 1996-cı ildə isə 50 000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

Ən yeni milli pul - AZN

AZN nişanı ilə tanınan köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər dövriyyədə oldu. Onları Azərbaycanın yeni dövrünün simvolu olan və AZN-lə ifadə olunan yeni manatlar əvəzlədi.

2005-ci ilin fevralında Prezident İlham Əliyev Azərbaycanda pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi, yəni denominasiyası haqqında fərman imzaladı. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə manata (AZM) bərabər tutuldu.

Qeyd etmək yerinə düşər ki, həmin vaxt Azərbaycanda 1 dollar 4800 manat idi. Amma denominasiya nəticəsində 1 AZN dollardan da bahalı bir valyutaya çevrildi. Həmin vaxt dövriyyəyə 1, 5, 10, 20, 50, 100 manatlıqlar və 1, 3, 5, 10, 20, 50 qəpikliklər buraxıldı.

Demokratik Respublikanın fransız pulları

Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk müstəqil pulları 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıqlar idi. Əskinasın üz tərəfində “Cümhuriyyət”, arxa tərəfində isə rus dilində “Azerbaydjanska Respublika” ifadələri yazılmışdı. Həmçinin əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib. Həmin vaxt pullar adı Azərbaycan dilində manatla, rusca isə rubl ilə verilirdi. Məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşmiş əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Bununla yanaşı, AXC-nin beynəlxalq miqyasda tanınması üçün Cümhuriyyət 500 manatlıq əskinasların üzərində respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

“Şirvanşahlar” və “Mömünə Xatun türbəsi”

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10 000 manatlığın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, 1996-cı ildə buraxılan 50 000 manatlığın üzərində isə Naxçıvandakı “Mömünə Xatun türbəsi”nin əksi vardı.

2001-ci ildə Azərbaycanda 1000 manatlığın fərqli dizaynda yeni versiyası buraxıldı. “De La Rue” şirkətinin çap etdiyi əskinas Azərbaycan neftinə həsr edilmişdi.

Ümumilikdə, 1992-2005-ci illər ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə Azərbaycan Milli Bankı tərəfindən 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas dövriyyəyə buraxılıb.

Müstəqillikdən sonrakı manat

Azərbaycanlılar əsl milli manatı bir də XX əsrin sonunda - müstəqillik əldə etdikdən sonra gördülər. Hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman ilk dəfə dövriyyəyə 1 və 10 manatlıqlar, eləcə də o vaxtın məzənnəsi ilə böyük sərvət sayılan 250 manatlıqlar buraxıldı.

Onlarla yanaşı, 1992-ci ilin noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Həmin pullar Azərbaycan hökumətinin sifarişi ilə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi. 500 manatlığın Nizami Gəncəvinin, 1000 manatlığın üzərində isə Məhəmməd Əmin Rəsulzadənin şəkli vardı.

Manatın dizayneri avronun müəllifi oldu

Azərbaycanın yeni əskinas və sikkələri vahid konsepsiya əsasında hazırlanmışdı. Bunun üçün elan edilən müsabiqədə Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun dizaynının müəllifi Robert Kalinanın hazırladığı eskizlər qalib seçilib. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

AZM və AZN-in 1 il ərzində - 2006-cı ildə birlikdə dövriyyədə oldu, 2007-ci il yanvarın 1-dən isə tam şəkildə yeni manata keçid edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı.

Paylaş:
Baxılıb: 2162 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31