Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qərb bəyan etdiyi prinsiplərə qarşı...

Qərb bəyan etdiyi prinsiplərə qarşı...

25.10.2024 [09:58]

Gürcüstanda keçiriləcək parlament seçkilərinə təsir cəhdləri

Oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. 2017-ci ildə ölkə Konstitusiyasına edilmiş əlavə və yeniliklərdən sonra ilk dəfə parlament 5 faizlik baryer ilə müəyyənləşəcək. 2020-ci ildə olduğu kimi, bu seçkilərdə də 25 faizlik gender kvotası gözləniləcək. Bu tələbə görə, siyasi partiyalar öz partiya siyahılarına hər dördüncü yerdə qadınları daxil etməlidirlər.

3 milyon 508 min 294 seçici 3111 məntəqədə səs verəcək...

Bu arada Gürcüstanın seçki administrasiyası vahid seçici siyahısı üzərində işləri başa çatdırıb. Seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Məlumata görə, 3 milyon 113 min 747 seçici elektron texnologiyalardan istifadə etməklə seçkilərdə iştirak edəcək. Bu il ilk dəfə olaraq 135 min 922 gənc seçkilərdə iştirak etmək imkanı qazanıb. 64 min 238 seçici köçürmə qutusu üçün seçki idarəsinə müraciət edib. Ümumilikdə 3111 seçki məntəqəsi seçicilərə xidmət göstərəcək. Seçki ilə bağlı 3044 məntəqə formalaşdırılıb ki, onun da 13-ü müstəsna hallar üçün nəzərdə tutulub. 12 məntəqə penitensiar müəssisələrdə, 1 məntəqə isə psixi sağlamlıq mərkəzində formalaşdırılb. Xaricdə isə 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb.

Qərb “razılaşmır”...

Seçkilərə cəmi bir gün qalsa da, siyasi gərginliklər səngimək bilmir. Xüsusilə, Qərbin nəzarətində olan bəzi siyasi qüvvələrin, vətəndaş cəmiyyəti subyektlərinin seçki prosesini sabotaj etmək cəhdləri müşahidə olunmaqdadır. Siyasi ekspertlər seçkilər öncəsi Qərbin davranışlarını adekvat saymır. Xüsusilə, təzyiq formasına və ritorikasına əsaslanan davranışlar azad seçki prinsipləri ilə üst-üstə düşmür. Qərb açıq şəkildə seçkilərə təsir göstərməyə çalışır.

Ümumiyyətlə, Gürcüstanda son zamanlarda baş verənlər birmənalı qarşılanmır - bir zamanlar Qərbin təsirinin daha çox hiss olunduğu ölkədə son dövrlərdə proses fərqli istiqamət alıb - özünün milli maraqlarını ön plana çıxaran Gürüstan hökuməti ölkədə xarici təsirləri azaltmaq üçün ciddi fəaliyyətə keçib. “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunların imzalanması, Qərbin çaxnaşma yaratmaq cəhdinin qarşısının alınması kimi addımlar göstərir ki, Gürcüstan hakimiyyəti özünün müstəqil siyasi xəttini formalaşdırmağa çalışır. Bu isə təbii ki, Qərbi qıcıqlandırır - parlament seçkisi öncəsi ölkədə belə bir ab-havanın hakim kəsilməsi Qərbin planları ilə uyğun gəlmir.  Təsadüfi deyil ki, ABŞ və Avropa son bir neçə ayda Gürcüstana qarşı demək olar ki, bütün mümkün sanksiyaları tətbiq etməkdən çəkinməyib. Vaşinqton Gürcüstana maliyyə yardımı proqramını, Avropa İttifaqı isə Gürcüstan Müdafiə Nazirliyinin maliyyələşdirilməsini dayandırıb. Eyni zamanda, qanun layihəsinin müəlliflərinin ABŞ-a girişi məhdudlaşdırılıb. Paralel olaraq Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejiminin də ləğvi aktuallıq daşıyır.

Yaranan mənzərə isə Qərbin bəyan etdiyi azad seçki, insan hüquqlarüı prinsipləri ilə üst-üstə düşmür. Bu daha çox seçkinin nəticələrinə və vətəndaşların seçiminə təsir etmək kimi anlaşılır.

Ramil İskəndərli: Qərbin mövqeyi qəbulolunmazdır

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli son dövrlərdə Qərbin bütövlükdə Cənubi Qafqaz regionuna münasibətdə fərqli standartlar yürütdüyünün müşahidə olunduğunu bildirib. Gürcüstanda oktyabrın 26-da baş tutacaq parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün Qərbin apardığı təbliğatlar, hazırlıqlar isə düşündürücüdür: “Bütün ölkələrdə olduğu kimi, Gürcütanda da parlament seçkilərinin nəticələrini ölkə vətəndaşlarının mövqeyi müəyyənləşdirir. Qərbin bu məsələdə tutduğu mövqe isə anlaşılan deyil. Hələ may ayından etibarən Qərb dairələrinin Gürcüstanın daxili işlərinə qarışmaq cəhdlərinin şahidi olmuşuq. Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ətrafında yaradılan süni ajiotaj bunu təsdiqləyir. Həmin vaxt Qərb bu qanuna qarşı küçə etirazları təşkil edir, hətta bəzi dövlətlərin rəsmi şəxsləri belə həmin aksiyalarda iştirak edirdilər. Bir sözlə, açıq təzyiq və təsir kampaniyası aparılırdı. Proses inkişaf etdikcə və parlament seçkiləri yaxınlaşdıqca bu təzyiqlərin təsiri daha çox hiss olunmağa başladı. ABŞ tərəfindən Gürcüstana tətbiq olunan bəzi sanksiyalar və qadağalar, Aİ-nin fərqli maliyyə axınlarını dayandırması birbaşa seçkiqabağı proseslərlə əlaqədardır. Onlar bu qanunun qəbulunu əllərində əsas tutaraq hətta deyərdim ki, Gürcüstana qarşı sabotaj həyata keçirir, vətəndaşların azad seçim etməsinə təsir göstərmək istəyirlər. Bu, yolverilməzdir. Başqa vaxt azad seçkidən, mövqenin azad ifadə edilməsindən bəhs edən Qərbin Gürcüstana nəzərən tutduğu mövqe qəbulolunmazdır”.

Gürcüstan vətəndaşları öz azad seçimlərini edəcəklər

MQF İdarə Heyətinin sədri qeyd edib ki, Qərb bu məsələdə hər zaman olduğu kimi, ona bağlı olan “yumşaq güc vasitələrindən” - bəzi vətəndaş cəmiyyəti subyektlərindən də istifadə etməyə çalışır. “Həmin “vətəndaş cəmiyyəti strukturlarının” maliyyə mənbələrini araşdırdıqda hər şey ortaya çıxır. Bu mənbələr arasında hər kəsə tanış olan fondlar və mərkəzlər yer alır. Hansı ki, həmin fondlar fərqli ölkələrdə “insan hüquqları” adı altında fərqli siyasi oyunlar oynayırlar. Hətta başqa-başqa ölkələrdə bu fondların nəzarətində olan siyasətçilər, QHT nümayəndələri də Gürcüstan seçkilərinə münasibətdə Qərbin tezislərini təkrarlayırlar. Özlərinə yaxın media strukturlarında vətəndaşların mövqeyinə təsir etmək üçün ictimai rəyi manipulyasiya etmək istəyirlər. Bir sözlə, mərkəzləşdirilmiş şəkildə iş aparılır. Amma Gürcüstan cəmiyyəti reallığı görür və dəyərləndirir. Qərbin yalnız öz maraqlarından çıxış etməsi reallığı bütün konturları ilə ortadadır. Bu tək Gürcüstana münasibətdə özünü əks etdirmir - bütövlükdə regiona nəzərən, Qərb eyni mövqedən çıxış edir. Gürcüstanın müstəqil, suveren hüquqlu bir dövlət olması Qərbin maraqları ilə uzlaşmır. Nəticə etibarı ilə, yuxarıda bəhs etdiyimiz qanun layihəsinə qarşı etirazlar da bundan qaynaqlanır. Qərb anlayır ki, onun bütün kartları açılıb və qeyri-adekvat niyyəti tam şəkildə ifşa olunub. Qərbin müdaxiləsi ilə davranan ölkələrə nəzər salsaq, oradakı vəziyyət bütün suallara cavab verir - məsələn, Ukraynanı silahlandırmaqla və müharibəyə təhrik etməklə yaradılan mənzərə göz önündədir. Eynilə Ermənistanı silahlandırmaqla sülhü ləngitmək, yeni müharibə təhdidi yaratmaq niyyəti bütün detalları ilə ortadadır. Beləliklə, Qərb nəinki Cənubi Qafqazda, bütövlükdə post-sovet regionunda sabitləşdirici deyil, təhrikçi qismdə çıxış edir”, -deyən R. İskəndərli əlavə edib ki, Gürcüstan cəmiyyəti ictimai sektorda şəffaflığın daha da artırılması üçün atılan addımları dəstəkləyir: “Bir neçə gün öncə Tbilisidə “Gürcüstan və Azərbaycanda QHT-lərin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” adlı tədbir keçirildi. Həmin tədbirdə öz fikirlərimizi bölüşdük. Eyni zamanda, gürcüstanlı həmkarlarımızın Qərbin Gürcüstanı qarışdırmaq niyyətinin fərqli aspektlərdən arqumentlərini dinlədik. Fikrimcə, Qərb öz niyyətinə çata bilməyəcək və Gürcüstan vətəndaşları öz azad seçimlərini edəcəklər, milli maraqlarının qorunması üçün lazımi addımları atacaqlar”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30