Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hidayətin “Burdan min atlı keçdi” kitabından

Hidayətin “Burdan min atlı keçdi” kitabından

17.08.2023 [10:10]

Sabir Əsədov

(1927-2002)

Mətbəənin direktoru ilə uzun telefon söhbətlərim oldu, gördüm son dərəcə laqeyddir, törədilmiş müsibətlər, cinayətlər onu qətiyyən narahat etmir və onu başa salmağa vaxt itirmək səmərə verməyəcək (vəfat etdiyi üçün adını çəkmirəm). Aşağılarda, lap Dövlət Komitəsinin özündə müzakirələr aparmaq məsələnin həllinə hətta zərər də verə bilərdi. Ona görə də yuxarıdan başlamaq qərarına gəldim. Mərkəzi Komitənin ideologiya üzrə katibinə müraciət etdim. Düşündüm: əgər məsələ Birinciyə çatıbsa, yaxud çatacaqsa-ideologiya üzrə katibdən soruşacaq.

Saata baxdım: günortadan xeyli keçmişdi, fikirləşdim: hər halda nə qədər tez zəng çalsam o qədər yaxşıdır, yəqin bir neçə gün sonra qəbul edəcək.

Telefonu katibin köməkçisi, gənc yazıçı Kamran Nəzirli qaldırdı. Xahişimi çatdırdım. Dedi: “Məruzə edəcəyəm və nəticəsini sizə bildirəcəyəm”. Bir saat sonra Kamranın zəngi gəldi: “Sabah saat 2-də Sizi gözləyirik”. Belə tez vaxtda baş tutacaq qəbul, şübhəsiz, mənə olan diqqətin göstəricisiydi.

Fazil Muradəliyev yenicə katib seçilmişdi, mən onu tanımırdım, əvvəllər nə ilə məşğul olduğunu da bilmirdim.

- Bilirsiniz, bu kresloda Sizədək oturmuş şəxslərə heç vaxt müraciət etməmişəm, onlara laqeyd olmuşam, indi vacib iş düşdü, müraciət etməli oldum, həm də təzə seçilibsiniz, baş tutsa, sizinlə əməkdaşlıq edərəm. - Katib, şübhəsiz, belə başlanğıc-müraciət gözləmirdi.

Amma gülümsədi.

-Görüşümüzə məmnunam. Sizi yaxşı tanıyıram, - sonra haqqımda xoş sözlər dedi.  

“Didərginlər” -1918-20; 1948-52; 1988-89” kitabını ona təqdim edərək məlumat verməyə başladım:

- Burdakılar tarixi faktlardır, heç nə artırılmayıb, bildiklərimizdən heç nə kəsilməyib.  Toplunun müəllifləri tarixçilər, yazıçılar, jurnalistlər, ümumiyyətlə, fikir sahibləridir.  Şahidlərin gördüklərinə və dediklərinə de yer ayrılıb.

Mən geniş danışdım və danışdıqca katib kitabı əvvəldan-axıracan vərəqlədi, dəhşətləri əks etdirən şəkillərə dönə-dönə nəzər saldı, “Kitabın içindəkilər”ə diqqətlə baxdı.  

-Belə kitablar abidədir,-dedi.

Daha demədim: “Tirajı vermirlər...”  Özü də ona müraciətimin səbəbini soruşmadı.

Bircə onu dedi:

Kitab bizə gəlmişdi, - yəqin siqnal nüsxəsini nəzərdə tuturdu,-amma o, bir az başqa cür idi.

- Sizə gələn nüsxə yumşaq cilddə olub.  Xaricdən gələn qonaqlar üçün çox məhdud sayda nüsxə qalın cilddə hazırlamışdıq. Bədii tərtibatında da dəyişiklik var.  

- Bu şeir də yaxşıdır,-kitabın cildinin dördüncü səhifəsində mənim “Didərginlər” şeirimdən bir bənd verilmişdi:

“Düşmənim dayanıb düşmən dalında,

Bu daş hansı dağdan qopub, sürüşüb.

Bizim bu günlərin qalmaqalında

Haqq, ədalət özü didərgin düşüb!”

Sonra kitabı stolun üstünə qoydu.  Deməli, məsələ həll oldu.

Sizdən bir xahişim var,-dedi,-Mərkəzi Komitənin Azərbaycan folkloru ilə bağlı qərarı hazırlanır. Qərar layihəsinə baxıb fikir bildirməyinizi xahiş edirəm.  

- Məmnuniyyətlə, -cavab verdim.  

Qərar layihəsini elə oradaca mənə təqdim etdilər (İki gün üzərində işləyib, xeyli düzəlişlər və əlavələrlə geri qaytardım. Yeri gəlmişkən, Mərkəzi Komitənin qərarını qəzetdə oxuyanda gördüm ki, tamamilə mən verdiyim variant qəbul edilib).

Katiblə ayrılandan sonra əmin oldum: məsələ Birinciyə çatmayıb. Əgər bundan sonra çatacaqsa, o da ideologiya üzrə katiblə danışacaq.  Katibə də çatmamışdı, çatmışdısa, heç nə hiss etdirmədi.

Kabinetə gələn kimi mətbəənin direktoru ilə bir də danışdım, bu dəfə daha qətiyyətli, gördüm yenə onu başa salmaq olmur. Dövlət Mətbuat Komitəsinin sədri Rəşid Mahmudova telefon açdım, azı yarım saat söhbətimiz oldu.  Ona açıq söylədim: “Əgər ehtiyac varsa, mən Mərkəzi Komitəyə müraciət edim”.  Rəşid müəllim hərdən mənə dedi: “Bir gün səni də işdən çıxaracaqlar, məni də. Sən cavansan, getsən, sonra yenə qayıdacaqsan, mən getsəm - daha qayıtmayacağam.  Fars mahnısı var, yəqin dinləmisən - “rəftəm ki, rəftəm”, yəni “getdim ta, getdim”.  Mən deyərdim: “Rəşid müəllim, nə problem qaldırsalar mənim üstümə qoyun, mən baş redaktoram, tematik plana, buraxılan kitablara məsul mənəm.  Məqamı gəlsə, mən gedəcəyəm”. Bu dəfə də həmin sözləri təkrarladı, axırda: “Sizlə bacarmaq olmur”- söylədi.

“Didərginlər -1918-20; 1948-52; 1988-89”-un tirajının buraxılmasına start verildi.  Kitabın tirajının buraxılmasında Fazil Muradəliyevin obyektivliyini, ziyalı mövqeyini indi də xoş təəssüratla xatırlayıram.

Oxucu düşünə bilər: bu böyük epizodun Sabir Əsədovdan bəhs edən oçerklə bağlılığı nədir?

Əvvəla, o dövrün həqiqətlərini əks etdirəndə üzləşilən gözlənilən, gözlənilməz problemlər, ikincisi, ən əsası, ən başlıcası isə Sabir müəllim o kitabın nəşri ilə bağlı narahatlıqları gözümün önündən getmir.  Elə bil öz kitabıydı, həftədə azı bir dəfə yanıma gələrdi, hər gün zəng çalardı.  Kitabın tirajı buraxılanda, ən yüksək tirajla çap olunan toplu mağazalarda qeyri-adi sürətlə satılanda Sabir müəllimin sevincinin həddi-hüdudu yox idi.  

“Didərginlər -1918-20; 1948-52; 1988-89” sonralar “Bejenüı” adıyla rus dilində böyük tirajla nəşr edildi və dünyaya yayıldı.  

“Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası”nın nəşri müstəqillik çağlarına düşdü. Erməni təcavüzü ilə bağlı siyasi senzura demək olar, yox idi, amma texniki problemlər artmışdı. Sabir müəllim kitabının nəşri ilə bağlı texniki məsələlərin həlli üçün çox səylə, canıdildən çalışırdı. Kitab 1992-ci ildə çap olundu.

Sonralar (1999-cu il) “Mif o “Velikoy Armenii”, “Filosofiə revanşizma ili armənskaə krovojadnostğ” (2001) İsrafil Məmmədovla birlikdə yazdığı “Terrorizm: priçina i sledstvie” (2001) və başqa əsərləri nəşr olundu.

Sabir Əsədov 1967-ci ildə Bakıya köçəndən sonra “Azərbaycan Sovet Ensiklopediyası”nda siyasi ədəbiyyat redaksiyasının müdiri kimi, sonralar Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda fəlsəfə elmləri namizədi- dosent kimi uzun illər səmərəli fəaliyyət göstərdi. Doktorluq dissertasiyası müdafiə eləməyə, professor olmağa tələsmirdi, o barədə demək olar, düşünmürdü. Mən neçə dəfə onunla o haqda geniş danışdım. Axırda son vaxtlar çıxan kitablarından biri müdafiəyə təqdim olundu, çox qısa vaxtda müdafiə etdi, az zaman içində elmlər doktoru, professor oldu.

Özünü bütünlüklə elmə, maarifə həsr etmiş adam idi, fəaliyyəti üçün sanki kitab yazmaqdan, mühazirə oxumaqdan başqa heç nə görmürdü, ya da görmək istəmirdi.

Bir epizodu xatırlamaq burada yerinə düşər.

1992-ci ilin sonları idi. Prezident Əbülfəz Elçibəy mənə tapşırdı ki, Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə namizəd verim. Mən çox düşünüb-daşınandan sonra Sabir Əsədovun üstündə dayandım: çünki problemi dərindən bilir, işgüzardır, dövlətçiliyə sədaqətlidir, prinsipialdır və i.a. Dəvət etdim, mətləbi açdım, təklif üçün təşəkkürünü bildirdi, o posta gəlməyə isə qəti etiraz etdi. “Mən elmdə, kitablar içində qalmaq istəyirəm”-dedi.

Məlumdur: nazir postundan hər adam imtina etməz.

Ömrünün sonunacan seçdiyi yola, elmə və kitablara sadiq qaldı.

Onun yeri mənimçün həmişə görünür. Bu günün özündə də elə məqamlar olur, elə məsələlər meydana çıxır məni elə düşüncələr narahat edir ki... Düşünürəm: “Sabir müəllim sağ olsaydı, ürəyimi ona boşaldardım”.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31